XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » "Şeyxin qudası 500 nəfəri Həccə göndərməkdənsə, kasıb tələbələrə kömək etməli idi" - Çingiz Qənizadə

"Şeyxin qudası 500 nəfəri Həccə göndərməkdənsə, kasıb tələbələrə kömək etməli idi" - Çingiz Qənizadə

"Şeyxin qudası 500 nəfəri Həccə göndərməkdənsə, kasıb tələbələrə kömək etməli idi" - Çingiz Qənizadə
16-08-2017, 15:50

Milli Məclisin deputatı Çingiz Qənizadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat həmkarı Hacı Qalib Salahzadənin son açıqlaması zamanı söylədiyi fikirlərə etiraz edib.

Ç.Qənizadə açıqlamasında bildirib ki, Qalib Salahzadə “500-dən çox adamı Həccə göndərmişəm” deməklə özünü gülünc vəziyyətə salır:

“Bu açıqlamanı şəxsən mən də doğru qarşılamadım. Çünki bu həqiqət deyil. Digər tərəfdən isə 500 nəfərin Həcc ziyarəti xərcləri təqribən 1 milyondan çox vəsait tələb edir. İndi Qalib Salahzadə də bir ifadədir, ortaya atıb, kimi inanır, kimi yox! Mən bunu ciddi qəbul etmirəm”.

Deputat deyib ki, İslamda adamın etdiyi hər hansı xeyirxah əməli sonradan deməsi düzgün qəbul edilmir:

“Əgər doğrudan da Qalib Salahzadə bunu edibsə, o zaman etdiyini deməməlidir. Əgər Həcc ziyarətini Allah xətrinə edirsənsə, sonradan bunu səsləndirmək düzgün deyil. Bunun əvəzində daha xeyirxah əməllər etmək olardı. Misal üçün, son illər imtahan verib yaxşı nəticələr və tələbəlik adı qazanan xeyli gənclərimiz var ki, onlar imkansızlıqdan təhsil ala bilmirlər. Əgər mənim maddi imkanım olsaydı, həmin gənclərin təhsil almasına köməklik edərdim. Daha 500 adamı Həcc ziyarətinə göndərib, sonra da bununla öyünməzdim. Əgər Qalib Salahzadə elə imkanlıdırsa və savab qazanmaq istəyirsə, savadı olub, imkanı olmayan gənclərin təhsil almasına köməklik etsin. Bu Allaha da xoş gedər”.

Ç.Qənizadə qeyd edib ki, Qalib Salahzadə dəfələrlə Həcc ziyarətinə getmiş şəxslərdəndir:

“O özü də deyir ki, 30 dəfədən çox Həcc ziyarətində olmuşam və sairə. Yadıma gəlir, sonuncu parlament seçkilərində də adının siyahıda olmadığını görüb Həcc ziyarətini yarımçıq qoyub qayıtmışdı. Sonradan belə əsaslandırdı ki, kiməsə etibarnamə verib. Yəni, Həcc ziyarəti ilə bağlı bu cür ifadələr işlətməyin özü belə doğru deyil. Mən anlamıram ki, o nə üçün bunu söyləyir? Yaxşı, dedin, beş adamı da inandıra bildin və onlar da sənə “sağ ol” dedilər. Bütün bunları buna görəmi edirsən? Belə hərəkətlər düzgün deyil. İnsan nə qədər sadə olarsa və ağıllı fikirlər söyləyərsə, bir o qədər onlar üçün yaxşıdır. Mən bunu xüsusilə keçmiş millət vəkillərinə şamil edirəm”.

Xatırladaq ki, Hacı Qalib Salahzadə açıqlamasında 500-dən çox adamı Həccə göndərdiyini bildirib:

“Məni Həcc ziyarətinə çox getməkdə, kasıblara kömək etməməkdə qınayırlar. Ancaq həmin adamlar bilmirlər ki, mən hər zaman kasıbların yanında olmuşam, imkansız adamlara əl tuturam. İndiyədək 500-dən çox imkansız adamı Həcc ziyarətinə göndərmişəm. Məgər bu kasıba kömək deyil? Digər tərəfdən isə mən onlara maddi kömək etsəm də əsas Allah onların ziyarətini reallaşdırıb. Yoxsa ki, mən kiməm! Allah istəməsəydi, mən onlara kömək edə bilməzdim və onların Həcc ziyarəti baş tutmazdı”.

“Ölkə.Az”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.