
Məlum olduğu kimi, Anar Bağırov Vəkillər Kollegiyasına sədr gələndən sonra bir çox tanınmış vəkilin fəaliyyətinə son verilib. Bəziləri də yaranmış vəziyyətə görə vəkillik fəaliyyətini dayandırıblar. Xüsusən tanınmış vəkillərin Vəkillər Kollegiyasının üzvlüyündən kənarlaşdırılması, vəkillərin mətbuata çıxışlarına qadağa qoyulması, müdafiə etdikləri şəxslərin qarşılaşdığı qanunsuzluqları ictimailəşdirməsinə icazə verilməməsi, üzvlük haqqının artırılması və sair kimi hallar narazılıqla qarşılanır. Əksər vəkillər narazılıqlarını ictimailəşdirməkdən çəkinsələr də, fikirlərini açıq ifadə edənlər də var. Belələrindən biri də tanınmış vəkil, “ADİSAD” hüquq məsləhətxanasının direktoru Adil İsmayılovdur.
“AzPolitika.info”nun məlumatına görə, Adil İsmayılov özünün “facebook” səhifəsindən paylaşdığı son yazıda Vəkillər Kollegiyasının rəhbərliyilə bağlı ağır ittihamları ictimailəşdirib, Anar Bağırovu bu iddialara aydınlıq gətirməyə çağırıb.
Adil İsmayılovun yazdıqlarını olduğu kimi təqdim edirik:
“Dostların xahişi ilə Vəkillər Kollegiyası (VK) ilə aramızda yaranmış ixtilafa aydınlıq gətirmək istəyirəm.
Bir neçə gün əvvəl “Nüfuzumuz artdıqca üzvlük haqqı da artır. Bəlkə bir az…” məzmunlu status paylaşmışdım. Daha sonra VK üzvləri qrupunda üzvlük haqlarının artırılmasının bəzi vəkillərin büdcəsi üçün problem yarada biləcəyini nəzərə alaraq bu məsələnin təcili həll edilməsi barədə təklif vermişdim. Təklifim bəzi vəkillərin təpkisi ilə üzləşdi. Hətta məni hüquqi nihilizmdə ittiham edənlər də tapıldı. Arqument bu idi ki, konfransın qərarı ilə qəbul edilmiş üzvlük haqqını Rəyasət Heyəti (RH) azalda bilməz. Dünən RH-in qərarı ilə üzvlük haqları bir il müddətinə xeyli azaldıldı. Sağ olsunlar, belə operativ reaksiya verdiklərinə görə təşəkkür edirəm. Hesab edirəm ki, məsələ qapandı.
İndi fürsətdən istifadə edib bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Söhbət VK-nın sədri Anar Bağırovun statusundan gedir, hansı ki, mən öz səhifəmdə paylaşmışam. Dostlar soruşurdu ki, bu statusun mənə aidiyyəti varmı? Mən sualı Anar Bağırova ünvanladım, amma cavab ala bilmədim.
Açığı prokurorluqdan qovulmadığım və Anar müəllimin mənə olan sayğılı münasibəti belə düşünməyə əsas verir ki, o, məni nəzərdə tutmayıb, doğrusunu özü daha yaxşı bilir və inanıram ki, münasibət bildirəcək. Bu bir neçə gündə mənə kollegiyadakı vəziyyətlə bağlı müxtəlif səpkili müraciətlər oldu, hətta aramızda münaqişə olduğunu fikirləşib, ortalığı daha da qızışdırmağa çalışanlar da oldu. Gəldiyim nəticə budur ki, təzə rəhbərliyin fəaliyyəti hamı tərəfindən heç də birmənalı qarşılanmır. Onu istəyənlərlə yanaşı istəməyənlər də var.
Rəyasət Heyətinin barəsində coxsaylı şayiələr yaranıb. Bunlardan birini mənimlə söhbətində RH-in hörmətli üzvü vəkil Müxtar Mustatafayev təkzib etdi. Belə söz-söhbət gəzirdi ki, RH-in hazırda istifadə etdiyi ofis hörmətli Anar müəllimin şəxsi mülkiyyətidir və VK oranın icarəsi üçün hər ay 10.000 (on min) manat ödəyir.
Hörmətli Muxtar müəllim dedi ki, ofisin Anar müəllimə heç bir aidiyyəti yoxdur və VK icarə üçün cəmi 8.000 (səkkiz min) manat ödəyir. İndi qalan şayiələri də hörmətli Anar müəllimin diqqətinə çatdırıram və xahiş edirəm ki, imkanı olanda onlara da aydınlıq gətirsin ki, söz-söhbət də yığışsın. Keçim “şayiələrə”…
1. Deyirlər ki, rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə 1.000.000 (bir milyon) manata kimi miras qoyubmuş, yeni rəhbərlik həmin pulların “başına daş salıb”;
2. Deyirlər ki, Anar müəllimin keçmiş patronu Fariz Məmmədov 12 saylı hüquq məsləhətxanasına müdir təyin edildikdən sonra orada VK-nın vəsaiti hesabına super təmir aparılıb və indi oranı özəlləşdirmək istəyirlər;
3. Deyirlər ki, Anar müəllim yenə də VK-nın vəsaiti hesabına müxtəlif vəkil bürolarını təmir etdirir. Bu təmir üçün həm də vəkillərdən pul yığılmaqla yanaşı, dövlət başçısının sərəncamı ilə vəkilliyin inkişafı üçün ayrılmış vəsait də silinir.
Başqa əhəmiyyətsiz və az əhəmiyyətli şayiələr də var ki, bunların üzərində durmaq istəmirəm. Yəqin razılaşarsınız ki, bu səslənənlər VK üçün çox ağır ittihamlardır, özünü ictimaiyyət üçün açıq, fəaliyyətinin şəffaf olmasını elan edən, vəzifəsi vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərmək olan bir təşkilat bu ittihamlara reaksiya verməyə borcludur.
Əgər Anar müəllim bu məsələnin ictimailəşməsinin əleyhinədirsə, onu başa düşmək olar. Amma bu halda da ən azından rəhbəri olduğu VK-nın üzvlərinə bir illik fəaliyyəti dövründə VK-nın gəlirləri və xərcləri barədə hesabat vermək onun vəzifəsidir.
Hörmət və sayğılarla. Ümidvaram ki, Anar müəllimin reaksiyası gecikməyəcək, ona peşə fəaliyyətində və tutduğu vəzifədə uğurlar arzu edirəm”.
Adil İsmayılovun yazısında qeyd olunanlarla bağlı Vəkillər Kollegiyasın sədri Anar Bağırovun da mövqeyini işıqlandırmağa hazırıq.
AzPolitika.info