SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 500 min manat vergi borcu var... - Daha bir fırıldaq qurbanı

500 min manat vergi borcu var... - Daha bir fırıldaq qurbanı

Tarix:

12-10-2017, 15:51

/ 61 018 dəfə oxundu.
500 min manat vergi borcu var... - Daha bir fırıldaq qurbanı

«Kağızlar gətirdi, dedi, «istəyirəm dizayn şirkəti yaradım. Ancaq hələlik öz adıma yarada bilmirəm». Təklif etdi ki, mənim adıma olsun, sonra öz adına keçirəcək. Razılaşdıq, sənədlər gətirdi, Azərbaycan dili bilmirəm, sənədlərin məzmununu özü şifahi izah etdi, razılaşdıq. Bir neçə il ötdü, bir də baxdım ki, adıma məhkəmə çağırışı gəlib, oxudum, havalandım. Dövlət məndən həmin şirkətin yaranmış yarım milyon vergi borcunu tələb edir». Bu hadisə Bakı sakini Malkova Olesya Aleksandrovnanın başına gəlib.

Vaxtilə restoranlardan birində qabyuyan, daha sonra ofisiant kimi çalışan xanımın adına nə az, nə çox, 500 min manat vergi borcu ilə bağlı məhkəmə qərarı gəlib. Onun sözlərinə görə, 7 il öncə işlədiyi restoranın sahibi kənarda onun adına yaratdığı dizayn şirkətinin vergi borcunu ödəmədiyi üçün indi yarım milyonluq borc ondan tələb olunur: «Şirkətin nə işlə məşğul olduğunu, hətta hansı ünvanda yerləşdiyini də bilmirdim. Adıma bu qədər vergi borcu olmasından isə yalnız yaşadığım ünvana məhkəmə qərarı gələndə xəbər tutmuşam. Kasıb, kimsəsiz, orda-burda qab yumaqla dolanan adamam. Bu qədər borcu necə ödəyəcəyimi bilmirəm. Deyirlər, «ödəməsən, səni uzunmüddətli həbs gözləyir». Məni bu bəlaya salan adamsa ortada yoxdur».

«Eko» MMC adlı tikinti-dizayn şirkəti 2010-cu ildə fəaliyyətə başlayıb. Olesya Aleksandrovna Bakıda doğulub yaşasa da, Azərbaycan dilini bilmədiyi üçün qabyuyan işlədiyi kafenin Afərin adlı sahibinə aldandığını iddia edir. O, yaradılan şirkətlə bağlı sənədlərin mahiyyətini bilmədən imzaladığını deyir. İndi isə bu borc yükünün üzərindən götürülməsi üçün hökumətdən və hüquqşünaslardan kömək istəyir.

Tikinti-dizayn şirkətinin hüquqi ünvanı kimi qeyd olunan Şamaxı rayonu, Şirvan küçəsi 19-da hazırda ticarət obyekti fəaliyyət göstərir. Bu obyektin keçmiş tikinti şirkətinə aidiyyəti yoxdur.

Vergi orqanlarının müraciəti əsasında hazırda Malkova Olesya Aleksandrovnanın ölkədən çıxışına da qadağa qoyulub.

Şərhlər

XƏBƏR LENTİ