SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DİN-in və DTX-nin rəhbərliyindəki yenilənmə nələri dəyişdi - RƏYLƏR

DİN-in və DTX-nin rəhbərliyindəki yenilənmə nələri dəyişdi - RƏYLƏR

Tarix:

20-06-2020, 12:30

/ 1 333 dəfə oxundu.
DİN-in və DTX-nin rəhbərliyindəki yenilənmə nələri dəyişdi - RƏYLƏR

Bu gün - iyunun 20-də Azərbaycanın iki güc strukturunun rəhbərlərinin dəyişdirilməsinin 1 ili tamamlanır. Ötən il Prezident İlham Əliyevin sərəncamları ilə Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrinə təyin olundular.

Bu təyinatlar gözlənilməz olduğu qədər, xeyli maraqlı qarşılandı. Çünki həmin ərəfədə DİN-də və DTX-də rəhbər dəyişiklikləri gözlənilmirdi. Amma bir məsələ var ki, 2018-ci ilin aprel ayından başlayaraq Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan kadr islahatı bu iki quruma nə vaxtsa şamil olunacaqdı. Sadəcə olaraq, DİN-in və DTX-nin rəhbərlərinin dəyişdiriləcəyi barədə nə mediada, nə sosial şəbəkədə, nə siyasi çevrələrdə müzakirələr aparılmırdı. Bu dəyişikliklə bağlı gözlənti yox idi.

Bəs ötən 1 il ərzində nə dəyişdi? Dövlətin ən vacib strukturlarından olan Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizlik Xidmətində bu cür gözlənilməz kadr dəyişikliyi ölkəmizə, cəmiyyətə nə verdi?

Mövzunu şərh edən sabiq polis rəisi Mahmud Hacıyev güc strukturlarına rəhbər vəzifəyə təyinat almış hər şəxsi öz sahəsinin peşəkarı adlandırıb: “Güc strukturları digər dövlət qurumlarından gərgin iş qrafiki, təşəbbüskarlıq, vaxtında və düzgün qərar vermə kimi tələbləri ilə fərqlənir. Vilayət Eyvazov vəzifəyə təyinat aldığı gündən təşəbbüskarlıqla işə başlayıb. O, daxili işlər orqanlarının strukturuna yaxşı bələddir, şəxsi heyəti çox yaxşı tanıyır. Ona görə də təyinat düzgündür”.

Mahmud Hacıyev deyir ki, Vilayət Eyvazovun daxili işlər orqanlarında apardığı islahatlar artıq öz nəticəsini verməkdədir: “Struktur dəyişiklikləri, yeni təyinatlar öz sözünü deyir. Məsələn, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyi dəyişdirildi. Ötən zaman ərzində bu sahədə atılan addımlar və keçirilən əməliyyatların müsbət nəticələri oldu. Bu idarənin rəisi başqa xidmət sahəsinə göndərildi. Yeni təyinatdan sonra idarənin işində əməlli dönüş yaranıb. 5-6 ay ərzində son 2-3 ildə keçirilən əməliyyatların sayından daha artıq uğurlu əməliyyat tədbirləri keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi dəyişdirildi. Nəticədə baş verə biləcək cinayətlərinin qarşının alınması yönündə yaxşı nəticələr əldə olundu".

Mahmud Hacıyev deyir ki, daxili işlər naziri gözləntiləri doğruldub: “Zabitlərin vətəndaşları qəbul etməsi, dinləməsi, yola salması tövrü dəyişib. Rayon polis idarələri rəislərinin, müavinlərinin vətəndaşların ərizə və şikayətlərinə baxması da müsbət mənada dəyişib. Vətəndaşlarla davranışların yüksək səviyyədə, etik çərçivələrdə olması təmin olunub. Polis nəfərlərinin vətəndaşlarla davranışı da göz qabağındadır. Vilayət Eyvazov ona göstərilən etimadı tez bir zamanda doğrultdu”.
Mahmud Hacıyev vəzifəyə təyinatının 1 ili tamam olan Əli Nağıyevi təhlükəsizlik orqanlarında çalışan peşəkar kadr kimi tanıdığını deyib: “Əli Nağıyev təhlükəsizlik orqanlarında püxtələşmiş, yetişmiş kadrdır. Onun bu vəzifəyə təyinat almağı qanunauyğunluq idi. Əli Nağıyevi indiki Binəqədi rayonunda əməliyyat müvəkkili işlədiyi dövrdən tanıyıram. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən - leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında pillə ilə yüksəlib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, nazir müavini səviyyəsinədək böyük bir yol keçib. O, peşəkar bir çekistdir. Ötən 1 il ərzində Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı əsaslı işlər görülüb. Əsas məsələ dövlətin təhlükəsizliyini qorumaqdır. Bundan əvvəl qeyd olunan postda oturan Eldar Mahmudovun işi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq idi. Onun özü dövlətin təhlükəsizliyinə təhlükə idi. Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilməsi bu sahəyə illərlə vurulan ziyanı müəyyən mənada kompensasiya etmiş oldu. 1 il ərzində nə etmək mümkün idisə, bu işlər artıqlaması ilə, həm də keyfiyyətlə yerinə yetirildi. Öz işini bilən, rəhbərlik etdiyi sahəyə yaxşı bələd olan kadrların vəzifəyə təyin olunması ötən 1 il ərzində müsbət mənada dəyişiklikləri ortaya qoyub. Əli Nağıyevin rəhbərliyi altında icra başçılarının ifşasını, nazir müavininin həbsini və bu qəbildən olan əməliyyatları cəmiyyət olduqca yaxşı qarşıladı. Əli Nağıyev təhlükəsizlik orqanının imicini 1 il ərzində qaldıra bildi”.

Deputat Fəzail Ağamalı da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, güc strukturlarının rəhbərliyinə 1 il əvvəl peşəkar kadrların təyinatı olduqca vacib məsələ idi: “Ölkə prezidentinin apardığı islahatlar içində ən ciddi əhəmiyyət kəsb edən kadr islahatlarıdır. 2018-ci il prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi islahatlar başladı. İki mühüm sahənin rəhbərliyinə peşəkar, yüksək imici olan, dövlətçiliyimizə bağlılığı, qətiyyətli mövqeyi ilə seçilən kadrlar gətirildi. Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyin olundular. Buna qədər hər iki general Azərbaycan cəmiyyətində yetərincə tanınırdılar. Vilayət Eyvazov daxili işlər orqanlarında, Əli Nağıyev təhlükəsizlik orqanlarında püxtələşmiş, özlərini təsdiq etmiş kadrlardır. Hər biri öz sahələri üzrə üzərilərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirirdi və təbii ki, bu, diqqətdən kənar qala bilməzdi”.

Fəzail Ağamalı deyir ki, ötən 1 il ərzində daxili işlər və təhlükəsizlik orqanlarında baş verən dəyişiklikləri hər kəs görür: “Vilayət Eyvazov üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Cənab prezidentin etimadını yüksək səviyyədə qazanmaqda və xalqın rəğbəti içərisində fəaliyyətini davam etdirməkdədir. Vilayət Eyvazov polis sistemində aşağıdan yuxarıya doğru pillə-pillə yüksəlib. Bu da peşəkarlığa, təcrübəyə, şəxsi heyətlə işləməyə, vətəndaşla münasibət qurmaqda böyük rola malik bir amildir. Onun dövlətə, Prezidentə bağlılığı birmənalıdı. Vilayət Eyvazov dövlət üçün ən böyük fədakarlıq etmiş bir daxili işlər orqanı zabitidir. Yaxın tarixdə hər kəs bunun şahidi olub. Peşəkarlıqla fədakarlıq, sədaqətlə təcrübə birləşdikdə, bunun qarşısını kimsə ala bilməz”.

Deputat Əli Nağıyevin personası ətrafında da danışıb. Sitat: “Təəssüf ki, Əli Nağıyevə qədər xüsusi xidmət orqanlarının imici ciddi şəkildə zədələnmişdi. Eldar Mahmudovun yaratdığı banda insanlara zülm verir, sahibkarları soğan kimi soyurdular. Bu adamlar təhlükəsizliyi həyata keçirmək əvəzinə özləri təhlükəyə çevirilmişdilər. Əli Nağıyevin təyinatı ilə bu sahədə köklü dəyişikliklər baş verdi. Qara maskalı ağ niyyətli oğlanların bir-birinin ardınca keçirdikləri əməliyyatlar cəmiyyətdə rəğbətlə qarşılanıb. Bu əməliyyatlar peşəkar çekist olan Əli Nağıyevin rəhbərliyi ilə çox yüksək səviyyədə həyata keçirilib. Əli Nağıyevin qısa müddətdə formalaşdırdığı komanda bu əməliyyatları peşəkarcasına həyata keçirib”.
Fəzail Ağamalı bir məqama da diqqət çəkib. Deyib ki, Əli Nağıyev vaxtilə əldə silah vətən torpaqlarının qorunmasında yaxından iştirak edib: “Bunun foto və video faktları mövcuddur. O vaxt Azərbaycanda ordu quruculuğu hələ başlamamışdı. Polis və xüsusi xidmət orqanlarının təmsilçiləri erməni işğalçılarına qarşı əldə silah gecə-gündüz vuruşurdular. Bu şərəfli və müqəddəs işi görənlərdən biri də Əli Nağıyev olub. İndi də o, Azərbaycan dövlətinin təhlükəsizliyi uğrunda gecə-gündüz mübarizə aparır”.
Vilayət Süleyman oğlu Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali xüsusi rütbəsi verilib. Ailəlidir. 3 övladı var.
Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb.

Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb.

1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.

2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Şərhlər

XƏBƏR LENTİ