SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “SEA BREEZE”DƏKI DAVANI ARAŞDIRAN MÜSTƏNTIQIN ÖZÜNÜ DƏ MƏHKƏMƏDƏ DINDIRƏCƏKLƏR

“SEA BREEZE”DƏKI DAVANI ARAŞDIRAN MÜSTƏNTIQIN ÖZÜNÜ DƏ MƏHKƏMƏDƏ DINDIRƏCƏKLƏR

Tarix:

9-12-2023, 13:00

/ 286 dəfə oxundu.
“SEA BREEZE”DƏKI DAVANI ARAŞDIRAN MÜSTƏNTIQIN ÖZÜNÜ DƏ MƏHKƏMƏDƏ DINDIRƏCƏKLƏR



Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir.

İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.

Deryaz.az xəbər verir ki, dekabrın 7-də keçirilən prosesdə Elnur Məmmədov iştirak etməyib. Onun vəkili Cavidan Osmanlı bildirib ki, Elnur Məmmədov səhhətində yaranmış problemlərlə əlaqədar prosesə qatıla bilməyib.

Əvvəlki proseslərdə digər təqsirləndirilən şəxslərin sərbəst ifadə verdiklərini elan edən hakim yeniyetmə Murad Əhmədlini kürsüyə dəvət etdi. Dedi ki, qanuna görə yetkinlik yaşına çatmayanlar valideynlərindən birinin iştirakı ilə sərbəst ifadə verə, dindirilə bilərlər. Murad Əhmədli atasının iştirakı ilə sərbəst ifadə verdi. Onun sözlərinə görə 2023-cü il iyunun 11-də qohumu Mikayılla bərabər Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Elgün İsmayılovla bərabər Mərdəkan qəsəbəsində çayxanada olublar. Həmin vaxt Elgün İsmayılova qardaşı Elmir İsmayılov zəng edib. Elmir İsmayılov telefonda qardaşından xahiş edib ki, “Sea Breeze”yə gəlsin, onu xəstəxanaya aparsın. O da çayxanada olan digəriləri ilə birgə “Sea Breeze”yə gəliblər. Orada dayanacaqda Peyman, Elgün, Məhəmməd maşından düşərək gediblər. O da maşını daha rahat yerdə saxlayıb və az müddətdən sonra restoran tərəfə gedib. Orada Peyman Vəlizadənin başından qan axdığını görüb. Peymanın başını su ilə yuyub. Sonra da Məhəmməd Həsənzadə gəlib. O da gələndən sonra “Sea Breeze”dən çıxıb gediblər.

Murad Əhmədli sərbəst ifadəsini bitirəndən sonra prokuror Amin Şəkərəliyevin suallarını cavablandırdı. Dedi ki, o, “Sea Breeze”də Elmir İsmayılovu, Peyman Vəlizadəni, Məhəmməd Həsənzadəni, Elgün İsmayılovu kimlərin döydüyünü görməyib. Bundan başqa Elnur Məmmədovu, onun dostu Cavad Muradovu da orada görməyib.

Sərbəst ifadəsindən sonra prokuror Amin Şəkərəliyev ona bir neçə sual verdi. Murad Əhmədli prokurorun suallarını cavablandırarkən dedi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləmir. O, valideyninin iştirakı olmadan, ona təzyiq göstərməklə, üstünə qışqırmaqla ifadə alındığını dedi. Onun sözlərinə görə iki gecə, üç gün istintaqda saxlanılıb, müstəntiq ona evə gedəcəyini deməklə aldadaraq ifadəyə qol çəkdirib. Bundan sonra isə onu “İVS”ə (müvəqqəti saxlama təcridxanasına-E.M) aparıblar.

Murad Əhmədli Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucovun da suallarını cavablandırdı. Dedi ki, onlar Mərdəkan qəsəbəsindən “Sea Breeze”yə dava deyil, Elmir İsmayılovu oradan götürərək xəstəxanaya aparmaq niyyəti ilə gəliblər. O, orada Məhəmməd Həsənzadənin kiminləsə dava etdiyini görməyib.

Digər vəkilin sualını cavablandıran Murad Əhmədli bildirib ki, atasının iştirakı olmadan onu dindiriblər, həmin vaxt müstəntiq onun üstünə qışqırıb deyə psixoloji durumu çox pis olub.

Hakim bildirib ki, Murad Əhmədli ibtidai istintaqa verdiyi ifadəsini birmənalı şəkildə təkzib etdiyindən onu ibtidai istintaqa verdiyi ifadəni elan etmək zərurəti yaranıb. Buna görə də ifadəni elan etdi. Həmin ifadə məhkəmə istintaqında verilən ifadə ilə diametral ziddiyyət təşkil edir.

İfadə elan olunandan sonra prokuror Murad Əhmədliyə bir neçə sual verdi. O, dindirmə zamanı tək olduğunu, müstəntiqin üstünə qışqırdığını, bu zaman qorxub səhv ifadə verdiyini söylədi. Murad Əhmədli Elnur Məmmədovu görmədiyini, onun qolundan yumruqla vurmadığını, Cavadın Peymanı vurmasını görmədiyini, Məhəmmədi kimin vurduğunu da görmədiyini deməklə ibtidai istintaqa verdiyi ifadəsini tamamilə təkzib etdi. Prokuror Murad Əhmədliyə xatırlatdı ki, ifadənin altına öz xətti ilə imza atıb. Müstəntiq “bura qol çək, evə gedirsən” demişdi deyə ifadəyə qol çəkdiyini söylədi. Lakin evə buraxılmadığını, “İVS”-ə aparıldığını prokurora dedi.

Vəkillərin də suallarını cavablandıran Murad Əhmədli ibtidai istintaqa verdiyi ifadəni təkzib etdi, belə ifadə vermədiyini dedi.

Murad Əhmədli Cavad Muradovun sualına cavab olaraq onu “Sea Breeze”də görmədiyini dedi.

Bundan sonra hakim iş materiallarına əlavə edilmiş sənədləri elan elədi. Prokuror isə Baş Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyevin və Ceyhun müəllimin məhkəməyə çağırılaraq dindirilməsinə dair vəsatətlə çıxış etdi.

Vəsatət müzakirə olunarkən prokuror vəkillər müstəntiqin məhkəməyə çağırılaraq dindirilməsinin qəti əleyhinə olduğunu bildirdi.

Prokurorun vəsatətinin prosessual qanunvericiliyin tələbinə uyğun olmadığını bildirməklə müstəntiq məhkəmədə dindirilməsinin əsassız və qanunsuz olduğunu söylədi, vəsatətin təmin edilməməsini xahiş etdi.

Vəkillər hakimin diqqətinə çatdırdılar ki, Murad Əhmədlini müstəntiq Əlibala Hacıyev deyil, Ceyhun adlı müstəntq dindirib.

Bundan sonra hakim Məhəmməd Həsənzadənin telefon-anten məlumatları ilə bağlı araşdırmanın başlandığını elan etdi. Prokuror Amin Şəkərəliyev araşdırma sənədlərində yer alan telefon nömrəsinin Məhəmməd Həsənzadənin olmasına şübhə etdiyini dedi. Vəkil Vüsal Orucov prokurorun diqqətinə çatıdırdı ki, şübhə varsa, şübhənin aradan qaldırılması ittiham tərəfinin üzərinə düşür. Telefon-anten məlumatlarından açıq-aşkar görünür ki, Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda “Sea Breeze”də deyil, Mərdəkanda qəsəbəsində olub.

Vəkil Abbas Kərimbəyli prokurorun şübhələrinə reaksiya verərkən dedi ki, “Sea Breeze”də hadisə baş verərkən Məhəmməd Həsənzadənin telefonu anten məlumatlarına əsasən Mərdəkan qəsəbəsində olub. Bu isə özlüyündə ittihamın təkzib edilməsidir və təqsirləndirilən şəxslərə bəraət hökmü çıxarılması üçün əsasdır. Digər vəkillər də telefon-anten məlumatlarının mötəbərliyinə şübhələrin olmadığını bildirdilər.

Məhəmməd Həsənzadənin atası da bildirdi ki, prokurorun şübhəsi varsa, Məhəmmədlə onun və ailə üzvlərinin sms yazışmalarını, müxtəlif vaxtlarda danışıqlarını araşdıra bilər.

Hakim prokurora telefon-anten məlumatları ilə bağlı vəsatət verməyə şərait yaratdı. Amin Şəkərəliyev telefon nömrəsi ilə bağlı vəsatətinin olmadığını, araşdırma aparılmasını istədi.

Vəkillər isə bildirdilər ki, telefon nömrəsinin Məhəmməd Həsənzadənin istifadəsində olmasına dair hər hansı bir qeyri-müəyyənlik yoxdur deyə belə bir araşdırmaya da ehtiyac yoxdur.

Hakim “Sea Breeze”dəki müşahidə kameralarından götürülmüş videogörüntülərin də araşdırılacağını elan etdi. Sosial şəbəklərdə, cinayət işinin materiallarında şəxslərin qırmızı dairəyə alınmış videosunun olduğunu diqqətə çatdırdı. Proses dekabrın 12-də davam etdiriləcək.

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ