Siyavuş Novruzova gecə gələn telefon zəngləri - onları necə tapmalı?
Milli Məclisin fevralın 1-də keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov ona hər axşam xarici ölkələrdən müxtəlif nömrələrdən zənglər gəldiyini bildirib. S.Novruzov açıq şəkildə ifadə etməsə də, onun narahatlığından belə təəssürat yaranıb ki, deputata xaricdən, özü də axşamlar edilən zənglər heç də xoş əhval yaradan zənglər deyil.
S.Novruzov zəng edənlərin onu təhdidmi, təhqirmi edib-etmədiyi haqda açıqlama verməyib. Sadəcə, fikrinə davam edərək bildirib ki, bu vəziyyət “ərəb baharı” dövründə də olub: “Bu, bir yoxlanışdır. Ona görə də Ziyafət müəllimdən xahiş edək, informasiya təhlükəsizliyi ilə bağlı hansı addımı atmaq olar ki, bu, dayansın?”
Siyavuş Novruzova xaricdən kimlərin zəng etdiyi və zəng edib nə dediyini dəqiqləşdirmək üçün onu aradıq. Zənglərimizə köməkçisi cavab verdi və deputatın iclasda olduğu səbəbindən hər hansı bir açıqlama verə bilməyəcəyini dedi.
Məsələ ilə bağlı İKT eksperti ilə danışdıq. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirdi ki, kənar müdaxilələr yoxdursa, xaricdən gələn telefon zənglərinə nəzarət mümkündür. Mobil operatorlar, telekommunikasiya operatorları, ümumiyyətlə, telekommunikasiya bazarında beynəlxalq rabitə xidməti göstərən qurumlar qanunvericiliklə müəyyən şərtləri həyata keçirməlidirlər: “Yəni onlar xidmətə başlamazdan öncə lisenziyanı alanda bəlli şərtlər olur. Həmin şərtlərdə nəzərdə tutulur ki, xüsusi xidməti həyata keçirən, təhlükəsizliyi həyata keçirən qurumlar istənilən vaxt operatorlardan istənilən adam haqqında informasiya əldə etmək imkanına malik olmalıdır. Operatorlar bu şərtə əməl etməyə borcludurlar.
Əgər sistem lisenziya şərtlərinə uyğun fəaliyyət göstərirsə, deməli, istər Siyavuş Novruzova, istərsə də istənilən vətəndaşa xaricdən edilən zəngləri nəzarətə götürmək mümkündür. Son dövrlərdə problem ondan ibarətdir ki, dünya qloballaşdığından və telefon danışıqları internet üzərindən keçdiyindən və skayp, vatsapp və sair xidmət vasitələrindən də istifadə olunaraq zənglər edildiyindən buradakı nəzarət xeyli çətinləşib. Adi qaydada telefonla zəngdirsə, onu nəzarətə götürməkdə problem yoxdur, amma adını sadaladığım yeni internet resursları üzərindən zənglər olursa, bu zaman nəzarət çətinləşir. Belə halda nəzarət üçün əlavə resurslar olmalıdır, əlavə informasiya sistemləri qurulmalıdır və sair.
Daha bir problem odur ki, son dövrlərdə “beynəlxalq traffikin oğurlanması” anlayışı meydana gəlib. Yəni tutaq ki, Azərbaycana beynəlxalq zəng gəlir, o zəng əvvəlki kimi klassik qaydada telekommunikasiya operatorlarının üzərindən gəlmir, əlavə müxtəlif şirkətlərin traffikini oğurlayıb beynəlxalq zəngləri oradan yönəldirlər. Belə halda isə nəzarət eləmək mümkünsüzdür".
Ekspert vurğuladı ki, Dövlət Təhlükəsizlik Xidməti və digər müvafiq xüsusi xidmət orqanları deputata xaricdən gələn zəngləri nəzarətə götürüb hardan gəldiyini müəyyənləşdirə bilər: “Əvvəlki köhnə qaydada olan zənglərdirsə, bunu nəzarətə götürüb müəyyənləşdirmək çox asandır. Lakin zənglər qeyd etdiyimi internet resursları-skayp, vatsapp və bu kimi resurslar vasitəsilədirsə, o zaman nəzarətə götürüb müəyyən etmək çətinləşir. Əgər zənglər traffikin oğurlanması hesabına edilən zənglərdirsə, onu nəzarətə götürüb hardan olduğunu müəyyən etmək isə demək olar ki, mümkünsüzdür”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır