XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Qara maskalılar" - Cəmiyyətin "ağ atlı xilaskarı"

"Qara maskalılar" - Cəmiyyətin "ağ atlı xilaskarı"

"Qara maskalılar" - Cəmiyyətin "ağ atlı xilaskarı"
25-02-2020, 10:36

“Azərbaycanda qara maskalılara rəğbət yaranır”...
Öncə Ağstafa rayonunun, daha sonra Neftçala rayonunun icra başçısının DTX əməkdaşları olan qara maskalılar tərəfindən kabinetində həbs olunması, onların yol verdiyi qanunsuz əməllərin və korrupsiya faktlarının gizli kamera ilə çəkilib sübut kimi cəmiyyətə təqdim olunması vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanıb.

Sosial şəbəkədəki paylaşımlardan da hiss olunur ki, insanlarda qara maskalı DTX əməkdaşlarına qarşı simpatiya yaranıb, onları obrazlı şəkildə “xilaskar kimi, ağ atlı qəhrəman” kimi təqdim edənlər də var. Halbuki Azərbaycan insanında qara maskalı, qara şinelli şəxslərə qarşı hər zaman qorxu və ikrah hissi olub.

1937-ci il repressiyaları zamanı ziyalıların yaşadıqları evlərdən aparılıb güllələnməsi, sürgün edilməsi, daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlaltıları olan şəxslərin vətəndaşları incitməsi belə mənfi bir təsəvvür yaratmışdı. İndi isə bölgələrdə vətəndaşlara zülm edən yerli idarəetmə orqanlarının rəhbər şəxslərinin qara maskalı təhlükəsizlik əməkdaşları tərəfindən həbs edilməsi onlara qarşı bir rəğbət yaradıb.

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, sosial psixologiyada bu məsələ izah olunub: “İnsanların hər zaman bir tənqid obyekti olur, narazı olduğu sahə olur. Azərbaycan müstəqillik qazandıqdan sonra yerli icra orqanlarının rəhbərləri əhali arasında çox mənfi imic qazandılar. İnsanın belə bir xüsusiyyəti var ki, hər hansı bir şəxsin gəlirləri vəzifəsinə və aldığı əmək haqqına uyğun olmadıqda onlarda qıcıq doğurur. İnsanlar məmurun aldığı əmək haqqı məbləğindən məlumatlı olduqda və onun günbəgün əldə etdiyi sərvəti gördükdə onlarda nifrət yaranır. Onlar bilirlər ki, həmin insanlar düz yolda deyil, oğurluqla məşğuldurlar. Həmçinin vəzifəli şəxslər zaman-zaman insanlara əziyyət verib, onların haqlarını tapdayıblar. Nəticədə tənqid obyektinə çevriliblər, onlara qarşı cəmiyyətdə ikrah yaradıb. Həmin şəxslərə qarşı hüquqi tədbirlərin görülməsi, onların oturduqları kresloda həbs olunması bu mənada vətəndaşları sevindirir, həmin qara maskalılara simpatiya yaranır”.

Psixoloq Azad İsazadənin sözlərinə görə isə əməliyyat keçirən zaman üzlərini gizlətmək bütün hüquq-mühafizə orqanlarına aiddir: “Onların özlərinin və ailələrinin qorunması, təhlükəsizliyin təmin olunması məqsədilə tətbiq olunan bir qaydadır. Çünki onlar başqa ölkələrin xüsusi xidmət orqanlarına, həm də mafiyaya və korrupsiyaya bulaşmış vəzifəli şəxslərə qarşı mübarizə aparırlar. Bu maskaları təkcə dövlət təhlükəsizlik qurumları yox, kəşfiyyat və əks kəşfiyyat yox, o cümlədən bəzən polis də istifadə edir”.

Psixoloq vurğuladı ki, qara maskalılar əməliyyatı ədaləti bərpa etmək məqsədilə istifadə olanda rəğbət doğurur: “Ancaq maskalı insanlar ədalətli əməliyyatlar keçirəndə və artıq neçənci dəfədir ki, qanunsuz fəaliyyət göstərən dövlət məmuruna qarşı keçiriləndə o zaman simpatiya yaradır. Bununla yanaşı, cinayətkarlara və mafiya qruplaşmalarına qarşı aparılanda da insanlarda müsbət emosiya yaradır ki, bizi qoruyurlar, bizim haqqımızı tapdamağa qoymurlar. Belə qurumlar əhali arasında hörmət qazanırlar. Bizdə reallıqdan doğan belə bir təsəvvür yaranmışdı ki, hər bir güc strukturu ilə danışıb məsələni həll etmək olar. O cümlədən korrupsiya yolu ilə, tanış, qohum vasitəsilə və sair məsələni yoluna qoymaq olar. Birdən-birə əhali görür ki, icra başçısı kimi heç də kiçik olmayan bir vəzifəli şəxsə qarşı Dövlət Təhlükəsizlik Xidməti heç bir güzəşt etmədən belə bir əməliyyat keçirirsə, istər-istəməz əhali arasında rəğbətlə qarşılanır. Vətəndaşları incidənlərə qarşı hansısa güc istifadə olunanda əhalidə müsbət reaksiya yaranır”.

”Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.