SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Sakit Göl Şamaxı" hoteldə absurd qayda

"Sakit Göl Şamaxı" hoteldə absurd qayda

Tarix:

27-11-2017, 16:31

/ 5 674 dəfə oxundu.
"Sakit Göl Şamaxı" hoteldə absurd qayda

"Hoteldə ailəvi istirahət üçün yer bron etdirmək istəyirdim. "Sakit Göl Şamaxı" hotelinə zəng edib 4 nəfərlik yer saxlatdırmaq istəyirdim. Ancaq hoteldən deyirlər ki, hotelə gələrkən nikah şəhadətnaməsi, uşaqların sənədləri mütləq təqdim edilməlidir".

Bu sözləri BAKU.WS-ə müraciət edən paytaxt sakini Samir Əliyev söyləyib.

Onun sözlərinə görə, ilk dəfədir bu cür xoşagəlməz hadisə ilə üzləşir. Samir uzun illərdir xarici ölkələrə səfər etdiyini və dünyanın heç bir ölkəsində bu cür tələblərlə qarşılaşmadığını vurğulayır: "Mən həyat yoldaşımın və uşaqlarımın sənədlərini niyə hotel nümayəndələrinə təqdim etməliyəm? Buna nə əsas var? Bu, çox absurd qaydadır".

Hotel rəsmisi "Biz ailəvi hotelik" deyib, mənim və həyat yoldaşımın pasportunu tələb edir.

Mütləq şəkildə pasportdakı soyadların eyni olmalı olduğunu, soyadın eyni olmayacağı təqdirdə nikah şəhadətnaməsinə ehtiyac olduğunu bildirir. Yanımızda 5 və 2 yaşlı uşaqlarımızın olmasına baxmayaraq. Hələ bunlar bir yana, uşaqların valideynləri olduğumuzu müəyyən etmək üçün onların da sənədlərini tələb edirlər. Ailəvi gedəndə yanımızda bacım oğlunu aparmaq istəyirdim, amma valideyni olmadığım üçün apara bilmirəm. Hotel rəsmisi isə cavabında "Bizim hotelin qaydaları belədir" deyir.

Məsələnin ən gülməli tərəfi isə, yanımızda 4-5 yaşlı uşaqların olması hələ hotel üçün bizim ailə olduğumuzu sübut etmir.

Normal hotellərdə qeydiyyat üçün bir sənəd təqdim etmək kifayət edir.

Sonra hotellə yenidən əlaqə saxladıq, 4 nəfər - 2 azərbaycanlı ailə (ər-arvad) və 2 xarici (cütlük) vətəndaş olduğumuzu dedik. Onlar xarici vətəndaşın ailə olmasa belə, hoteldə yerləşə biləcəklərini söylədi.

Sözlərindən elə çıxır ki, xarici vətəndaş istədiyi insanla hoteldə yerləşə bilər, amma Azərbaycan vətəndaşı hoteldə yerləşməsi üçün mütləq ər-arvad olduqlarını sübut edən sənəd təqdim etməlidir.

Dünya praktikasında da bu cür tələblər mövcud deyil. Xarici ölkələrdə mehmanxanada gecələmək üçün şəxslər mütləq halda anket doldurulmalı və onlar haqda məlumatlar həmin anketdə öz əksini tapmalıdır. Qaydalar bu qədər bəsit və anlaşılandır. Bizdə isə mehmanxanalarda müştərilərdən nikah haqqında şəhadətnamə tələb olunur ki, bu da turizmin inkişafına maneə yaradan amillərdən biridir.

Bizdən fərqli olaraq, qonşumuz Gürcüstanda turizm sahəsində böyük inkişaf var. Turizm Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət edib. Ötən ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləyib. Azərbaycanda isə bu ilin 10 ayı ərzində gələn xarici vətəndaşların sayı 2 milyon 300 min nəfər olub. Bu isə Gürcüstanla müqayisədə 3 dəfə azdır.

Sözsüz ki, fərqin bu qədər böyük olması Azərbaycanda turizm sahəsində olan nöqsanların hələ də problem olaraq qalması ilə bağlıdır. Vəziyyətdən çıxış yolu isə elə də çətin deyil. İllərdir sınaqdan keçirilmiş uğurlu xarici təcrübədən istifadə etmək əlverişli üsul kimi görünür. Ancaq bizdə hotellərə gətirilən "yeniliklər" müştəri məmnuniyyətini ikinci plana salır. Bir növ şəriət qaydalarının tətbiq edildiyi hotellər sizin sevgilinizlə istirahətinizə icazə vermir. Qohumunuzun uşağı ilə də istirahətə getmək olmaz. Ailənizlə hoteldə istirahət edə bilmək üçün isə mütləq bunu sübut etməlisiniz.

Şərhlər

XƏBƏR LENTİ