SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xocalı soyqırımına aparan yol... - Bağanis Ayrım qətliamı

Xocalı soyqırımına aparan yol... - Bağanis Ayrım qətliamı

Tarix:

22-02-2023, 18:44

/ 264 dəfə oxundu.
Xocalı soyqırımına aparan yol... - Bağanis Ayrım qətliamı

 
Fevral ayının 26-da XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının 31 ili tamam olur. Bu qanlı hadisə azərbaycanlılara qarşı törədilən ən dəhşətli soyqırımlardan biri olmuşdur. Buna baxmayaraq, Xocalı soyqırımından əvvəl də ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım törədiblər.

Bunlardan biri Bağanis Ayrım soyqırımıdır. Bu soyqırım ermənilər tərəfindən 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində törədilib. 

Həmin tarixdə erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazaxın dağlıq kəndi olan Bağanis Ayrıma hücum ediblər. Hücumda kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri - 1923-cü il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı təvəllüdlü Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetiriliblər. Ermənilər Adıgözəlov Mülkədar İsrafil oğlunu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlunu isə yaralayıblar. 

Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Qətlə yetirilənlər arasında ən yaşlısı 75 yaşlı Dadaş Əsliyev, ən kiçiyi isə 39 günlük Hafiz olub.

Bağanis Ayrım kəndinə hücum etməklə ermənilər Qarabağ müharibəsinə səbəb olan beynəlxalq hüquq prinsipini - Azərbaycanın ərazi bütövlüyünü pozub və təcavüz aktı törədiblər.

Bağanis Ayrım kəndinin coğrafi mövqeyinə nəzər salsaq görərik ki, kənd xüsusi strateji əhəmiyyətə malikdir. Belə ki, kənd İcevan–Noyamberyan avtomobil yolu üzərində yerləşir. Ermənilər gələcəkdə daha rahat hərəkət etmələri üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçiriblər.

Qeyd edək ki, 648 nəfər əhalisi olan Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. Hazırda Bağanis Ayrım kəndindən olan məcburi köçkünlər Qazax rayonunun digər kəndlərində məskunlaşıblar.

Bir sözlə, Bağanis Ayrım soyqırımı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının başlanğıcı oldu. 

Şərhlər

XƏBƏR LENTİ