Deməli, Spase TV-nin bir "Sadə həqiqətlər" verilişi var. Aparıcı Vaqif Mustafayevdir, İo Kio baba kimi fokus-mokusla məşguldur, gözə görünmür, kadrlarda ancaq əlləridir, özü də o qədər uzun ki, hətta gedib Cümhuriyyət dövrünə də çıxır.
Sonuncu verilişində də tarixi ittiham etməklə məşğul olub, üstəgəl çox hörmət etdiyim dostumuz Vasif Qafarovu da sanki müttəhim kürsüsündə əyləşdirməklə. Əslində mənim üzüntüm Vasif Qafarov sarıdandır.
12 il Türkiyə arxivlərində işləyən, belə bir qiymətli materiallarla vətənə dönən, İrəvanın verilməsinin tarixi zərurət olduğunu dəfələrlə müsahibələrində açıqlayan Vasif qardaşım gərək İo Kİo babanın hakim olduğu məhkəmə zalını dərhal tərk edəydi. Adam ağzını açıb " əziz tamaşaçılar, Vasif müəllimin işıqlı simasına diqqətlə baxın, o sizlərə hələ tanış deyil. Amma Sadə həqiqətlərin bu buraxılışından sonra siz Vasif müəllimi yaxşı tanıyacaqsız" deyəndə tarixçi qardaşımız durub o verilişdən çıxmalıydı.
Təəssüf ki, Vasif Qafarov bunu sadə həqiqət kimi qəbul etdi və hətta gülümsədi də. Daha İo Kio babaya demədi ki, a kişi, sənin başın hind filmlərinə o qədər qarışıb ki, hardan biləsən məni kim tanıyır, kim yox?!
Hələ bu azmış kimi Vasif müəllim tarixçi həmkarlarını da məyus edən mövqe ortaya qoydu. Tarixi gerçəkliyə göz yumaraq, bilə-bilə ki, İrəvanın verilməsi vəziyyətdən yeganə çıxış yolu idi.
Şəxsən özü mənə müsahibəsində bunu dəfələrlə vurğulamışdı ki, Bakı bolşevik daşnakların işğalı altında idi.
Mart qırğınları törədilmişdi, Şamaxı başda olmaqla neçə neçə qəzada minlərlə insan qətlə yetirilmişdi, Qarabağda vəziyyət gərgin olaraq qalırdı və belə bir məqamda erməni məsələsi həllini tapmalıydı. İrəvanın verilməsi tarixi gerçəklik idi deyən adam indi bir ortabab televiziya adamının qabağında lal dinməz dayandı.
Niyə Vasif Qafarov? Bunu sizin xətrinizi dünyalar qədər istəyən biri olaraq yox, həm də bir jurnalist kimi soruşuram. Bu Şahrux heyranı adamın özünü şah kimi apardığı verilişdə siz niyə rəiyyət kimi davrandız? Hanı sizin iti diliniz ki, cəmi iki həftə əvvəl bir saatlıq canlı verilişdə biz onu kəsə bilmirdik? Sizi susdurmaq sadəcə mümkün deyildi . Amma indi susdunuz, günahkar kimi? Niyə də, axı niyə?
Səhv etmirəmsə Mehriban Vəzir yazmışdı ki, mayın 28-də Cümhuriyyət günündə Anar İsgəndər çıxışında bir dəfə də olsun Rəsulzadənin adını çəkməyib. Bunu deputat mandatı ilə əlaqələndirmişdilər. Oxudum, çox pis oldum. Yaxşı, indi sizə nə oldu?
Parlamentə yol bilirəm ki, İo Kio babaların sehirli çubuğu ilə həllini tapır. Amma o çubuq axı Vaqif Mustafayevin əlində deyil. Hətta olsa da belə, sizə belə aqibət arzulamıram. Ən yaxşısı tarixçi olub tarix danışın, deputat olub nağıl danışmaqdansa. Əminəm ki, incimədiniz...
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist