XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...

Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...

Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...
18-01-2021, 10:13

"Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin büdcə vəsaitlərinin mənimsənilməsi, özəlliklə jurnalistlərin mənzil təminatında yol verdiyi ciddi maliyyə pozuntuları, qanunsuzluqlarla bağlı həbs edilməsi digər dövlət fondlarından şəxsi mənafeyi naminə yararlananlara da təsirsiz ötüşməyəcək". Bu barədə DİA.AZ-a tanınmış jurnalist, Qarabağ əlili Məğrur Bədəlsoyun göndərdiyi məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sosial xidmətlər sektorunun müdiri, 2020-ci ilin avqustunda yaradılan Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudovun da qazi və şəhid ailələrinə tikilən evlərin qanunsuz, rüşvətlə bölgüsündə misilsiz “xidmətləri” var. Təkcə onu demək yetər ki, son bir ildə Bakı şəhərində heç bir qazi və şəhid ailəsinə mənzil verilməyib. Mənzil təminatına cavabdeh edilən DSMF-in, son 4-5 ayda isə Sosial Xidmətlər Agentliyinin məsul şəxsi Vüqar Behbudov və ƏƏSMN rəhbərliyi bu təminatsızlığı bölgələrdəki fərdi evlərlə pərdələmək yolunu tutub . Halbuki, mənzilsizlikdən əziyyət çəkənlər əsas etibarilə iri şəhərlərdə, paytaxt Bakıda illərdir növbədə duranlardır. Sovet dönəminin saxta pambıq planına uyğun olaraq ildə müəyyən miqdar imtiyazlı şəxsin ölkə üzrə mənzillə təminatının özü saxtalıqdır. Axı, mənzil bölgüsü konkret növbəlilik qaydasında həyata keçirilir ! Prezidentin bununla bağlı 20.06.2014 tarixli 569 saylı Sərəncamı da var. Sözügedən akta görə, 2014-cü ilin yanvarına kimi növbədə duranlar ən geci 2018-ci ildə mənzillə təmin olunmalı idilər. Prezident sərəncamı ilə ƏƏSMN -in üzərinə qoyulan öhdəliklərin son icra müddətindən artıq 3 il keçir, amma hələ də nə sərəncam icra olunub, nə də qazi və şəhid ailələri mənzil yiyələri olub. Özbaşınalıq o həddə çatıb ki, 2 il qabaq Prezidentin sözügedən 569 saylı Sərəncamında 19.01.2019 tarixli dəyişiklik edilərək mənzillə təmin olunmanın müddəti 10 il (?) geriyə -2028-ci ilə çəkilib! (?) . ƏƏSMN rəhbərliyinin Prezident sərəncamıını dəyişmək təşəbbüsü (və təşəxxüsü!) ilə qazi və şəhid ailələrinin Bakıda mənzillərlə təminatı DSM fondunun keçmiş sektor müdiri, Sosial Xidmətlər Agentliyinin hazırkı sədri Vüqar Behbudovun “cibinin mərhəməti”nə qalıb. Sosial Xidmətlər Agentliyinin sədrinin “cibinin qüvvəsi”ndən 5 ildir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırkı Bakı İnzibati Məhkəməsi) dövlətin adından çıxardığı qərarın icrasını da qüvvəyə mindirmir! Bir məmur ki, DÖVLƏTİN 1-Cİ ŞƏXSİNİN, 1-Cİ VİTSE-PREZİDENTİN TAPŞIRIĞINA MƏHƏL QOYMAYA, ONDAN NƏ GÖZLƏMƏK OLAR?

Vüqar Behbudovun yaxalığının orden-medal “gördüyünü” deyə bilmərik, amma Vüqar Səfərlinin yaxasından “Vətənə xidmətə görə” ordeninin asıldığından mətbuat xəbər yayıb. Səfərli jurnalistlərə mənzilləri qanunsuz ayırıb, adaşı Behbudov isə Qarabağ qaziləri və şəhid ailələrinə. 14 aydır Qarabağ qaziləri və şəhid ailələri Bakının Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin korrupsiyaya uyğun bölgüsündən, burada mənzil yiyəsi olanların nazir Sahil Babayevin mərhum atasının “OVİR”dəki keçmiş iş yoldaşları, keçmiş və indiki deputatların olmalarından şikayətlər edirlər, hələ də baxılmır! (?)

Onsuz da, nə qədər uzun olur-olsun, örkən doğanaqdan keçməyə məhkum edilib. Vüqar Behbudov da, gec-tez adaşı Vüqar Səfərli kimi mənzil alverinə görə sorğulanacaq. Onda Səfərli kimi, “mənlik nə iş var” demək də gec olacaq".

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.