XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Pambıqla baş kəsən” Səlim Müslümovun müəmmalı həyat yolu

“Pambıqla baş kəsən” Səlim Müslümovun müəmmalı həyat yolu

“Pambıqla baş kəsən” Səlim Müslümovun müəmmalı həyat yolu
18-12-2017, 13:28

Xalqı dövlətdən narazı salmaq siyasəti yürütmək “islahatçı nazir”in hansı prinsipindən qaynaqlanır?
Bu günlərdə xəbər saytlarından birində Beyləqan rayon sakini, Lələ təpə döyüşünün iştirakçısı olan və xərçəng xəstəliyindən əziyyət çəkən vətəndaşın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan kömək istədiyi qeyd edilən bir yazı oxudum. Bu yazını başlığı elə əhalinin sosial vəziyyəti ilə birbaşa məşğul olan dövlət qurumunun etinasızlığının göstəricisidir. Belə ki, bəşəriyyət üçün “əsrin bəlası” olan xərçəng xəstəliyindən əziyyət çəkən, üstəlik Vətən uğrunda döyüşlərin veteranı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkim komissiyasından narazıdır. Yəni Lələ təpə döyüşünün iştirakçısı bildirir ki, xərçəng xəstəliyi ilə əlaqədər ona verilməli olan II qrup əlililik dərəcəsi Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyinin tibbi komissiyası tərəfindən verilmir.
Səlim Müslümovun tabeliyində olan müvafiq qurumun süründürməçiliyindən bezən xəstə adam bu dəfə nazir Səlim Müslümova minnətçi düşür. Təki əlillik dərəcəsi almaqda ona kömək göstərsin. Halbuki Səlim Müslümov xeyriyyə cəmiyyətin sədri deyil, hətta döyüşçü olmasa da, o və onun rəhbərlik etdiyi altqurumların rəhbər işçiləri bu işi görməyə borcludurlar. Bax, bizi bu cür yazıq günə salırlar ki, öz haqqını verəndə də yetim sevindirimiş kimi, minnətdarlıq hissi ilə onlara təşəkkür edək.
Səlim Müslümov kimi məmurlar bu haqsız işləri ilə vətəndaşları dövlətdən, ən əsası da Prezident İlham Əliyevdən narazı salırlar. Bu birinci hal deyil. Mətbuatda Səlim Müslümovun pensiyaçıların, aztəminatlı ailələrin, Qarabağ veteranlarının haqqını tapdaladığı, qohumlarını nazirliyə yığması və nazirlikdə hansı işlərlə məşğul olduğu barədə çox yazılıb. Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun 5 mərtəbəli villası barədə videolar yayılmışdı.
Səlim Müslümov hələ Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edəndə “pambıqla baş kəsən” rəhbər kimi tanınıb. Səlim Müslümov yüksək vəzifəyə getdikdən sonra Dövlət Sosial Müdafiə Fondunun rəhbəri postuna öz adamını gətirib. Ümumiyyətlə, S.Müslümov həmin nazirliyə gəldikdən sonra yüksək ixtisaslı mütəxəssislərdən tutmuş adi xadiməyə qədər keçmiş nazirin dövründə işə götürülənlərin əksəriyyəti işdən çıxarılıb. Belə bir hadisə hələ başçısı dəyişən heç bir nazirlikdə baş verməyib. Onun yeni kadrları işə götürmək prinsipi isə əslən ya Ağsudan, ya da İsmayıllıdan olmaqdır. O mətbuat xidmətinə də öz yerlisini gətirməkdə tərəddüd etmədi. Bununla belə, hələ fondun sədri olduğu dövrdən Səlim Müslümov dayısının vaxtilə tətbiq etdiyi xüsusi prinsipləri ilə seçilib. Belə ki, dayısı olan Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəlyev də zamanında bütün rayonu – inzibati ərazilərini və iqtisadi sahələrini öz qohumları arasında bölüşdürmüşdü. Ənvər Seyidəliyevin yürütdüyü tayfabazlıq siyasət rayonda əsas narazılıq yaradan səbəbə çevrilmişdi.
Dəfələrlə mətbuatda gedən iddialara görə, S. Müslümovun və Ə.Seyidəliyevin qohumları rayonda istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurdular. İcra başçısının və Səlim Müslümovun doğulduğu Pirhəsənli kəndindən olanlar rayonda xüsusi səlahiyyətə malik idilər. İndi də bu cür qohumbazlıq prinsipləri davam edir. “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Səlim Müslümovun bibisinin əri Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov Səlim Müslümovun qardaşıdır. Rayonun bütün büdcə təşkilatlarının idarəsi Radim Müslümovun nəzarəti altındadır. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu polis şöbəsinin rəis müavinidir. Sözün qısası, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir rayonda «tayfa hakimiyyəti» yaradıb. Bununla da rayonda dövləti hakimiyyət onun mənsub olduğu tayfanın feodal təfəkkürlü insanlarının tam nəzarəti altına keçib. Nazirin Ağsuda dövlət qurumlarına yerləşdirdiyi qohumlarının siyahısı bununla bitmir. Rayonda onlarla digər vəzifələrə də Səlim Müslümova bu və ya digər formada qohumluğu çatan şəxslər yerləşdirilib. Nazirin qohumları rayonda mərkəzi hakimiyyətin tapşırıq və tövsiyələrindən daha çox, Səlim Müslülmovdan gələn göstərişləri icra etməklə məşğuldurlar. Amma nədənsə ona qarşı əvvəllər də, nazir olandan sonra da heç bir tədbir görülmür.
Sonda Səlim Müslümovun tərcümeyi-halındakı müəmmalı məqama diqqət çəkmək istərdik. 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuş, 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. Bura qədər çox dəqiq gəlir. Amma sonuncu cümlə ondan əvvəlki ilə təzad təşkil edir. Maraqlıdır 1992-ci ildən 1995-ci ilin iyununa qədər Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olan şəxs Azərbaycan Dövlət İqtisad İnstitutunda dekan müavini vəzifəsini necə icra etmişdir?
Bax əmma da elə burdan başlanır. Onun fətullahçıların Azərbaycana ayaq açmasından dərhal sonra – 1992-ci ildən Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetinə göndərilməsi də, ikinci bir müəmmadan xəbər verir. Azərbaycan mətbuatında respublikanın nazirlik və komitələrində hələ 1990-cı illərdə fətullahçıların yerləşdirilməsi barədə məlumatları da bura əlvaə edəndə 2002-ci ilin 17 dekabrında (15 il bundan qabaq) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilən Səlim Müslümovun hansı qruplaşmanın adamı olduğuna dair iddialar da bir qədər aydınlaşır…
Mediada yayılan məlumatlara görə, Səlim Müslümov 6 ay həbsxana həyatı da yaşayıb. Belə ki, Səlim Müslümov həbsə qədər, yəni, 2000-ci ildə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. Onun həbsə düşməsi isə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla pulun “yoxa” çıxması ilə əlaqədar olub. O dönəmdə Səlim Müslümovla birgə sözügedən bankın Səbayel fililalının rəhbəri Bəşər Hacıyev da həbs edilmişdi. Hətta bu məsələyə görə Samir Şərifovun da başı ağrıyıb. Onun Beynəlxalq Bankın keçmiş sədri Elmar Məmmədovla açdığı şərikli bank Azərbaycan Əmanət Bankından pulların müxtəlif sxemlərlə nəqdləşdirmə əməliyyatında iştirak etdiyinə görə bağlanıb.
Sözügedən maliyyə maxinasiyasına görə, Bəşər Hacıyev uzun müddətli həbsə göndərilib; Səlim Müslümov isə qısa zaman kəsiyində azadlığa buraxılıb. Bəzi məlumatlara görə, Səlim Müslümovun azadlığa çıxmasında o zaman Dövlət Gömrük Komitəsinin sədri, indisə fövqəladə hallar naziri vəzifəsində işləyən Kəmaləddin Heydərovun müstəsna xidmətləri olub…

Tendensiya.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.