XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Azərbaycanda kimlər milyonçudur?

Azərbaycanda kimlər milyonçudur?

Azərbaycanda kimlər milyonçudur?
15-06-2017, 16:01

Bu gün dünyanın ayrı-ayrı yerlərində müxtəlif problemlər yaşanır. İstisnasız olaraq inkişaf edən və inkişaf etməkdə olan ölkələr beynəlxalq maliyyə böhranını hiss edirlər. Bəzi inkişafdan geri qalan və yedəkdə gedən dövlətlərin iqtisadiyyatı tənəzzülə uğrayır. İqtisadi böhran isə dərhal sosial sferada özünü göstərir. Baş alıb gedən inflyasiya əhalinin gəlirlərini ötür, qiymətlər hədsiz yüksəlir və buna görə alıcılıq qabiliyyəti azalır, milli valyuta isə dəyərdən düşməkdə davam edir.
Bütün bu informasiyalar isə insanlara media vasitəsilə ötürülür. Azərbaycanda media qurumları bu cür məlumatları necə işıqlandırır? Onlar əsasən nəyə diqqət etməlidirlər?

Media eksperti Zeynal Məmmədli açıqlamasında bildirib ki, media iqtisadi böhran haqqında informasiyalara xüsusi həssaslıqla yanaşmalıdır:

“Maliyyə bazarı haqqında məlumatlar insanların həyatında önəmli rol oynayır. Ona görə insanların bu xəbərlərə maraqları baxımından bu cür xəbərlərə həssas yanaşmaq lazımdır. Burada söhbət yalnız sosial şəbəkələrdən getmir, mətbuatdan tutmuş televiziyaya qədər bütün media orqanları diqqətli olmalıdır. Maliyyə krizisləri ilə bağlı həm xəbərlər, həm də ciddi şərhlər, analizlər olur. Müxtəxəssislər məsələyə müxtəlif baxış bucağından yanaşır. Nəticə olaraq insanlar bu xəbərlər və ya analizlər sayəsində maliyyə sahəsi ilə bağlı bir qərara gələ bilirlər”.

“Necə olur ki, lari güclənir, amma manat zəifləyir”


Ekspert qeyd edib ki, Azərbaycan mediasında nəinki, maliyyə böhranı ilə bağlı məlumatlar, həmçinin iqtisadi xəbərlər də dolğun işıqlandırılmır:

“Azərbaycanda bu sahə çox sistemsizdir. Yəni böhranla bağlı ətraflı danışa bilən və dünya təcrübəsinə bələd olan ekspertlərin cəlb edilməsi müəmmalıdır. Bizim iqtisadçılardan da çox şey asılıdır. Bu baxımdan nə televiziyalarda, nə qəzetlərdə sözün əsl mənasında geniş və dolğun mütəxəssis şərhlərinə rast gəlirik. Bu cür məlumatlar olmur deyə bilmərik, amma sistemli və ardıcıl şəkildə bu informasiyalar verilmir. Özəlliklə də hakimiyyətə yaxın olan media orqanları belə xəbərlərin sadəcə üstündən keçməklə kifayətlənir. Onların beynində yalnız yaşıl işıq yanır, çox təəssüf ki, qırmızı işıqdan söhbət gedə bilməz. Kritik məqamlara toxunulmur. Məsələn, 1 lari 71 qəpikdir. Gürcüstanın nefti və ya başqa bir şeyi olmamasına rəğmən nələrsə istehsal edir və birdən-birə onun larisi güclənir. Necə olur ki, lari güclənir, amma manat zəifləyir. Bax bu sualın dəqiq cavabı olmalıdır. Media bunu ətraflı işıqlandırmasa da, Azərbaycan tamaşaçısı, oxucusu da bu sualın cavabı ilə maraqlanmır”.

“Böhranla bağlı xəbərlər sadə insanların arzu-istəklərinə cavab verməlidir”

Z.Məmmədli iqtisadi böhran haqqında xəbərləri yayan zaman medianın nələrə diqqət etməli olduğundan da söz açıb:
“İlk növbədə müəyyən etmək lazımdır ki, Azərbaycan vətəndaşının hansı məlumata ehtiyacı var. Qərb dünyasından fərqli olaraq, Aəzrbaycan vətəndaşı öz həyatı, gündəlik qazancı ilə məşğuldur. Bax bu zaman media düşünməlidir ki, həmin vətəndaşın həyatını hansı şərtlər asanlaşdıra və ya xidmət edə bilər. Vətəndaşlar da yalnız bir təbəqədən ibarət deyil. Sadə vətəndaşlar, fermerlər və ya müxtəlif təbəqədən insanlar var. Medianın əsas işi odur ki, maliyyə ilə əlaqədar hər təbəqəyə uyğun məlumat müəyyən edə bilsin. Hazırda Azərbaycanda kim milyonçu və ya milyarderdir? Bu sualın hüquqi cavabı yoxdur. Amma Gürcüstanda bu suallara cavab var. Nə qədər varlı, orta, kasıb təbəqənin olduğu haqqında rəsmi məlumatlar mövcuddur. Yaxud xarici mediada yol çəkilişinə nə qədər pul sərf olunubsa, o haqda məlumatlar dərc olunur. Amma bu, bizdə formalaşmayıb. Vətəndaşlarda həm adi, həm də böhran dövründə mediada yayımlanan xəbərlərə inam şansı yaratmaq üçün bu cür məlumatlar dərc olunmalıdır. Eyni zamanda onlarda maliyyə sahəsinə maraq da yaranacaq. Qısaca, böhran və ya maliyyə ilə bağlı xəbərlər sadə insanların arzu-istəklərinə cavab verməli və əhatə olunmalıdır”.

“Doğru perspektivi cızmaq ən gözəl yoldur”

“Bəzən media qurumları konkret korporasiyalar iqtisadi qurumlara xidmət edirlər. Ona görə də yayımlanan məlumatlardan hansı müstəqil şərhdir, hansı ciddi akademik analizdir və bu anaşıqlı dildədirmi-bunlara fikir vermək lazımdır. Təbii ki, insanaları təlaşlandıran xəbərləri mənfi fonda təqdim etməklə onların inamını sarsıdırıq. Doğru perspektivi cızmaq ən gözəl yoldur. Düzdür, doğrunu demək insanaları təlaşlandıra bilər, ancaq biz artan xətlə getdiyimizi biləcəyik. Doğru yazan zaman artan xətti də tapmaq asan olur, lakin yalan xəbərləri işıqlandırmaq bataqlığa düşmək kimi bir şeydir. Bunun təlaşı daha böyük olur. Böyük təlaşlar ciddi iqtisadi uçuruma səbəb ola bilər.
Media qurumları çox həssas olmalıdırlar. Maliyyə böhranı ilə bağlı bir mütəxəssislə deyil, bir neçə mütəxəssislə məsləhətləşməlidirlər ki, aradakı ziddiyyətləri də üzə çıxara bilsinlər. Çünki iqtisadçıların da fərqli baxış bucaqları var. Biri məsələyə optimist yanaşanda, digəri fərqli mövqedən çıxış edir. Bu xəstə adama xəstəliyini xəbər vermək kimi bir şeydir. Həkim var ki, bunu birbaşa və kobud deyir. Həkim də var ki, qarşısındakının səhhəti ona maraqlıdır və məsələyə çox həssas yanaşır. Məlumatı xəstəyə necə demək yollarını axtarır. Media da iqtisadi böhrandan yazan zaman bu cür olmalıdır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.