XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Məşhur “seleksiyaçı” Vüqar Səfərov

Məşhur “seleksiyaçı” Vüqar Səfərov

Məşhur “seleksiyaçı” Vüqar Səfərov
7-10-2017, 11:01

Azərbaycanda digər dövlətlərdən fərqli, xüsusi media siyasəti var. Dövlətin media siyasətinin uğuru isə bu sahəyə nəzarət üçün təyin etdiyi şəxslərin hansı qabiliyyətə malik olmasından asılıdır. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata qayğısı üçün yaradılan bir quruma mediadan və dünyadan xəbərsiz bir nəfərin təyin edilməsinin özü dövlətin media siyasətinin aparılmasına məsul şəxslərinin kadrları hansı prinsiplərdən seçdiyinin göstəricisidir.

Sırf regionçuluq amilindən qaynaqlanan səbəblərdən Prezidentin ictimai-syasi məsələlər üzrə köməkçisi Əli Həsənovun zəmanəti və təqdimatı ilə “Azərmətbuatyayım”da qəzetdən başqa hər şey satan Vüqar Səfərli KİVDF sədri təyin edildi. Artıq 8 ildir fəaliyyətdə olan bu qurum ildə bir dəfə qəzetlərə pul ayırır, bir neçə dəfə yazı müsabiqəsi keçirir, ən əsası da jurnalistlər üçün binaların tikintisi ilə məşğul olur.

İndi isə keçək yarızarafat, yarıciddi olaraq V.Səfərlinin məziyyətlərinə diqqət yetirək. Mətbuat günündəki hay-küy səngiyəndən sonra, ittihamlara cavab vermək üçün saytlardan və televiziyalardan düşməyən Prezidentin ictimai-syasi məsələlər üzrə köməkçi Əli Həsənov kimi, KİVDF sədri Vüqar Səfərli də gündəmdən düşüb… İnanmaq istəmirsiniz, bir onu dindirin. Dağdan vurub bağdan çıxacaq. Armatur belə gəldi, sement elə getdi, hələ tikinti sahəsində indiyə qədər eşitmədiyiniz terminlər də ortaya çıxacaq. Amma bir məsələni deyim, gərək jurnalistlər onu özlərinə yaxın və rəhbər hesab edirlərsə, onu dindirməsinlər.

Yoxsa keçən dəfə, yəni sonuncu “ev sezonu”nda ona bir sual vermişdiniz, mərhum akademik Cəlal Əliyev, məşhur seleksiyaçı alim Rəhim Hüseynovun sahəsinə müdaxilə etməyə cəhd göstərmişdi. Mən onun açıqlamasına qədər seleksiyanın ev almaq üçün namizəd olanların sənədlərinə tətbiq ediləcəyini yuxumda da görməzdim. Jurnalistlərimizi qiymətləndirən birinin dilindən belə ifadələrin çıxması və bütün xəbər syatlarının da bunu həvəslə yayınlaması doğrudan da bizim faciəmizdir. Həm də ona görə faciəmizdir ki, ev gözləyən və ya gözləməyən jurnalistlərdən heç biri çıxıb demədi ki, Qardaş, seleksiya insanları sənədlərinə görə seçiminə deyilmir. Siz qardaşlar bilmirdinizsə, bir internetə, izahlı lüğətə baxardınız. Beləcə V.Səfərov da nə qədər elmi danışdığını və orijinal termin işlətdiyini zənn edib özü ilə fəxr duydu. Mən məlumat üçün sizə və hörmətli KİVDDF rəhbərinə seleksiyanın tərifini təqdim edirəm: “Seleksiya dedikdə, praktiki olaraq mövcud olan ev heyvan cinsləri və mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür”.

Bundan sonra onu dindirməsəniz daha yaxşıdır. Yoxsa, Allah qorusun, məni kimi gülmək krizinə tutularsınız, xəstəxanalıq olarsınız. Mən iyun ayından hələ də özümə gələ bilmirəm. Bir də bəzi jurnalistlərdən bir xahişim var: bu sözlərdən sonra onun müdafiəsinə qalxıb məni qaralama kampaniyasına qoşulsanız, məni yox, Darvin başda olmaqla rəhmətlik bilim adamlarının ruhunu incitmiş olarsınız. İyundan bəri necə susubsanız, eləcə də susun.

Yaxşısı budur, qoy nə olduğunu anlamadığı terminləri işlədərək özünü gülünc vəziyyətə salan hörmətli Səfərov “Jurnalist Evi” MMC ilə binasını tiksin. Pullar barədə də sual etməyin. Çünki o ciddi məsələdi. Bu Səfərov tikir, tikir, amma deyir hələ başa çatdırmaq mümkün deyil. Yəni yenə pul istəyir. Prezident milyonlarla manat ayırır, bu susur. Bir il keçməmiş dindirsən, deyir ki, təmiri yarımçıq qalıb. Yəni yenə də pul istəyir. Bina tikilib istifadəyə verilən də isə katibələr, sürücülər, dostlar, tanışlar və əlində “hörmət”lə gələnlər düşür qabağa. Obyektivlik, ehtiyacı olan, mətbuatda “canı çıxan” keçir ikinci sıraya. Yəqin ki, elə buna “seleksiya” deyilir.

Bu bir yana. Qəzetlərə pul ayrılır. Yazı müsabiqələri təşkil edilir. Yenə də köhnə mexanizmlər işə düşür. Bu qədər vurhavurdan sonra bu Vüqar Səfərov da özünü ən obyektiv adam kimi təqdim etməkdən belə çəkinmir. Bu milyonlar bəs eləmir, guya pulsuz evlərdə yaşayan jurnalistlərin cibinə girir. Onlardan yığılan kommunal xərclər Bakı şəhərinin heç bir yerində yoxdur. Görəsən, o vəzifəni ona həvalə edənlərin bu qanunsuzluqlardan xəbəri varmı?

Aztoday.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.