SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "AMEA Kremldən idarə olunur” - professordan sərt ittihamlar

"AMEA Kremldən idarə olunur” - professordan sərt ittihamlar

Tarix:

10-03-2021, 11:05

/ 673 dəfə oxundu.
"AMEA Kremldən idarə olunur” - professordan sərt ittihamlar

Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rusiyadan idarə olunduğunu söyləməsi cəmiyyətdə rezonans doğurub. Professor bugünlərdə yayımlanan məqaləsində AMEA-dakı idarəçiliyi gözlər önünə sərərək real vəziyyətin nədən ibarət olduğunu çılpaqlığı ilə ortaya qoyub. Onun sözlərinə görə, mərhum prezident Heydər Əliyevin vəfatından sonra akademiya Moskvanın əlindədir. Ə.Abbasov ad çəkmədən “boz kardinal” ifadəsi işlədərək AMEA prezidenti Ramiz Mehdiyevin ünvanına sərt sözlər yazıb, onun şəbəkəsinin olduğunu qeyd edib.

“AMEA, bütövlükdə elm-təhsil, mədəniyyət-incəsənət sahələri, demək olar ki, bilavasitə keçmiş imperiya mərkəzindən - Kremldən idarə olunmuş və indinin özündə də bu tendensiya davam etməkdədir, bəlkə də daha qəddar və məkrli formada. Hələ SSRİ dönəmindən hazırlanmış agentura-rezident şəbəkəsi öz hökmranlığını yeritməkdə, diktə və təsirini artırmaqdadır. Vassallıq sədaqətilə, mənfəətdar administrativ bürokratizmi və mahir neobolşevik intriqaçılığı ilə fərqlənənlər, əqli və vicdanı sönmüşlər, haqq-ədalət hissini itirmişlər Kremlin ürəyinə yatan milli görüntülü ”qaydalar" ilə idarə olunan elmin, təhsilin, mədəniyyətin, bütün humanitar sahənin öndərləri qismində canfəşanlıq edir və bu “qaydalar”ın əbədiliyinə çalışırlar. Başda “boz kardinal” olmaqla! O boyda çoxminlik AMEA-da, hörmətli professor İdris Abbasovdan başqa, cıqqırını çıxaran, açıq tənqidlə çıxış edən yoxdur", - deyə Ə.Abbasov elm üçün az qala üsyan edir.

Professor bununla sakitləşmir, daha ağır, ibarəli və obrazlı sözlərlə əlavə edir: “Həqiqətən, məəttəl qalırsan: ”Boz kardinal"ın kompaniyası, yaxşıca ilmələnmiş toru - şəbəkəsi necə də böyük və vassallıq üçün sədaqətli imiş - alınmaz qala kimi! Söz yox, “Baş akademik” necə lazımdırsa, elə də çalışıb, durmadan əziyyət-zəhmət çəkib, misilsiz ustalıq göstərib. Bəli, kim nə deyir-desin, dövrümüzun əzmkar “Yeni Napoleon”u həsəd aparılası administrativ ustalıq cəhətdən mahir imiş. Kreml bilirmiş kimə “stavka” edir! Görün indi, bu şövkətli administratorun əlindən rəhmətlik Heydər Əliyev və Prezident İlham Əliyev nələr çəkirmiş!? Nə qədər enerji-güc, əsəb və vaxt sərf etmək zorunda qalıblar ki, bu Kremlsayağı ideoloqun həmlələrinin qarşısı alınsın, yeritdiyi və yetirdiyi ziyan zərərsizləşdirilsin. Di gəl, o da “sadiqəm” deyə-deyə topdağıtmaz qalasını yarada bilib. İndi həqiqi Napoleondan da bacarıqlı sərkərdə gərəkdir ki, bu qalanı dağıtsın, birdəfəlik Azərbaycanın tarixindən silib, zibilliyə göndərsin". Ə.Abbasovun ittihamlarına AMEA-dan hər hansı münasibət bildirilməyib. Bəs bu sensasion iddialar nə dərəcədə həqiqətdir?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd etdi ki, AMEA-nın Rusiya tərəfindən idarə olunması barədə hər hansı dəlil-sübut yoxdur, sübut olmayan yerdə heç nə danışmaq olmaz. S.Rüstəmxanlı akademiyanın sovet vaxtı yaradıldığını xatırlatdı: “Sovet AMEA-nın quruluşları, institutları mexaniki olaraq respublikada da yaradılmışdı, onlarla əlaqəli şəkildə işləyirdilər. Amma ciddi proqramların, layihələrin icrasının tətbiqi mümkün deyildi, ona görə əlaqəli işləyirdilər. Müstəqil Azərbaycanın Elmlər Akademiyasında humanitar sahələr kifayət qədər müstəqildir. Ədəbiyyat, Dilçilik, Arxeologiya institutları var, onların Moskva ilə nə əlaqəsi ola bilər? Ola bilsin ki, bu fikirləri Ramiz Mehdiyevlə bağlı demək istəyir, amma ona olan hücumlar akademiyaya qarşı yönəlib. Bir adama görə akademiyanı hədəfə almaq düzgün deyil. Mənim sovet dövründən orada tanıdığım görkəmli alimlər, maaşla dolanan təmiz insanlar var, elmə, mədəniyyətə dəyərli töhfə vermiş elm adamlarıdır. Bunun üzərindən necə xətt çəkmək olar?”

S.Rüstəmxanlı bildirdi ki, bir ara AMEA-nın ləğvi haqda fikirlər səslənirdi: “Bunu belə izah edirdilər ki, xaricdə akademiya yoxdur, bizdə də olmasın. Bu, nə deməkdir? Azərbaycanda 0.3 faiz elmə vəsait ayrılır, zəngin həyat keçmiş adamlar, müxbir üzvləri, elmlər doktorları orada yaşa dolurlar. Əksinə, akademiya qorunmalıdır, ona qayğı artırılmalıdır, elm sahəsinə diqqət çoxalmalıdır. Elmsiz xalq necə ola bilər? Əgər onları universitetlərə versək, tədris proqramlarının bir hissəsinə çevriləcək. Xariclə bizi müqayisə etməyək, onlarda sistem fərqlidir. Bizim universitetlərimizdə laboratoriyalar var, amma orada nələr baş verir? Onlar akademiya ilə əlaqəli işləyirlər. Hətta bir ara AMEA-nın binasına göz dikən adamlar varıydı. Bunlar gülünc söhbətlərdir, Azərbaycan elminə, mədəniyyətinə qeyri-ciddi yanaşmadır. Akademiyanın Ədəbiyyat İnstitutunda saxlanan kitabxanaya baxmaq lazımdır ki, nə boyda işlər görülür.

Bizdə geologiya kimi özünəməxsus sahə var, amerikalı gəlib yerimizə yerin altında qazıntı, kəşfiyyat aparacaq? Əslində mən akademiyada çalışmıram, onun fəaliyyətini qiymətləndirmək mənə düşmür, amma heç bir normal vətəndaş elmin inkişafına qarşı olmamalıdır. Ayrı-ayrı zəif dissertasiyalar, kitablar, subyektiv münasibətlər, akademiya rəhbərindən narazılıq ola bilər, bəlkə də ciddi əsaslar da var, amma bütövlükdə akademiya hədəf seçilməməlidir".

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında təklif etdi ki, ümumiyyətlə, AMEA ləğv olunmalıdır. Onun sözlərinə görə, heç bir ölkədə akademiya yoxdur, Azərbaycanda isə sovetdən bəri saxlanılır. A.Abbas hesab edir ki, AMEA Rusiyanın prinsipi indi, indi isə ona hər hansı ehtiyac yoxdur: “Mən təklif edirəm ki, akademiyanın institutlarını universitetlərə vermək, onların arasında bölüşdürmək lazımdır. Məsələn, Fizika İnstitutu var, onu texniki təmayüllü universitetlərdən birinə vermək olar, həm təcrübə keçirilər, həm tələbələr elm öyrənərlər. Akademiyanı isə bir klub kimi saxlamaq olar. Ona dövlət pul ayırmalı deyil. Sən heç nə kəşf etmirsən, elmə heç nə vermirsən, niyə saxlanmalıdır?”

Deputat qeyd etdi ki, AMEA-dakı humanitar institutlar da yığışdırılmalıdır: “Nə qədər humanitar elmlər olar? Bir də baxırsan ki, Füzulinin, ya da Nizaminin yaradıcılığında ”qadın azadlığı surəti" mövzusundan danışırlar. Kimə lazımdır bu? Fizika, kimya, astronomiya elmləri var, onları universitetlərə verə bilərlər. İndi elə fikirləşərlər ki, bu sözləri Ramiz Mehdiyevə görə deyirəm, əsla, həmişə bu mövqedə olmuşam ki, AMEA ləğv olunmalıdır. Orada 2000-dən çox müxbir üzvü var, bəs o adamlar elmimizə nə qədər pul gətirirlər?"
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ