SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Heydər Əliyev – Azərbaycanın xilaskarı

Heydər Əliyev – Azərbaycanın xilaskarı

Tarix:

16-06-2020, 17:34

/ 944 dəfə oxundu.
Heydər Əliyev – Azərbaycanın xilaskarı

1993-cü ilin əvvəllərində Bakının küçələrində silahlılar gəzir, kimin kimə, niyə və nə üçün xidmət etməsi bilinmir. Prezident Kələkiyə qaçıb. Oradan bəyanatlar verir. “Ölkəni idarə etmək üçün Bakıda olmaq şərt deyil” söyləyir.
Şimalda “Ləzgistan” adlı idefiks artıq “hüquqi tanınmaya” hazırlaşır. Cənubda AXC-nin yaradıcılarından olan Əlikram Hümbətovun elan etdiyi “Talış-Muğan Respublikası” Ermənistanla gizli apardığı danışıqları aşkarlamağa hazırlaşır. Çünki Ermənistan “Sadval” hərəkatının dəstək verdiyi “Ləzgistan”la Ə.Hümbətovun “prezident” olduğu “Talış-Muğan Respublika”sının “dövlət müstəqilliyi”ni tanıyacağına vədlər verib.
Cəbhədə isə rayonlar ard-arda düşmənə təhvil və təslim edilir, həmin bölgələrdəki bir mərkəzdən idarə olunmayan hərbi hissələr Bakıya axışır.
Gəncədə qiyam qaldırmış Surət Hüseynovun korpusu artıq Bakı ətrafına çatıb. Sitalçay, Lökbatan, Nəvahidə artilleriya qurğuları Bakıya tuşlanıb. Surət Hüseynov isə qəzəblənib: “Əbülfəz Elçibəyə və dəstəsinə getməsəniz, hamınızı Azadlıq Meydanında asacam!” deyir.
Azərbaycanın parçalanıb məhv olmaq astanasına gəldiyi, millətin və dövlətin taleyinin həll olunduğu həmin günlərdə Əbülfəz Elçibəyin dəvəti və xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlir.
AXC-Müsavat birliyinin yarıtmaz idarəçiliyindən, bisavad adamların ən yüksək postlara təyin olunmasından, xəyanətlərin, satqınlıqların ard-arda davam etməsindən, sui-qəsdlərin və siyasi qətllərin az qala adi hala çevrilməsindən, aclıqdan, qıtlıqdan, xaosdan bezən Azərbaycan xalqı o dönəmin “rəhbərliyindən” Heydər Əliyevin Bakıya dəvət olunmasını tələb edirdilər. Çünki xalq xilaskarın Ulu Öndər Heydər Əliyev olduğunu bilirdi.
1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi.
Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə divarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, Heydər Əliyev iyunun 15-də Milli Məclisdə istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə çıxan Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi.
İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı.
Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.
H.Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Ölkəmizin qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdi: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət bizə ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaq.


Cəfərli Vüsal
Nərimanov Bələdiyyəsinin sədr müavi

Şərhlər

XƏBƏR LENTİ