SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Laçının doğma sahiblərinə qayıtmasından 3 il ötür

Laçının doğma sahiblərinə qayıtmasından 3 il ötür

Tarix:

24-11-2023, 13:11

/ 915 dəfə oxundu.
Laçının doğma sahiblərinə qayıtmasından 3 il ötür

Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.
Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Kəlbəcərin, Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
İşğal nəticəsində Laçında 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Laşın rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayir. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılır. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanında işlər başa çatmaq üzrədir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
Bu il də rayonda quruculuq işləri sürətlə davam edib. Laçın rayonunun Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin təməli qoyulub, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, 2 nömrəli tam orta məktəbinin, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı olub, mehmanxana kompleksinin təməli qoyulub. 
Sevindirici haldır ki, bu il ilk dəfə böyük təntənə ilə “Laçın Şəhəri Günü” keçirilib, ölkəmizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu şənliklərdə iştirak ediblər.
Rayonda həyata keçirilən işlər, aparılan tikinti-bərpa işlərinin gedişatı artıq Laçınlıların öz doğma şəhərinə qayıdışına imkan verib. 2023-cü ilin noyabr ayına kimi Laçın şəhərinə 1326 nəfər sayında 346 ailə, Zabux kəndinə isə ümumilikdə  475 nəfər olmaqla 121 ailə köçürülüb, bu ailələr yeni mənzillərlə təmin olunublar. Işlər davam edir.

Aysel Mənsimova - politoloq

Şərhlər

XƏBƏR LENTİ