SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Binəqədi məhkəməsinin hakimindən narazılıq VAR

Binəqədi məhkəməsinin hakimindən narazılıq VAR

Tarix:

10-07-2017, 20:00

/ 54 461 dəfə oxundu.
Binəqədi məhkəməsinin hakimindən narazılıq VAR

Azərbaycan SSRİ-nin 70 illik müstəmləkəsindən xilas olub, öz müstəqilliyini bərpa etdikdən sonra Həcc ziyarətinə üz tutanların sayı çoxaldı. Hətta elə insanlar var ki, onlar hər il Həccə getməyi özləri üçün adət halına salıblar. Bu insanlar arasında vəzifəli şəxslər, deputatlar, biznesmenlər daha çoxdur. Çünki maddi imkanları zəif olan vətəndaşların hər il minlərlə manat xərcləyib Həccə getməsi qeyri-mümkündür.

Bütün bunlar öz yerində. Amma bir çox insanlar da var ki, dəfələrlə Həccə getsə də, bu ziyarətin mahiyyətini dərk etmirlər. Çünki onların bu ziyarəti gerçəkləşdirməkdə əsas məqsədi sadəcə “Həci” (Hacı) titulu qazanıb, bu ad altında insanların inamından sui-istifadə etməkdir...

Əlbəttə, bu yazımızda saxta “həci”lərdən bəhs etmək fikrində deyilik. Sadəcə, əlimizdə olan məhkəmə sənədlərində “həci” titulu altında milyonluq fırıldaqlara əl atan şəxslərin qanunsuz əmllərinə aydınlıq gətirəcəyik. Hansı ki, həmin məsələ məhkəmə müstəvisinə çıxarılıb və bu yaxınlarda Ali Məhkəmənin bu haqda müvafiq qərarı da olub. Lakin çox təəssüf ki, bütün məhkəmə instansiyalarında çıxarılan qərarlar sifarişli və qeyri-qanuni olub...

Qeyd edək ki, bu işə ilk olaraq 15 aprel 2016-cı ildə Binəqədi Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi ilə baxılıb. Belə ki, iddiaçı Fərzəli Azad Aydın oğlu məhkəməyə müraciət edərək, cavabdeh Nəsirli Bilal Məmmədəli oğlu ilə aralarında bağlanan “01 may 2012-ci il tarixli müqavilə üzrə yaranmış 450 min ABŞ dolları və cavabdehə borc verdiyi 96 min dolları (cəmi 546 min dollar) məbləğində pulun qaytarılmasını” xahiş edib. Məhkəmə qərarı haqda bir qədər sonra...

Tərəflər arasında tanışlıq

Oxucularımıza məlumat verək ki, məhkəmə sənədlərinə əsasən, cavabdeh Bilal Nəsirli ilə iddiaçı Azad Fərzəli 2009-cu ilin noyabr ayında Həcc ziyarətinə gedərkən yolda tanış olublar. Bakıya qayıtdıqdan sonra bir-birinin kehf-əhvalını soruşmaq üçün qarşılıqlı olaraq telefon əlaqəsi saxlayıb və dəfələrlə görüşüblər. Daha sonra B.Nəsirli Dubay şəhərinə köçüb və ailəsi ilə birlikdə orada yaşamağa başlayıb. 2010-cu ilin yay aylarında o, öz işləri ilə əlaqədar olaraq Bakıya qayıdıb və bu zaman Azad Fərzəli ona zəng açaraq evinə qonaq çağırıb. Bu qonaqlıqdan sonra onlar arasındakı münasibətlər bir qədər də yaxınlaşmağa başlayıb. Həmin vaxt Dubay Əmirliyində turizm şirkəti olan Bilal Nəsirli, əlavə olaraq bu şəhərdə biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamı Zaur Əliyevin biznesinə sərmaya qoyaraq, yaxşı gəlir götürürmüş. Azad Fərzəli isə “Art A” İnşaat şirkətində çalışırmış və B.Nəsirliyə tez-tez işlərinin yaxşı getmədiyini bildirirmiş. 2012-ci ilin əvvəlində isə B.Nəsirlidən xahiş edir ki, Zaur Əliyevlə onu tanış etsin, o da Zaurun Dubaydakı biznesinə sərmayə qoyub, gəlir əldə etmək istəyir. Bilal Nəsirli Dubaya qayıtdıqda Azad Fərzəlinin bu təklifini Z.Əliyevə çatdırır. Onun razılığını aldıqdan sonra A.Fərzəliyə zəng vurub bu haqda məlumat verir. Nəticədə, Azad Fərzəli Zaur Əliyevlə yaxın tanışlığa ehtiyac görmədən 2012-ci il aprelin 28-29-da “Xalqlar Dostluğu” metrosunun yanındakı evini 65 min dollara satıb, 60 min dollarını Dubaya – Zaur Əliyevə göndərir. Xahiş edir ki, həmin vəsaiti sərmayə kimi öz biznesinə yatırsın. Bilal Nəsirli bu işdə heç bir vasitəçilik etməsə də, dindar olduğu üçün Azad Fərzəliyə müqavilə bağlanılmasını təklif edib. Lakin A.Fərzəli ilk öncə buna ehtiyac olmadığını bildirib, sonradan - 01 may 2012-ci ildə ailəsi ilə birlikdə Dubayda olarkən B.Nəsirli müqavilə sənədi hazırlayaraq imzalaması üçün qarşı tərəfə təqdim edib. Azad Fərzəli deyib ki, sonra müqaviləni oxyub imza atacaq. Ancaq həmin vaxt müqavilə sənədi imzalanmamış qalıb.

2012-ci ilin iyul ayında B.Nəsirli Bakıda olarkən A.Fərzəli həmin müqavilənin bir nüsxəsini imzalanmış şəkildə ona təqdim edib. Sözügedən müqavilədə Bilal Nəsirli sadəcə vasitəçi kimi göstərilir və Azad Fərzəli ilə Zaur Əliyev arasında pul alış-verişində onun heç bir şəkildə iştirakı olmur. O vaxta qədər ki...

Hər ay Dubaydan gələn dollarlar...

Bilal Nəsirli ilə Azad Əliyev arasında imzalanan müqavilənin şərtlərinə görə, birinci 16 ay ərzində hər ay ona 2 400 dollar, ümumilikdə 38 400 dollar göndərmişdir. Daha sonra Z.Əliyevin həyata keçirdiyi biznes layihəsi başa çatdığından, B.Nəsirli tərəflər arasında bağlanan müqavilədə üçüncü şəxs kimi iştirak etdiyini nəzərə alıb, Zaurdan 60 min dollar alaraq 16 noyabr 2013-cü ildə Bakı şəhərindəki yaxın dostlarından birinin vasitəsilə Azad Fərzəliyə göndərmişdir. Hansı ki, sonrdan baş tutan məhkəmə prosesində sözügedən dostu iddiaçı A.Fərzəliyə 60 min dollar verdiyini rəsmən təsdiq edib. Buna baxmayaraq, cavabdeh iddia edir ki, Azad Fərzli ilk vaxtlar bəlli olmayan səbəblərdən onunla bağladığı müqaviləni saxtalaşdırmağa cəhd edərək, ondan 540 min dollar tələb edib. Halbuki, bu müqavilə sənədinin üzərində sonradan düzəliş edildiyi açıq-aydın görünür...(FOTO)

Hakimin qərəzli qərarı...

Binəqədi Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərov ortada heç bir sübut olmadan və iddiaçının 450 min ABŞ dolları məbləğində tələbinin açıq-aşkar böhtan xarakteri daşıdığını və qalan 96 min dollarlıq iddianın da əsassız olduğunu bilərək, 15 aprel 2016-cı ildə cavabdeh Bilal Nəsirlidən iddiaçı Fərzəli Azadın xeyrinə manatın məzənnəsi üzrə 60 min dollar pul tutulması haqda qərar çıxarmışdır. Üstəlik, iddiaçı Azad Fərzəlinin məhkəmə prosesləri zamanı bir-birini təkzib edən ifadələr verməsi də hakimin “diqqətindən qaçmışdır”. Odur ki, qarşı tərəf bu qərarın ədalətsiz olduğunu və hakimin müəyyən maraqlar çərçivəsində belə bir qətnamə çıxardığını iddia edir. Elə bu səbəbdən də B.Nəsirli Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verir...

Ən maraqlısı odur ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərov sonradan Bilal Nəsirliyə yaxın şəxslərin biri ilə söhbət edərkən, “Bilala elə bir quyu qazdım ki, heç vaxt ordan çıxa bilməyəcək” – deyə öz qərarının qərəzli olduğunu etiraf edib. Bu haqda növbəti sayımızda oxucularımıza daha ətraflı məlumat verəcəyik.

Ona pul qazandıran şəxsi nə üçün məhkəməyə verdi?

Təbii ki, dəyərli oxucularımızı iddiaçı Azad Fərzəlinin ona pul qazandıran cavabdeh Bilal Nəsirlini nə üçün məhkəməyə verdiyi haqda sual düşündürməyə bilməz. Etiraf edək ki, məhkəmə sənədləri ilə tanış olduqda bizi düşündürən ilk sual da elə bu oldu. Üstəlik, iddiaçının ortada heç bir əsas olmadan cavabdehdən 450 min dollar tələb etməsi faktı da diqqətimizi cəlb etməyə bilməzdi. Axı, 60 min dollara görə müqavilə bağlandığı halda, heç bir sənədsiz-filansız Azad Fərzəlinin təxminən yarım milyon dolları Z.Əliyevin biznesinə qoyması neçə mümkün ola bilərdi? Bir də, 450 min dollar cibdə Dubaya aparılacaq məbləğ deyil ki, A.Fərzəli cavabdehə bu həcmdə vəsait verdiyini iddia etsin! Bu vəsait Dubaya ancaq bank vasitəsilə çatdırıla bilərdi. Bu halda da ortada mütləq qəbz olmalı idi. Yox, əgər bu pul hissə-hissə göndərilibsə, deməli, bu işdə başqa şəxslər də iştirak edib. Çünki Azad Fərzəli həmin dönəmdə Dubaya cəmi 1 dəfə səfər edib. Üstəlik, məhkəmə proseslərində də Azad Fərzəlinin Dubaya 450 min dollar göndərdiyini təsdiq edən bircə şahid olmayıb...

Əlbəttə, Binəqədi Rayon Məhkəməsinin qərarı nə qədər ədalətsiz olsa da, iddianın bu tərfini “əsaslandırmaq” üçün heç bir dəlil tapılmadığı da bəllidir. Əks halda, hakim B.Ələkbərov yəqin ki, B.Nəsirlininin “quyusunu daha dərin qazardı”.

Amma onu da deyə bilərsiniz ki, heç bir əsas olmadan kimdənsə 450 min dollar tələb edən şəxs də ya əqli cəhətdən qüsurlu olmalıdır, ya da ortada bizlərə bəlli olmayan hansısa səbəblər var. Azad Fərzəlinin əqli cəhətdən qüsurlu olduğuna şübhə etmədiyimizdən, biz daha çox ikinci variant üzərində dayanırıq ki, yarım milyonluq iddianın arxasında başqa maraqlar dayanır. Bəs, söhbət hansı maraqlardan gedir?

Bu və digər suallara növbəti sayımızda aydınlıq gətirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ