XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Rəfael Cəbrayılovun başı CƏNCƏLDƏN ƏSKİLMİR... - TƏFƏRRÜAT

Rəfael Cəbrayılovun başı CƏNCƏLDƏN ƏSKİLMİR... - TƏFƏRRÜAT

Rəfael Cəbrayılovun başı CƏNCƏLDƏN ƏSKİLMİR... - TƏFƏRRÜAT
11-06-2021, 10:59

Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rəfael Cəbrayılov yaxın günlərdə hakim qarşısına çıxarılacaq. İki aydır həbsdə olan sabiq deputatın işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq deputat onlardan ümumilikdə 2 milyon 571 min manat pul alıb və qaytarmayıb.

Zərərçəkənlər arasında zaman-zaman adları mediada hallanan şəxslər də var. Onlardan biri də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Şərur-İnşaat” şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur. O bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərik bina tikintisi İlə məşğul olduqlarını deyib. Aldığı pulu da bir-iki aya qaytaracağına söz verib. “Demişdi ki, Oqtay Əsədovla tikdikləri ev Novxanı yolunun üstündədir. Mən də verdim. Sonra cəmi 40 minini qaytardı”, – deyə İ.Axundov söyləyib. O qeyd edib ki, bu hadisə baş verəndə ölkədə hələ devalvasiya olmamışdı.

Hazırda Milli Məclisin deputatı olan Oqtay Əsədovun köməkçisi isə onun vaxtilə Rəfael Cəbrayılovla birlikdə ev tikintisi İlə məşğul olması haqda iddiaları təkzib edib.

Keçmiş deputatla bağlı cinayət işindəki zərərçəkənlərdən biri də lombard sahibi, “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanovadır. O, zaman-zaman keçmiş əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovla mülk davası, jurnalistlərlə məhkəmə çəkişmələri ilə medianın gündəmində olub.

Məlahət Qurbanova bildirib ki, pulu keçmiş deputata onun şəriki Mirəhməd Abbasov vasitəsilə verib: “Mirəhməd Abbasovu da universitetin hüquq fakultəsindən tanıyırdım”.

M. Abbasovun adı cinayət işində başqa ifadələrdə də keçir.

Daha bir zərərçəkmiş – həkim-stomotoloq Sülhiyyə Məmmədova deyib ki, keçmiş deputat və qardaşlarının rəhbərlik etdiyi “Dərhal” MMC-nin Novxanı yoluyla Mehdiabad-Fatmeyi yolunun kəsişməsində inşa etdiyi 5 mərtəbəli binadan 150 min manatlıq qeyri-yaşayış sahəsi almaq istəyiblər. Bu məqsədlə pul versələr də, nə əmlakı ala biliblər, nə pul qayıdıb. Ona görə də Rəfael Cəbrayılovdan şikayətçi olublar.

Zərərçəkmişlərdən biri də Təranə Fətəliyevadır. Rəfael Cəbrayılov millət vəkili olduğu dövrdə 300 min dollar borca görə deputat vəsiqəsini məhz onun yanında girov qoymuşdu.

Təranə Fətəliyeva keçmiş deputatla qohum olduğunu deyib, 300 min dolların ona hansı səbəbdən verildiyini də açıqlayıb. O bildirib ki, həmin məbləğ tək onun pulu deyildi:

“Biz Binəqədidə ev almışdıq. Rəfael Cəbrayılov təklif elədi ki, evləri satıb, pulu ona verək. Bizi də özlərinin tikinti biznesinə cəlb edəcəkdi. Mən və qardaşlarım evlərimizi, qarajları satdıq, tanışlardan əlavə pul aldıq, ona verdik. O, qardaşları ilə birlikdə Binəqədidə – “Gənclər şəhərciyi”ndə binalar tikirdi. Biz də inandıq. Aldadıldığımızı biləndə pulu tələb elədik, vermədi. Deyirdi ki, evləri məndən alıblar”.

Zərərçəkmişin sözlərinə görə, girov qoyulanlar III və IV çağırış deputat vəsiqələrinin əsli olub. 300 min dollar da Rəfael Cəbrayılova notarial qaydada borc kimi verilib.

Xatırladaq ki, R. Cəbrayılovun 300 min dollar borca görə deputat vəsiqələrini girov qoyması 2019-cu ilin yayında məlum olmuşdu. Bu məsələ üzə çıxandan sonra R.Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.

Sabiq deputatın ittiham olunduğu CM-in 178.3.2 və 308.2 maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
//pressklub.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.