SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azgerneft” MMC niyə SUSUR? - GİLEY

“Azgerneft” MMC niyə SUSUR? - GİLEY

Tarix:

20-04-2021, 10:20

/ 1 644 dəfə oxundu.
“Azgerneft” MMC niyə SUSUR? - GİLEY

Uzun müddətdir ev növbəsinə dayansalar da, hələ onlar üçün tikilən mənzillərə köçmək qismət olmayıb. Söhbət “Azgerneft” MMC-nin mənzil növbəsinə dayanan 16 nəfər işçisindən gedir.

KONKRET.az-ın redaksiyasına müraciət edən şikayətçilər Yeni Suraxanıda “pereyezd” adlanan ərazidə onlar üçün 4 mərtəbədən və 16 mənzildən ibarət binanın tikilməsinə baxmayaraq, bu günə kimi evlərinə köçə bilmədiklərini deyirlər. Elə bu səbəbdən də 30 ilə yaxındır ki, bərbad vəziyyətdə olan yataqxanada yaşamaq məcburiyyətindədirlər.

Şikayətçilərdən birinin dediyinə görə, həyat yoldaşı “Balaxanıneft” NQÇ-də işə başlayıb və mənzil növbəsinə dayanıb. Üzərindən 5-6 ilə yaxın müddət keçdikdən sonra onların müəssisəsi “Azgerneft” MMC tərəfindən icarəyə götürülüb və ev növbəsi də təbii olaraq adıçəkilən müəssisəyə köçürülüb. Şikayətçinin sözlərinə görə, 2006-cı ilin noyabr ayında “Azgerneft” MMC tərəfindən ev növbəsi gözləyən işçilər üçün 16 mənzilli, 4 mərtəbəli bina tikilib. Lakin qaz, su və işıq xəttlərinin çəkiləcəyi əsas gətirilərək, onlara həmin binaya köçməyə icazə verilməyib.

Şikayətçilərin dediyinə görə, dəfələrlə SOCAR-a müraciət etsələr də, sözügedən qurumdan problemin onlara aid olmadığı bildirilib. Səbəb kimi isə “Azgerneft” MMC-nin müstəqil olması göstərilib. Təxminən 30 ilə yaxındır yataqxana şəraitində, acınacaqlı vəziyyətdə yaşamağa məcbur qalan bu çarəsiz insanlar mənzillərinə hansı səbəbdən köçürülmədiklərini anlaya bilmirlər. Şikayətçilərin sözlərinə görə, binaya köçürülmək üçün onlara gah Fövqaladə hallar nazirliyinin razılığı olmadığı, gah da kommunal xəttlərin çəkiləcəyi bəhanəsi gətirilib.

İndi isə nə “Azgerneft” MMC, nə də ki, SOCAR rəhbərliyi işçilərin müraciətinə heç bir cavab vermir. Üstəlik 2006-cı ildən bəri istismara verilmədiyindən işçilər üçün tikilən bina da pis vəziyyətdə düşüb. İndi şikayətçilərin tək istəyi onlar üçün tikilən halal mənzillərinə köçürülmələri və 30 illik yataqxana əziyyətinə son qoyulmasıdır.

Ümid edirik ki, tezliklə SOCAR və “Azgerneft” MMC rəhbərliyi problemin müsbət həllinə göstəriş verəcək və bu insanların mənzil həsrətinə son qoyulacaq.

P.S. Yazıda adı hallanan qurumların mövqeyini dərc etməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ