SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

Tarix:

7-07-2020, 12:04

/ 1 491 dəfə oxundu.
Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

"Fairmont Baku” hotelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi. O, video çəkərək, sosial şəbəkə istifadəçilərini, media nümayəndələrini “işverən” adlandırmışdı. Ardınca isə saymazyana və cəmiyyətə hörmətsizlik halında deyirdi ki, “burada hovuz bağlandı, indi gedək görək başqa harada istirahət eləməyə yer tapırıq”...

Həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb. O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.

Onunla bağlı materiallar toplanıb, barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb, məhkəmə qərarı ilə 20 sutka həbs olunub.

Saxlanılan İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Məlum hadisədən sonra onun əyləncəli həyat yaşamasına, spirtli içkiləri içməsini nümayiş etdirməsinə dair çoxlu video və fotolar sosial şəbəkələrdə yer aldı.

Onun həmçinin Bakıda bahalı maşınla “Mercedes Galendvagen”lə ağır qəza törətməsi də məlum olub.

Bu olaydan sonra insanları düşündürən başqa bir məsələ isə tez-tez cəmiyyətdə biznesmenlərin, imkanlı insanların, məmurların övladlarının, xüsusən də oğul övladlarının tüfeyli həyat tərzi ilə gündəmə gəlməsidir. Təbii ki, bunu bütün biznesmen və məmur övladlarına şamil etmək olmaz, lakin bu cür hallarla gündəmə gələnlərin sayı heç də az deyil. Bəs görəsən, səbəb nədir? Niyə onlar əllərindəki imkanlardan yüksək təhsil almaq, iş həyatına qatılmaq üçün istifadə etmirlər, əvəzində həyatın mənasını eyş-işrət məclislərində axtarırlar?

Bu sualı “Yeni Müsavat”a açıqlamasında cavablandıran psixoloq Elnur Rüstəmov bildirdi ki, bəzən bu cür ailələrdə valideynlər uşaqlara yetərincə zaman ayırmır və bu da onların davranışlarına təsir edir: “Qeyd olunan halları bütün imkanlı ailələrə, orada böyüyən uşaqlara şamil edə bilmərik. Elə ailələr var ki, həqiqətən uşağın təhsili və tərbiyəsi ilə daha çox məşğul olur. İş adamı olmasından və ya dövlət orqanlarında çalışmasından asılı olmayaraq, bu insanlar bir şeyi diqqətdə saxlamalıdırlar ki, uşağın tərbiyəsinə, onun cəmiyyətə münasibətinə diqqət yetirmək lazımdır. Valideyn iddia edə bilər ki, işləri çox olub, hər zaman çalışıb, onun uşaqlara vaxt ayırmağa zamanı olmayıb. Ancaq təhsilə yönələn uşaqlarda bu cür problemlər az olur. Bu cür ailələrdə böyüyən və təhsildən yayınan uşaqlar zaman keçdikcə özlərini başqa sferada təsdiq etmək istəyirlər. Bu isə əyləncədir, qlamur həyat tərzidir. İstedad, elm, bilikləri yoxdur, özünü təsdiq üçün bu yolu seçirlər. İnsan özünü haradasa təsdiq etməlidir, bacardığı sahədə sözünü deməlidir. Özünü təhsildə, incəsənətdə təsdiq edə bilmir, ona görə də daha çox qlamur həyatla, içki məclisləri ilə özlərini sübut etməyə çalışırlar. Özlərini o mühitdə daha rahat hiss edirlər”.

Psixoloq bildirdi ki, ona görə də ictimaiyyətdə tanınan, nüfuz sahibi olan, biznesmen və sair insanlar övladlarının tərbiyəsində bu məqama diqqət yetirməlidirlər: “Dünənki hadisə ilə bağlı da əminəm ki, ən çox narahat olan o gəncin özündən daha çox valideyni oldu. Çünki o valideyn zəhmət çəkir, çalışır. Uşaq dincəlsə də, bəlkə valideyn sonuncu dəfə nə zaman istirahətə getdiyini xatırlamır. Ancaq övladının istənilən hərəkət və davranışının məsuliyyəti valideynin üstündə qaldı.

Burada əsas məqamlardan biri də ondan ibarətdir ki, valideyn uşağı ilə zaman keçirə bilməyəndə, onunla maraqlana bilməyəndə, bunu uşağın istəklərini yerinə yetirməklə kompensasiya edir. Vicdan əzabını onunla susdurur ki, uşağa zaman ayıra bilmədim, heç olmasa istədikləri şeyləri alım. Burada birinci növbədə təhsili əsas götürməliyik. Demək olmaz ki, bu ancaq imkanlı ailələrdə baş verir. Sadəcə, bu insanlar cəmiyyətdə diqqət mərkəzindədirlər. Onların etdiyi hərəkət və davranışlar cəmiyyət tərəfindən daha çox reaksiya ilə qarşılaşır. Son 3-4 ildə imkanlı ailələr ən çox problemi elə öz ailələri ilə yaşayırlar. Bu gün də övladlarının hərəkətlərindən əziyyət çəkən valideynlər var. Bu da cəmiyyətdə qıcıq yaradır".

E.Rüstəmovun sözlərinə görə, əgər ailələrin uşaqlarına ayırmağa zamanı yoxdursa, o zaman ən yaxşı variant onları təhsilə yönəltməkdir: “Bir də uşağın davranışına fikir vermək lazımdır. Əgər valideyn uşağın davranışında hansısa narahatlıq görürsə, dərhal tədbir görsünlər. Çünki bu cür ailələrdə böyüyən uşaqlar çox vaxt zərərli vərdişlərin qurbanlarının təsirinə düşürlər.

Valideynin imkanlı olması ilk növbədə uşaqlardakı motivasiyanı öldürür. Çünki pul var və uşaq artıq maddi məsələdə əziyyət çəkmir. Pul isə özünün deyil, atasınındır. Əlbəttə, maddiyyat onların bu həyatını asanlaşdırır. Onlar artıq bir nöqtədən sonra heç nədən zövq almır. O, heç hovuzdan da zövq almırdı, sadəcə, getdiyini göstərmək istəyirdi. Hətta bu gün peşman olduğunu desə belə, bu inandırıcı deyil. Çünki onların cəmiyyətə baxışları fərqlidir. O müstəvidə yanaşmalar, həyata baxış başqa cürdür. Orada əziyyət çəkən yalnız valideynlərdir".

Şərhlər

XƏBƏR LENTİ