SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sadiq Gözəlov təqaüdə göndərilməsindən danışdı

Sadiq Gözəlov təqaüdə göndərilməsindən danışdı

Tarix:

25-01-2017, 17:25

/ 5 386 dəfə oxundu.
Sadiq Gözəlov təqaüdə göndərilməsindən danışdı

“Cənab nazir etimad göstərib, məni 61 yaşa qədər xidmətdə saxlayıb”

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın və bir polkovnikin polis orqanlarından təqaüdə göndərilməsinə dair əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. Bununla bağlı DİN-də tədbir keçirilib. R.Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

Bəzi saytlar DİN-dəki mənbələrə istinadən Ramil Usubovun əmri ilə Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general Həsən Şirinov da təqaüdə göndərildiyi haqda məlumat yayıblar.

Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin yeznəsidir. Bir müddət əvvəl onun oğlu adam bıçaqladığına görə həbs olunmuşdu.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ), qurumun rəis müavini, general Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. BŞBPİ-nin mətbuat xidmətindən bakipost.az-a verilən məlumata görə, H.Şirinov hazırda məzuniyyətdədir və təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Sadiq Gözəlov və Şərif Əsədullayevlə bağlı xəbər rəsmi təsdiqini tapıb.

1995-ci ildən bu yana, 22 il müddətində DİN-in mətbuat xidmətinin rəisi olmuş, polkovnik rütbəsinə qədər yüksəlmiş S.Gözəlovla “Yeni Müsavat”a təqaüdə göndərilməsi ilə bağlı açıqlama verib. O, deyib: “Hazırda iş yerimdə, kabinetimdəyəm. Amma təqaüdə göndərilmişəm”.

Qeyd edək ki, polis orqanlarında xüsusi rütbəsi olan əməkdaşlar 55 yaşında təqaüdə göndərilirlər. Sovet dövründə isə hüquq-mühafizə orqanı əməkdaşlarının təqaüdə göndərilmə yaşı 50 olub. Müstəqillik illərində isə yaş həddi 55-ə çatdırılıb. Mövcud qanunvericiliyə görə mayor, podpolkovnik, polkovnik rütbəsində olanlar 55 yaşında təqaüdə göndərilməlidirlər. Bununla belə daxili işlər nazirinə özünün lazım bildiyi kadrları 5 il əlavə olaraq xidmətdə saxlamaq səlahiyyəti də verilib. Polkovnik S.Gözlovun hazırda 61, Ş.Əsədullayevin isə 62 yaşı var.

S.Gözəlov təqaüd yaşından əlavə olaraq xidmətdə qalmasını ona göstərilən etimadın göstəricisi olduğunu deyib: “Cənab nazir etimad göstərib, məni 61 yaşa qədər xidmətdə saxlayıb. 1995-ci ildən bu günə qədər çalışmışıq. Bizə ilk növbədə qiyməti rəhbərlik verir, mətbuat nümayəndələri ilə işlədiyimizdən onlar da işimizə qiymət verə bilərlər. Çalışmışıq ki, vicdanla, məsuliyyətlə işimizi görək. Bundan sonra da DİN-in mətbuat xidməti həmin estafeti davam etdirəcək”.

DİN-in iki idarə rəisinin təqaüdə göndərilməsi xəbəri təsdiqlənəndən sonra, ortaya bir başqa iddia çıxdı. Həmin iddiada bildirilirdi ki, İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri Mehriban Zeynalovanın oğlu Xalid Zeynalov Almaniyadan sığınacaq istəyib. M.Zeynalovanın insan alveri qurbanlarının reablitasiyası ilə əlaqəli tədbirləri DİN-lə birgə həyata keçirilməsini əsas gətirən bəzi saytlar iddia edir ki, Sadiq Gözəlovla Şərif Əsədullayevin təqaüdə göndərilməsində bu “mühacirət” faktorunun əlaqəsi olub.

S.Gözlov bu iddiaların yersiz və gülünc olduğunu söyləyib: “Mən kiməm ki, Mehriban Zeynalovanın təqdimatını verim? Mən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi deyiləm, mətbuat xidmətinin rəisi olmuşam. Şərif müəllimin 62 yaşı var. Xidmətdə olma müddətindən artıq saxlanılmışıq, hörmətlə, tədbir keçirilməklə yola salınmışıq”.

Xatırladaq ki, Mehriban Zeynalova musavat.com-a bildirib ki, oğlu Almaniyadan sığınacaq almayıb. Övladının may ayında vətənə dönəcəyini bildirib. Həmçinin deyib ki, bu cür məlumatların yayılması ona qarşı təxribatdır.

Şərhlər

XƏBƏR LENTİ