SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentin Davosdakı görüşləri Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün mühim rol oynayır

Prezidentin Davosdakı görüşləri Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün mühim rol oynayır

Tarix:

19-01-2023, 19:46

/ 543 dəfə oxundu.
Prezidentin  Davosdakı görüşləri Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün mühim rol oynayır

 
Bu il yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında ənənəvi Davos İqtisadi Forumunun 53-cü toplantısı keçirilir. Ümumilikdə 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin, 52 dövlət və hökumət başçılarının iştirak etdiyi bu Forumda bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə əsas müzakirə mövzularıdır.
Qeyd edilməlidir ki, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər zamanı ildən-ilə Azərbaycana olan inam daha da artır. Bizim haqq sözümüz daha rahat qəbul edilir. Bu Forum ərzində bir çox ənənəvi sazişlərə imza atılır, böyük layihələrin yol xəritəsi, təməli qoyulur. Bununla da ənənəvi Formada nüfuzlu xarici şirkətlərin ölkəmizə yatırdıqları investisiyaların sayı artır. Bu isə ölkəmizə olan inamın artması, siyasi və iqtisadi qüdrətimizin güclənməsi üçün çox vacibdir.
  Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu zamanı ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşür, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verir. Artıq bir neçə görüş keçirilib. Belə ki, ölkəmizin başçısının “Signify”, “Kromatix SA”, “The Goldman Sachs Group Inc.”, “CISCO”, “Damen Shipyards Group”, “Carlsberg Group” və digər şirkətlərin rəhbərləri ilə görüşləri bu baxımdan xüsusi önəmə malikdir. Bu şirkətlərin əksəriyyəti uzun illərdir ki, Azərbaycana investisiyalar qoyur, ölkəmizdə fəaliyyət göstərərək iqtisadi inkişafa töhfə verir. Bu şirkətlərin iqtisadi gücü hətta bir neçə ölkənin ümumi daxili məhsulundan artıqdır. Ona görə də bu Forum həm bizim üçün, həm də digər dövlətlər üçün yaranmış problemlərdən çıxış yollarının tapılması, bu yolda birlikdə addımların atılması baxımından önəmlidir.
Eyni zamanda ölkə başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Bildirilib ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Hər iki ölkənin dövlət başçıları arasında müntəzəm görüşlər təşkil olunur. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb.
Bu gün Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Şinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.
Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.
Bu gün Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühim rol oynayır.   Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcəkdir.
 
 
Tufan Məmmədov – iqtisadçı ekspert
 
 

Şərhlər

XƏBƏR LENTİ