XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Vasif Talıbovu Norveçə nümunə göstərməliyik... - Görünəni budur...

Vasif Talıbovu Norveçə nümunə göstərməliyik... - Görünəni budur...

Vasif Talıbovu Norveçə nümunə göstərməliyik... - Görünəni budur...
23-02-2021, 10:53

Naxçıvan Muxtar Respublikası həmişə Azərbaycanın laboratoriyası hesab edilib. Hakimiyyət bütün sınaqları, eksperimentləri məhz muxtar respublikada həyata keçirib. Əgər Naxçıvanda effektiv olubsa, analoji mexanizm ölkədə tətbiq olunub.
Bu, istər siyasi hakimiyyətin opponentlərinə münasibətdə, istərsə iqtisadi siyasətdə özünü doğruldub.
Lakin Naxçıvanda sistemin amansızlığı ilə yanaşı özünəməxsusluğu həmişə diqqət çəkib. Bu dəfə pandemiyada...
Anaxeber.info-nun Siyasət şöbəsi yazır ki, Naxçıvan MR pandemiya ilində özünü Azərbaycandan və dünyada tamamilə qopardı.
MR-nın Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvan Nazirlər Kabinetinin verdiyi qərarlar həm Ümumdünya Səhiyyə Təşkilatına, həm epidemiyaya, həm mərkəzi hökumətə meydan oxumaq idi.
Təsəvvür edin ki, dünyanın supergüc dövləti olan Birləşmiş Ştatlardan tutmuş Qərbin nəhəng ölkələri - Fransa, Almaniya, Böyük Britaniya, o cümlədən Rusiya, Çin, İran, həmçinin 200-dən çox respublika, təbii ki, Azərbaycan bu və ya digər şəkildə pandemiya səbəbindən qapanmaya getdi, Naxçıvandan başqa...
Səhiyyəsi yüksək inkişaf etmiş, tibbi sığortası olan İsrail, Hollandiya, Yaponiya, Danimarka, habelə İspaniya, İtaliya, Çexiya və yüzlərlə belə ölkələrdə sərt karantin rejimi tətbiq olundu, bəzilərində fövqəladə vəziyyə elan edildi, məktəblər, restoranlar bağlandı, sərhədlər qapadıldı, təyyarələr uçmadı, tibbi maska taxmaq məcburi oldu, dövlətlərin nəhəng iqtisadiyyatları çökdü, Azərbaycan da dünyasınn bir parçası olaraq ÜST-ün təlimatlarına uyğun davrandı, sərt karantinə keçildi, hər yer bağlandı, amma bütün bunların heç biri Naxçıvana şamil olmadı.
MR-nın sədri V.Talıbov Türkmənistan, Belarus liderləri kimi apardı, nə ÜST, nə pandemiya saydı.
Ona görə Naxçıvan NK Azərbaycan NK-nın və onun yanında yaradılmış Operativ Qərargahın qərarlarına uyğun davranmadı. Maraqlıdır, Naxçıvan Azərbaycan deyilmi?
Anaxeber.info məlumat verir ki, Naxçıvanda pandemiya dönəmində məktəblər bağlanmadı, toy və yas mərasimlərinin keçirilməsinə məhdud sayda icazə verildi, maska taxmaq tələbi olmadı, həyat axarında davam etdi.
Sanki Naxçıvan dünyaya qapanmış, hər yerdən təcrid olunmuş, koronavirusun onun hüdudlarına daxil olmayacağına əmin imiş.
Bəlkə də dünya alimlərinin və Səhiyyə naziri Oqtay Şirəliyevin xəbəri yoxdur, Naxçıvan səhiyyəsi dünyanın ən qabaqcıl səviyyəsinə qalxıb.
V.Talıbovun bu addımlarına rəsmi səviyyədə Bakıdan bir söz deyilmədi, onun qərarlarına münasibət bildirilmədi. Üstəlik, izolyasiya olmadan yaşayan, əslində izolyativ üsul-idarəçiliyi olan MR-da virusa yoluxmanın statistikasına nə dərəcədə inanmaq və etibar etmək olar.
Naxçıvanda alternativ informasiyanın olmaması, medianın azadlığından söhbət gedilməməsi, müstəqil araşdırmaçıların yoxluğu bu imkanları məhdudlaşdırıb.
O baxımdan Naxçıvanda hər gün yoluxan, sağalan və ölənlərin sayı ilə bağlı səhihliyə şübhələr var. Digər tərəfdən Naxçıvan rəhbərliyi Azərbaycan Nazirlər Kabinetinin qərarlarını heçə saymaqdadır.
Muxtar respublikanın olması onun Azərbaycan qanunları ilə yaşamaması, dövlətin qərarlarına zidd addımlar atması demək deyil.
Əgər Naxçıvan səhiyyəsi bu dərəcədə inkişaf edibsə, o zaman ciddi tədqiqata ehtiyac var, MR-nın təcrübəsindən İsrail, Almaniya səhiyyəsi yararlanmalıdır, V.Talıbov Norveçə, İngiltərəyə örnək olmalıdır.
Çox maraqlıdır ki, bu gün Azərbaycanda karantin rejimi xeyli yumşalsa də, məhdudiyyətlər, qadağalar var.
Məsələn, toy və yas mərasimləri keçirilmir, kafe-restoranlarda bir masada 4 nəfərdən çox müştəri ola bilməz, ictimai yerdə, açıq havada maska məcburidir, əks halda cərimə tətbiq edilir, metro işləmir, iri ticarət mərkəzləri açılmayıb, məktəblərdə dərslər məhdud çərçivədə, həftədə bir neçə dəfə keçirilir, bəzi ali məktəblər hələ də onlayn təhsili davam etdirir və bütün bunların Naxçıvana aidiyyatı yoxdur.
Əslində ötən həftə Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzinin Vasif Talıbovla oğlu Seymur Talıbov tərəfindən açılması göstərdi ki, muxtar respublika kimlərin əlindədir, necə idarə olunur.
Ona görə də karantin rejiminin necə təşkil edilməsi, hansı qadağaların olub-olmaması məhz MR rəhbərliyinin istəklərinə uyğunlaşır, Nazirlər Kabinetinin və baş nazir Əli Əsədovun imzaladığı sərəncamlarına yox...
Bundan əlavə, sosial şəbəkə istifadəçiləri Vasif Talıbov və ətrafındakı məmurların da açıq havada maska taxmadıqlarını diqqətə çatdırır, buna görə onlara hər hansı cərimə tətbiq edilmədiyini bildirirlər.
Qeyd olunur ki, qanun-qaydalar hamı üçündür və vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq hər kəs eyni dərəcədə məsuliyyət daşımalıdır.
Lakin indiki halda açıq havada maska taxmamağa görə müxalifət funksionerləri cərimələnsə də iqtidar təmsilçiləri cərimələnmir.
Sosial şəbəkə istifadəçiləri bu iddialarına əyani misal olaraq, müsavatçıların şəhidlərin məzarı önündə çəkdirdiyi fotolarla bərabər, Vasif Talıbovun, oğlu Seymur Talıbovun və digər vəzifəlilərin Ağbulaq Xizək Mərkəzinin açılışı zamanı çəkilən fotolarını paylaşıblar. Çünki Naxçıvanda başqa dövrdür, açıq havada maska taxmaqla bağlı hər hansı tələb də qoyulmayıb.
Anaxeber.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.