
Dünən Mətbuat Şurasının sədri, millət vəkili hörmətli Əflatun Amaşovun doğum günü idi. Doğum günüylə bağlı Əflatun müəllimi təbrik etmək istəsək də, cəhdimiz baş tutmadı və Əflatun müəllimə mesaj yazıb bizimlə əlaqə saxlamasını xahiş etdik. Bu gün redaksiyamıza zəng vuran Əflatun müəllim müəyyən səbəblərə görə dünən telefonlara cavab verə bilmədiyini bildirdi və doğum günüylə bağlı onu təbrik etdiyimizə görə təşəkkür etdi.
Əflatun müəllim Moderator.az-a açıqlamasında doğum günü ilə bağlı öz xoş təəssüratlarını bölüşdü:
“Moderatorçuların hər birinə dərin təşəkkürümü bildirirəm. Əlaqə saxlayıb doğum günümlə bağlı nəsə hazırlamaq istəyirdiniz. Bunu şəxsimə qarşı çox böyük diqqət hesab edirəm. Düşündüm ki, Formula 1 yarışı, Qala divarları ilə bağlı gündəmi zəbt edən söz-söhbət və digər çoxsaylı hadisələr fonunda mənim dünyaya gəlməyimlə əlaqədar hansısa məlumat nə dərəcədə diqqəti çəkəcək, kimlər üçün önəmli görünəcək?! Yaş çoxaldıqca keçdiyin yolu daha diqqətlə təhlil edirsən, müsbət nələr varsa, üstündən ötürsən, boşluqlardan kədərlənirsən. Hər dəfə özün üçün müəyyənləşdirirsən ki, hər şey vaxtında edilməlidir. Unutqanlıqdan zamanında nəticə çıxarılmalıdır, xeyirxahlıq həyat kredon olmalıdır, sənə uzanan əlləri daha məhəbbətlə sıxmalısan. Məncə, yaşamağın da özü budur. Bir də keçmişi sevə-sevə həmişə irəliyə baxmalısan.