SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bütün Azərbaycanın Abşeron yarımadasına DOLUŞMASI... - BELƏ HARA GEDİRİK?

Bütün Azərbaycanın Abşeron yarımadasına DOLUŞMASI... - BELƏ HARA GEDİRİK?

Tarix:

6-11-2023, 13:38

/ 290 dəfə oxundu.
Bütün Azərbaycanın Abşeron yarımadasına DOLUŞMASI... - BELƏ HARA GEDİRİK?

“Rayonda aldığımız maaş dolanışığa çatmırdı. Yoldaşımla ikimiz də işləyirdik, amma qazancımız aylıq xərcləri qarşılamağa yetmirdi. 3 uşağımız var. Hərəsinin bir problemi, xərci… Nə qədər çalışsaq da problemləri həll edə bilmirdik. Ona görə də, ailəliklə Bakıya köçmək qərarına gəldik. Artıq 3 ildir burada yaşayırıq. Gələn kimi ikimiz də işə düzələ bildik. Yoldaşım 700, mən də 400 manat maaş alıram. Elə bildik, hər şey düzəldi. Amma hər ay 300 manat kirayə pulu veririk. Şirvanda öz evimiz var, amma Bakıda kirayə qalmağa məcburuq. Üstəlik, burada hər şey bahadır. Yol puluna, yemək puluna hər ay nə qədər xərcimiz çıxır. Yəni, qazancımız xərcimizi ödəmir. Yenə eyni problemlə üzləşmişik. Bilmirik nə edək, necə edək ki, normal yaşaya bilək. Şirvanda öz evim olduğu halda, gəlib Bakıda kirayə qalıram. Varlıq içində yoxluqdan əziyyət çəkirik. Burada öz evimiz olsaydı, bəlkə hər şey daha yaxşı ola bilərdi. Bu da hazırkı imkanlarımızla mümkün deyil. Ona görə, öz evimizə qayıtmaq barədə də düşünürük. Amma uşaqlar da böyüyüb, burada oxuyurlar. Öz çevrələri, dostları olduğu üçün getmək istəmirlər. Paytaxtın təhsili də kəndin təhsilindən yüksəkdir. Uşaqlarımızın gələcəyi ilə də oynamaq istəmirik. Qalmışıq iki od arasında. Çətin də olsa, yaşamağa çalışırıq. Bizdən sonra qonşularımın da çoxu Bakıya köçüb. Deyəsən, getdikcə kənd camaatının hamısı imkansızlıqdan Bakıya köçəcək. Rayonda normal iş yeri, əməkhaqqı olsaydı, bütün bunları yaşamağa məcbur qalmazdıq…”

Yoxsulluqdan əziyyət çəkən Səadət Quliyeva yaşadığı kənddə iş yerlərinin azlığından, əməkhaqqının aşağı olmasından, Bakıda isə bahalıqdan gileylənir.

Son illərdə kəndlərdən şəhərlərə kütləvi köç başlayıb. Nəticədə, şəhər hədsiz yüklənib, sıxlıq artıb, yaşıllıqlar məhv edilir, yerinə yaşayış yerləri tikilir, kəndlərimiz isə boşalır, kənd təsərrüfatı məhv olur, nəticədə ölkədə kənd təsərrüfatı mallarının bahalaşması baş verir. Kənddən şəhərə köçün yaratdığı bir çox problemləri sadalamaq olar.

Vətəndaşlar böyük köçün əsasında işsizliyin durduğunu deyirlər. Bəs “gündən günə çiçəklənən” ölkəmizdə işsizliyin səbəbi nədir? Niyə rayonlarımızda, kəndlərimizdə işsizlik baş alıb gedir, yerlərdə iş yerləri açılmır?

Rəsmi statistika iddia edir ki, 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Regionlarda qazlaşdırma səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 mlrd. manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyümüş, 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb. Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və ya təmir olunub.

Bəs insanlar niyə işsizlikdən şikayətlənir? Onları bu statistika ilə tanış etdikdə “adı var, özü yox”, “varlıq içində yoxluq”, “görünməz imkanlar” kimi müxtəlif fikirlər səsləndirirlər. Göstəricilərə əsasən insanların işlə təmin olunması üçün dövlət əlindən gələni edir. Ancaq təəssüf ki, işsizlikdən əziyyət çəkənlərin sayı durmadan artır.

Mövzu ilə bağlı müraciət etdiyimiz iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, idarəetmə sistemi düzəlmədikcə işsizlik problemi bitməyəcək.

“Uzun illərdir Azərbaycanda bütün iqtisadi məqsədlərin Bakı və Abşeronda cəmlənməsi rayon və kənd əhalisinin şəhərə axın etməsinə səbəb olur. Regionlarda işsizlik problemi böyükdür. Eyni zamanda, mövcud iş yerlərində də maaşlar çox aşağıdır. Bu isə son 30 ildə Bakıya kütləvi axına səbəb oldu. Amma şəhərə axının digər səbəbləri də var. Regionlarda idarəetmənin uzun illərdir bərbad olması, yəni yerli icra hakimiyyəti orqanlarının özünü “padşah” kimi aparması insanlara çox təsir göstərir. Bakıya nisbətən rayonlarda bu vəziyyət daha pisdir. Digər səbəb mədəni infrastrukturun olmamasıdır. Rayonlarda gənclərə uyğun məşğuliyyət yoxdur. Kino, teatr kimi mədəni tədbirlərin olmadığı üçün işləsələr belə, bir müddət sonra oradakı monoton həyatdan sıxıldıqlarına görə Bakıya gələrək həyatlarına rəng qatacaqlarını düşünürlər. Problemin həlli üçün əsas çıxış yolu idarəetmənin dəyişdirilməsidir. Yerli icra hakimiyyətləri ləğv edilməli, seçkili meriya institutları və bələdiyyə institutlarının idarəsinə keçmək lazımdır. Onlar insanlara daha yaxın olacaq, problemlərini dinləyəcək. Bundan sonra addım-addım iqtisadi və mədəni fürsətlər də yaranacaq”.

Müşahidələr göstərir ki, bəziləri həqiqətən işsizlik ucbatından şəhərə köçsə də, bəziləri hər cür imkanı olduğu halda bu imkanları “şəhərli” olmaq üçün geridə qoyub, şəhərə köçürlər ki, özlərini “müasir” hiss etsinlər. Öz mal-qarasından, əkin sahəsindən, evindən, işindən və s. imtina edən insanlar “müasir” olmaq üçün şəhərdə gəlib kirayə qalmağa, daha aşağı əməkhaqqı və ya işsizlik ilə yaşamağa razı olur. Məhz bu cür insanlara görə şəhərin yüklənməsi, bahalaşma kimi problemlər yaranır. Təbii ki, bu insanlar işsizliyə görə gələnlərin az qismini əhatə edir. Onların əksinə olaraq, həqiqətən məcbur qalıb öz doğma yurdunu istəməyərək tərk edən insanlar heç də az deyil.

Problemin daha bir üzü ali təhsilli insanların regionlarda iş tapa bilməməsi ilə bağlıdır. Bu problem onları şəhərə köməndən sonra da izləyir. İllərlə oxuyub, karyera qurmaq xəyalları ilə ali təhsili başa vurur, amma sonda gedib ya ofisiant, ya da satıcı işləməyə məcbur qalır. Bu problemin qarşısını almaq üçün müvafiq sahələr üzrə iş yerlərinin çoxaldılması, yenicə universiteti bitirmiş şəxslərdən 2-3 illik iş təcrübəsi tələb etmək yerinə, onlara təcrübə keçib, işlə təmin edilmələrinə fürsət yaratmaq lazımdır. Bu, həm region, həm də şəhər sakinləri üçün çox vacibdir. Eləcə də heç təhsili olmayan şəxslər işsizliyə məhkum olmamalıdır. Ali təhsilin olmamağı bacarıqsızlıq deyil. Hər kəsin mütləq ki, bacardığı bir iş var. Məhz onların yaşamaq şansını əlindən almaqdansa, yaşatmağa şans yaratmalıyıq.

Ümid edək ki, indi işsizlikdən əziyyət çəkən insanlar bir gün yaşayış yerini dəyişməyə məcbur qalmadan sevdiyi işə sahib olar. Bu cür problemlərin həlli üçün həm dövlət, həm də özəl sektorlar əlindən gələni etməlidir.

Xalqın güzəranı nə qədər yaxşı olsa, dövlət bir o qədər güclü olar. Dövlətin gücü də xalqın xoşbəxtliyinə yönəlməlidir. Xoşbəxtliyimizin qeydinə qalaq!
Pressklub.az

Şərhlər

XƏBƏR LENTİ