SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BDU-da hələ də Məhərrəmovun “küləyi əsir”

BDU-da hələ də Məhərrəmovun “küləyi əsir”

Tarix:

24-11-2018, 13:47

/ 1 628 dəfə oxundu.
BDU-da hələ də Məhərrəmovun “küləyi əsir”

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov prezidentin sərəncamı ilə vəzifsinədən azad olunsa da, onun universitetdən tamamilə uzaqlaşdırmaq mümkün olmayıb. Çünki sabiq rektor “qara gün” üçün özünə “ehtiyat vəzifə” də saxlayıbmış. Belə ki, sən demə, A.Məhərrəmov BDU-nun rektoru olamqla yanaşı, həm də “Üzvi kimya” kafedrasına rəhbərlik edirmiş.
Odur ki, Madriddə keçirilən dini tolerantlıq konfransında sərxoş halda qalmaqal törətməsinin ardınca rektor vəzifəsindən azad edilsə də, o, kafedra müdiri kimi öz vəzifəsini icra etməkdədir. BDU-nun mətbuat katibi də təsdiq edib ki, sabiq rektor “Üzvi kimya” kafedrasının rəhbəri vəzifəsində qalır və hər gün işə gəlir.

Sözsüz ki, bu qədər biabırçılıqdan sonra Abel Məhərrəmovun hər gün işə çıxıb-çıxmadığı oxucularımız üçün böyük maraq kəsb etmir. Əsas məsələ odur ki, o, rektor postundan qovulsa da, digər çoxsaylı vəzifələrinə və böyük biznes şəbəkəsinə rəğmən, “dirnaqları ilə BDU-nun divarlarından bərk-bərk yapışaraq”, universiteti tərk etmək istəmir. Bu isə onu düşünməyə əsas verir ki, sabiq rektor çoxdan ötüb-keçmiş “qatarı” geri qaytara biləcəyinə hələ də əmindir.

Bəlkə də belə düşünməsində bir qəbahət də yoxdur. Axı, o, dəfələrlə BDU-da böyük təhlükələrdən sovuşub, öz ətrafını, qohum-əqrabsını qurban verməli olsa belə, vəzifəsini qoruya bilib. Bütün bunlardan sonra keçmiş rektorun hələ də, özünün təbirincə desək, “bir müddət dincinin aldıqdan sonra” BDU rəhbərliyinə qayıdacağına olan inamını daxilində öldürməməsi başadüşüləndir.

Dəyərli oxuculara bəllidir ki, 19 illik rektorluğu ərzində Abel Məhərrəmovun BDU-da dəfələrlə problemləri olub. Hansı ki, universitetdə kütləvi şəkildə pullar yığılması ilə bağlı həbslər belə, həyata keçirlib. Lakin keçmiş rektor usta şahmatçı olaraq böyük oyunları çox yaxşı bacardığından, hər dəfə əhəmiyyətsiz və azəhəmiyyətli fiqurları, hətta öz yaxın adamlarını belə “ölümə verməklə” xilas ola, müəyyən dairələrdən də təminat alaraq vəzifəsinin icrasını davam etdirə bilib. O, ümumiyyətlə həyatda gözəl şahmat oynamağı bacarır. Ona görə də öz işini yaxşı bilir.

Amma onu da nəzərə almaq lazımdır ki, bu adam təkcə rektor vəzifəsini daşımayıb. Paralel olaraq akademik, deputat, YAP-ın İdarə Heyətinin üzvü, biznesmen-oliqarx, valideyn, ailə başçısı və s. kimi öz enerjisini müxtəlif istiqamətlərə sərf edib. Bu səbəbdən də o, Bakı Dövlət Universiteti kimi böyük təhsil ocağını idarə etməkdə bilmirdi. Nəticədə universitetdə təhsilin səviyyəsi getdikcə aşağı düşməkdə, çoxsaylı problemlər yaranmaqda idi. Lakin Abel Məhərrəmovun BDU-da qurduğu avtoritar idarəçilik mexanizmi səbəbindən kimsə daxildə baş verən neqativ hadisələrlə bağlı səsini çıxara bilmirdi. Səsini çıxaran olduqda isə, dərhal “başı kəsilirdi”. Hətta bu haqda yazan jurnalistlər belə, sifarişli məhkəmə hökmü ilə həbs olunur, ən yaxşı halda cərimələnirdilər.

Şübhəsiz, BDU-da A.Məhərrəmovun qurduğu idarəçilik sistemi mövcud olduqca, kafedra müdiri olsa belə, onun sözü keçərli olacaq. Ən azı ona görə ki, universitetin rəhbərliyində təmsil olunan şəxslər, yəni komandasının bir-bir seçib yetişdirdiyi üzvləri hələ də ona sadiqdirlər. Belə olduğu halda isə, təbii ki, Abel Məhərrəmovun rektor və ya kafedra müdiri olmasının elə də böyük önəmi yoxdur...

Bütün bunlar isə onu deməyə əsas verir ki, BDU-nun yeni rektoru universitetin içindən təyin olunsa, A.Məhərrəmov yenə də qeyri-rəsmi olaraq BDU-nu idarə edəcək. Bu halda isə BDU-da çoxlarının gözlədiyi inkişaf mərhələsinə qədəm qoymaq mümkün olmayacaq.
Ona görə, BDU-ya rektor mütləq kənardan təyin olunmalıdır. Üstəlik, yeni rektor nüfuzlu bir şəxs olmalıdır ki, Abel Məhərrəmovun komandasını təmizələyə bilsin və universitetdə normal iş düzəni yaratsın.

Muxalifet.az

Şərhlər

XƏBƏR LENTİ