SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kamran haqqında

Kamran haqqında

Tarix:

9-12-2020, 10:03

/ 1 402 dəfə oxundu.
Kamran haqqında

Vəlizadə Kamran Əkpər oğlu 1996-cı il 14 sentyabr tarixində Lənkəran rayonu Balıqçılar qəsəbəsində anadan olub.
Məktəb illəri
Kamran 2003-cü ildə Balıqçılar qəsəbəsi Elman Məmmədov adına tam orta məktəbin birinci sinifinə gedib. Məktəb illərində çox çalışqan və nümunəvi şagird olaraq müəllimlərinin yaddaşında iz buraxıb. Müəlliməsi Aida Mustafayeva onu belə xatırlayır: “Onu öz oğlum kimi çox istəyirdim. Dərslərində fəal olması ilə yanaşı bütün tədbirlərdə də fəal iştirak edirdi. Çox unikal xasiyyəti var idi. Yumor qabiliyyətinin yüksək olması ilə seçilirdi. Universitetə qəbul olduqdan sonra da müəllimlərini unutmadı. Kəndə gələndə müəllimlərini yoxlayırdı, daim hal-əhval tuturdu. Onun haqqında nə qədər danışsam da azdır. Allah ona rəhmət etsin. Ruhu şad olsun.”
Dini təhsili
Kamran Allaha və İslam dininə çox bağlı biri idi. Məhz buna görədir ki, 3-cü sinifdən 11-ci sinifə qədər Balıqçılar qəsəbəsində yerləşən "Xanım Zəhra" məscidi dini icmasında dini təhsil almışdır. O təhsili müddətində məscidin təşkil etdiyi “Quran” kursunu müvəffəqiyyətlə başa vurmuşdur. Digər şagirdlərdən fərqlənən Kamrana hətta İranda və ya Bakı İslam Universitetində dini təhsilini davam etdirmək təklif edilmişdir. Məscidin axundu və Kamranın din müəllimi Cəmil Bədəlov bu sözlərlə onu xatırlayır: “Dərslərin keçirildiyi məscidə hamıdan tez gəlirdi və digər yoldaşlarının yerini səliqəyə salır, lövhəni silir, hətta ayaqqabıları səliqə ilə düzürdü. Dərslərə həmişə hazır gəlirdi. Təbiətən həyalı bir şagird idi. Məhz buna görədir ki, kənd camaatı onu sevirdi. Bəzi insanlar onun çox utancaq olduğu üçün salamı belə yavaş verdiyini deyirlər. Dini təhsildə olduğu kimi dini ayinlərdə də fəal iştirak edirdi. Etikaf mərasimlərində xüsusi əzmkarlıq göstərirdi. O mənim ən yaxşı şagirdlərimdən biri olub. Allah ona rəhmət etsin.”
Universitet həyatı
Vəlizadə Kamran 2014-cü ildə ADNSU-nun Energetika fakültəsində “İstilik energetikası mühəndisliyi” ixtisasına qəbul olmuşdur (qr-577.4).
Kamranın qrup yoldaşı Kənan Arifli onun haqqında bu sözləri deyir: “Təhsil aldığı qrupda fərqli düşüncə tərzinə məxsus insanların olmasına baxmayaraq Kamran yoldaşlarının hamısı ilə çox yaxşı münasibətdə idi. Belə ki, hamı ilə tez bir zamanda dil tapırdı, kimsənin ondan narazı qalmasına imkan vermirdi. Yumor qabiliyyətinin yüksək olması ilə seçilən Kamran nəyinki tələbə yoldaşlarının hətta ciddi simalı müəllimlərin də üzündə təbəssüm yarada bilirdi.
Universitet illərində xüsusi nizam-intizamı və çalışqanlığı ilə müəllimlərin sevimlisinə çevrilmişdir. Dərsə davamiyyətinə söz ola bilməzdi. Semestr ərzində ümumilikdə 4-5 qayıbı olardı və dərslərə gecikməzdi. Müəllimləri diqqətlə dinləyirdi, mühazirələri qeyd edirdi. Amma bəzən etdiyi zarafatlarla yanında oturan qrup yoldaşını güldürürdü. Vaxtaşırı bacardığı qədər qrup yoldaşlarına da təhsillə bağlı köməklik edirdi. Özü dindar olduğu üçün bəzən dinlə bağlı suallara cavab verir, tövsiyələr edirdi. Onun hirslənməyini görmək çətin olardı. Hirslənəndə də hirsini cilovlayırdı. Danışığındakı xüsusi aksent və etdiyi zarafatlar yaddaşlardan silinməz xatirələr buraxıb.
Kamran təhsil aldığı ixtisas kafedrası olan “İstilik energetikası kafedrasında” (indiki Enerji istehsalı texnologiyaları kafedrası) xüsusi rəğbətə sahib idi. Belə ki, kafedrada istər müəllimlərin, istər də digər əməkdaşların işlərinə köməklik edirdi. Ən əsası isə Kamran digər iki tələbə yoldaşıyla (mən və dostumuz Fərid Nəsibov) birlikdə kafedranın dosenti olan Hüseynov Avqust müəllimin təşəbbüsu ilə “İstilik fizikası laboratoriyasını” tam sıfırdan yığmışdır. Onu da qeyd etmək lazımdır ki, təmənnasız görülən bu işlərdə əl qabiliyyəti yaxşı olan Kamranın zəhməti xüsusi idi. Boyunun hündür olması ilə bütün hündürlükdə görülən çətin işləri o aparırdı.
Kamran həmçinin Bakıda keçirilən 2015 Avropa oyunlarında və 2017 İslam Həmrəyliyi oyunlarında könüllü qismində iştirak etmişdir.
İmtahanlara həmişə hazır gəlirdi. Kamranın heç bir fənndən kəsri olmayıb. Əksər imtahanlara yaxın dostları ilə birlikdə hazırlaşırdı. İmtahan vaxtı isə müəllimlərdən heç vaxt artıq qiymət istəməzdi. Müəllimin yazdığı qiymətlə razılaşar və təşəkkür edərək auditoriyanı tərk edərdi. Ürəyiyumşaq olduğu üçün qrup yoldaşlarının kəsilməyini istəmirdi və bacardığı qədər zəif oxuyan tələbələrə imtahanda da köməklik edirdi.
Kamranla bağlı sonsuz xatirələrimiz var. Etdiyi xoş zarafatlarla həmişə yaddaşlarda qalacaq. Bir dost kimi əvzəsiz insan idi. O insanı sözlərlə təsvir etmək çətindir. Allah rəhmət eləsin, ruhu şad olsun.”
Kamran istehsalat praktikasında da sayılıb seçilən tələbələrdən olmuşdur. İstehsalat praktikasını “Sumqayıt Elektrik Stansiyası”-ında keçmişdir. Bir çox tələbədən fərqlənərək praktikaya maraq göstərən Kamran praktika rəhbəri Şükür Nəsirovun yadında belə qalmışdır: “Çox çalışqan tələbə idi və ixtisasını sevirdi. Hiss edilirdi ki, gələcəkdə bu sahə üzrə çalışmaq istəyir. Avadanlıqların praktiki cəhətdən öyrənilməsinə maraq göstərirdi, suallar verirdi. Stansiyanın işçiləri ilə birlikdə öz praktika işini hazırlamaqla yanaşı tələbə yoldaşlarına da köməklik göstərirdi. Kamran yaddaşlarda həmiçə çalışqan və tərbiyəli bir tələbə olaraq qalacaq. Ruhu şad olsun.”
Diplom işində də Kamran digər yoldaşlarından xüsusi ilə seçilirdi. Belə ki, o daim elmi rəhbəri Muxtar Ağamalıyevlə buraxılış işi ilə bağlı fikir mübadiləsi aparır, rəhbərin verdiyi plan əsasında işini davam etdirirdi. Kamranın buraxılış işinin olduqca aktual, tədqiqat zamanı alınan nəticələrin isə yaxşı olması onu bu məqamda da digərlərindən müsbət mənada fərqləndirdi. Qoyulan müddət ərzində buraxılış işini tamamlayan Kamran uğurla da onu müdafiə edərək əla (A) qiyməti aldı. Professor Muxtar Ağamalıyev onu belə xatırlayır: “Kamranın çalışqanlığı, məsuliyyətli olması və yüksək insani xüsusiyyətləri hər kəsə məlumdur. Onun buraxılış işinə rəhbərlik etdiyim müddətdə tez-tez söhbətlərimiz olurdu. Verdiyim tapşırıqları tam ürəyimcə yerinə yetirirdi. Onun hazırladığı buraxılış işindən indi də bir çox tələbələr yararlanır. Kamranla bağlı ən yadda qalan məqam isə onun türk dilində müvafiq sahə üzrə çox lazımlı bir kitab axtararaq tapmasında olmuşdur. Belə ki, bu kitabdan onun özü ilə bərabər neçə-neçə tələbə və mən özüm də istifadə etmişəm. Hər dəfə bu kitaba müraciət edərkən mən özlüyümdə “Kamranın kitabı” ifadəsini işlədirəm. Kamranın xatirəsi biz müəllimləri üçün çox əzizdir. Biz onunla fəxr edirik”
Hərbi xidmət həyatı
Kamran ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daşkəsən rayonunda N saylı hərbi hissədə xidmət edən Kamran 9 nümunəvi xidmətə görə fərqlənmə diplomu alıb. Hərbi xidmətdə atıcı ixtisasına yiyələnir. Xidmətini qüsursuz və layiqincə yerinə yetirən Kamrandan Hərbi hissə rəhbərliyi və əsgər yoldaşları olduqca razıdırlar. Belə ki, əsgər yoldaşı Toğrul İmanov onu belə xatırlayır: “Kamranla möhkəm dost idim. Onun danışdığı söz ilə əməlləri daim üst-üstə düşürdü. Allaha bağlı insan idi və dini söhbətlər edərdi. Əlində olan adi bir çörək parçasını belə dostu ilə bölürdü. Hətta bir dəfə cibində olan iki manat pulun bir manatını mənə vermək istədi. Onunla təxminən 3 ay müddətində bir yerdə xidmət etsək də Kamranla dostluğumuz kəsilmədi. İmkan olduqca zəng edərdi və görüşərdik. Kamran sözün yaxşı mənasında fərqli insan idi. Allah rəhmət eləsin.”

İş həyatı
Kamran hərbi xidmətdən qayıtdıqdan sonra “NBA Technologies International” şirkətinin E-Kassa şöbəsində informasiya texnologiyaları üzrə mütəxəssis kimi çalışmağa başladı. Öz ixtisasından tamam fərqli sahə olmasına baxmayaraq qısa bir zamanda çalışdığı işin incəliklərini öyrəndi və sərbəst çalışmağa başladı. Ona həvalə edilən işləri yüksək səviyyədə yerinə yetirirdi. Məhz buna görə də tez-tez bölgələrə ezamiyyətlərə gedirdi. İşçi kollektivinin arasında qısa bir zamanda rəğbət qazandı.
Mövcud işində yetərincə uğurlu olmasına baxmayaraq Kamran işini dəyişmək istəyirdi. Belə ki, o öz ixtisası üzrə işləmək arzusunda idi. Məhz buna görə də o iş üçün müraciət etdiyi “Azərenerji” ASC-də imtahandan uğurla keçir və qısa bir zamanda “Bakı İstilik Elektrik Mərkəzi”-in Qazan Turbin sexində “Boyler və deaerator qurğularının böyük maşinisti” vəzifəsində ixtisası üzrə işə düzəlir. Ölkədə elan edilmiş mövcud səfərbərliklə əlaqədar olaraq Kamran bu işdə cəmi iki həftə işləyə bildi və Qarabağ döyüşlərinə yollandı. Buna baxmayaraq o öz savadı və tərbiyəsi ilə işlədiyi kollektivdə xüsusi rəğbətə sahib oldu.
Şəhidlik zirvəsi
27 sentyabr 2020-ci il tarixində başlamış olan İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) Kamrandan da yan keçmədi. Belə ki, 28.09.2020 tarixində ona səfərbərliklə bağlı çağırış gəldi və tez bir zamanda müharibəyə yollandı. Getdiyi müddətdən başlayaraq mütəmadi olaraq valideynləri ilə əlaqə saxlayırdı. Verdiyi məlumata görə ilkin olaraq Beyləqan daha sonra Ağcabədi rayonlarında yerləşdirilib. Növbəti mərhələdə bölgü aparılarkən Kamran Cəbrayıl rayonuna aparılıb. Ailəsi ilə son telefon danışığı 20.10.2020 tarixində olub. Bu müddətdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri narahat olduğu üçün artıq onu tanışlar, döyüş yoldaşları və s. vasitəsi ilə axtarmağa başlayıblar. Yalnız 10.11.2020 tarixində Kamranın cansız bədəni əmisi tərəfindən ilkin baxış zamanı tanınaraq tapılmışdır.
Həmişə öz ehtiyatı ilə seçilən Kamran ölüm anında belə buna riaət etmişdir. Belə ki, o ömrünün son anlarında ailəsinə məktub yazmışdır. Məktubun mətni aşağıdakı kimidir:
“Canım atam, anam, bacım.
2 gündür yaralıyam, kömək də gəlmir. Bu gün ayın 23 oktyabrdır.
21 oktyabr yaralandım. Çoxu şəhid oldu. Məndə ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burda.
Əgər şəhid olsam haqqınızı halal edin, heç vaxt pis olmayın. Başınızı dik tutun. İnşallah cənnətdə görüşərik.
Özünüzü qoruyun.
Sizi çox istəyirəm.
23.10.2020. Vəlizadə (Şəxsi imzası)”
Məktundan da göründüyü kimi Kamran müəyyən müddət yaralı qalıb, soyuq payız günlərində, ac-susuz çox əziyyət çəkib və şəhid olub. Sonradan sağ qalmış döyüş yoldaşlarından əldə edilən məlumatlara görə Kamran Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Kamran 11 noyabr 2020-ci il tarixində doğulduğu Lənkəran rayonu Balıqçılar qəsəbəsində yerləşən kənd qəbiristanlığında dəfn edildi.
Allah rəhmət eləsin.
Kamran haqqında






Şərhlər

XƏBƏR LENTİ