SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət »  Sabiq nazirlər indi də maaş alırlar - kimlər haradan qazanır?

 Sabiq nazirlər indi də maaş alırlar - kimlər haradan qazanır?

Tarix:

14-06-2019, 09:33

/ 1 007 dəfə oxundu.
 Sabiq nazirlər indi də maaş alırlar - kimlər haradan qazanır?

1993-cü ildən bu günə qədər Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər daim gündəmdə olublar. Sabiq dövlət məmurları arasında vaxtilə həbsdə olanlar, xarici ölkələrə səfir göndərilənlər var. Keçmiş iri ranqlı dövlət məmurlarının harada olmaları, məşğuliyyətləri hər zaman maraq doğurur.

2018-ci ilin aprelində keçirilən prezident seçkisindən sonra da bir neçə nazirliyin rəhbəri dəyişdirildi. Kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edildi, onun yerinə İnam Kərimov nazir təyin olundu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu Rövşən Rzayev əvəzlədi. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da vəzifəsini itirdi. Onun yerinə bu vəzifəyə Sahil Babayev təyin olundu. Baş nazir Artur Rəsi-Zadə, onun müavinləri Elçin Əfəndiyev, İsmət Abbasov və Abid Şərifov da yeni hökumətdə yer almadı. Digər nazirlik və komitələrin rəhbərliyində də dəyişiklik oldu.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. Sabiq nazir modern.az-a açıqlamasında faktı təsdiqləyib. Yeni işində Azərbaycana, dövlətçilik ənənələrinə xidmət edəcəyini vurğulayıb.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

Səlim Müslümov 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Eks-nazir iqtisad elmləri doktoru, professordur.

Prezident İlham Əliyev bir müddət əvvəl Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

2013-cü il oktyabrın 22-dən 2018-ci il aprelin 21-dək kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vəzifə təyinatı olmasa da, onun qardaşı Elton Məmmədov işsiz qalmayıb. O, AzTU-nun strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunub.

Elton Məmmədov 1954-cü ildə Ucar rayonunda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Elton Məmmədov 2007-ci ildən AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri kimi yerli və beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olub və bu layihələrə rəhbərlik edib. Laboratoriyada Azərbaycanın müxtəlif regionlarından götürülmüş neft məhsullarının və lay sularının intensiv analizi və tədqiqi aparılır.

AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri və “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professor olan Elton Məmmədov 56 elmi əsərin, 3 monoqrafiyanın, 1 ixtiranın, eləcə də ali məktəblər üçün 2 dərsliyin müəllifidir.

Elton Məmmədov 3 çağırış Milli Məclisin deputatı olub.

Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev vəzifəsindən azad olunmasından sonra hansı işlə məşğul olması ilə bağlı yalnız bir dəfə açıqlama verib. Aydın Əliyev “Hələ bilmirəm və bunu gələcək göstərəcək. Bir müddət istirahətimə üstünlük verəcəm” deyə, cavab verib.

Sabiq baş nazir Artur Rəsi-Zadə, onun sabiq müavinləri Elçin Əfəndiyev və Abid Şərifov təqaüd yaşlarına görə həyatlarını dincəlməklə keçirirlər. İsmət Abbasovun harada işlədiyi barədə xəbər yoxdur.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ