SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş başçının Yasamal təzahürü... - İTTİHAM VAR

Keçmiş başçının Yasamal təzahürü... - İTTİHAM VAR

Tarix:

11-09-2017, 09:13

/ 37 561 dəfə oxundu.
Keçmiş başçının Yasamal təzahürü... - İTTİHAM VAR

Demək olar ki, hər həftə Bakıda sakinlərin qanunsuz tikintilərə, ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə qarşı etirazı eşidilir.
Xüsusən, Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə dair məlumatlar daha çox yayılır. Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevin ölkə prezidenti tərəfindən vəzifəsindən uzaqlaşdırılması da bu rayonda qanunsuzluqları səngitməyib. Əksinə, başçısız qalan rayonda məmurlara bağlı tikinti şirkətləri sanki qanunsuzluq törətməkdə yarışa çıxıblar. Hamısı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarından sui-istifadə edilməklə.
Mətbuatdan da məlumdur ki, 2016-cı ildə Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin bir sıra rayonlarında istifadəyə yararsız, köhnə binaların sökülməsi və yerində yeni binaların tikilməsi ilə bağlı hökümət məlum qərarı verib. Həmin qərarda rayon icra hakimiyyətlərinə sahibkarlarla əməkdaşlıq edərək, eyni zamanda, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə əməl edilməklə rayonlarda köhnə yararsız binaların sökülməsi və abadlıq işlərinin aparılması tapşırılır.
Bu qərardan istifadə edən icra başçıları isə özlərinə yaxın tikinti şirkətlərini işə cəlb etməklə mərkəzi küçələrdə yol qırağında olan 5-7 mərtəbəli evlərin sökülərək yerində hündürmərtəbəli binaların tikilməsinə cəhd göstərirlər. Paytaxtın mərkəzi rayonlarının birində 7 mərtəbəli binanın sökülməsinə qarşı bina sakinlərinin etirazı yayılmışdı. Məlum olur ki, Nazirlər Kabinetinin şöbə müdiri həmin binanın pilot layihəyə düşmədiyini, yəni, söküntünün hökumət proqramında olmadığını bildirir. Lakin rayon icra hakimiyyəti ərazinin pilot layihəyə düşdüyünü iddia edərək, binanın sökülməsi və yerində hündürmərtəbəli binanın tikilməsinə dair sərəncam verir. Yasamalda isə tikinti şirkətlərinin hədəfi mövcud binaların həyətlərindəki köhnə evlərdir.
Uzun illər rayonda qanunsuz obyektlərin tikilməsinə başı qarışmış İ.Mehdiyev “pilot layihə”dən istifadə edərək, guya, rayonun abadlaşdırılması yolunu həyətlərdə olan köhnə binaların sökülərək yerində hündurmərtəbəli binaların tikilməsində görüb. Özünə yaxın şəxslərin himayəsində olan “Elit City” MMC ilə İ.Mehdiyevin işbirliyi də bu yolda yaranıb.
Bəzi məlumatlara görə isə “Elit City” MMC İ.Mehdiyevin birbaşa özünün deyil, əzəli və əbədi müavini olan Səməd İslamovun sahibkar dostlarına məxsusdur. Rusiyada yaşayan iş adamlarını rayonda “pilot layihələrdə” iştirak etməyə məhz S.İslamovun çağırdığına dair məlumatlar var. Hər bir halda rayonda S.İslamov bütün işləri başçı İ.Mehdiyevin tapşırığı və “xeyir-duası” ilə yerinə yetirmişdir. Son 2 ayda başçının səlahiyyətlərini yerinə yetirən birinci müavin 11 illik rəhbərinə sadiq qalaraq onun bütün qanunsuz addımlarına haqq qazandırmaqla məşğuldur. Elə ona görə də icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov “Pilot Residence”, “Qismət-M Construction” şirkətlərinin Şərifzadə küçəsindəki, “Elit City” şirkətinin Z.Xəlilov küçəsində apardığı tikinti işlərinə birbaşa nəzarətini davam etdirir.
Yeri gəlmişkən, Yasamal rayonu Z.Xəlilov və M.Şəhriyar küçələrinin sakinləri həyətlərində 16 mərtəbəli binanın tikilməsinə qarşı etirazları barədə də mətbuatda geniş məlumat yayılıb. 200-dən artıq sakinin imzası ilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bir çox nazirlik və komitələrə şikayət ərizələri göndərilib. Sakinlər öz həyətlərində olan taxta evlərin yerində planlaşdırılan 16 mərtəbəli binanın tikilməsinə etiraz edirlər.
Mətbuatda yayılmış şikayətlərdə sakinlər iddia edirlər ki, həyətin içində yeni bina tikilərsə həyətdə olan su anbarı, “katelni” sökülməli, 60-a qədər ağac kəsilərək yaşıllıq tamamilə məhv edilməlidir. Hündürmərtəbəli bina tikilərsə, həyətdə nəinki maşınla girməyə, ayaqla gəzməyə belə rahat yer qalmayacaq. Taxta fin evlərində yaşayan sakinlərlə heç bir müqavilə bağlamadan onlara tapşırılıb ki, mənzillərini boşaltsınlar. “Elit City” MMC sakinlərin ev əşyalarnın köçürülməsini öz hesabına təmin edir.
İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ş.Məmmədov tikinti şirkətinin direktoru Rəfayellə birgə “finski evləri” gəzərək sakinləri inandırmağa çalışırlar ki, “yuxarılar” bu evlərin sökülməsini tapşırıb. Əslində məqsəd budur ki, qısa müddət ərzində həmin evləri söküb sakinləri çıxarsınlar və sonra “yuxarılara” insanların küçədə qaldığına dair məruzə edərək tikintiyə icazə alsınlar. Çünki özləri də bilirlər ki, keçmiş başçı İ.Mehdiyevin sərəncamı qanunsuzdur və məhkəmədə ləğv olunması bir an məsələsidir. S.İslamovun komandası və “Elit City” şirkəti onu da bilir ki, Şəhərsalma və Arxitektura Komitəsi həmin ünvanda hündürmərtəbəli binanın tikintisinə dair layihəni təsdiq edilmədən geri qaytarıb.
Dövlət Komitəsinin rəhbərliyini və məsul şəxslərini “ələ ala” bilməyən şirkət rəhbərliy isə məsələni “daha sadə üsulla həll etməyi” düşünür. Köhnə “finski evlər” sökülür, 25 ailə köçürülür. Sonra da S.İslamov “öz kanalları” vasitəsilə yuxarılara məlumat verir ki, insanlar küçədə qalıb, onlara ev tikilməlidir. Yeni bina isə 150 mənzillik planlaşdırılıb. Yəni, 25 mənzil sakinlərə verildikdən sonra 125 mənzildən böyük qacanc götürüləcəyi sirr deyil. Bu planın icrasına artıq başlanılıb da.
İlk növbdə Yasamal rayonunun 138 saylı JEK işçilərinin yaşadığı ev sökülməyə başlayıb. JEK-in işçisi Mehriban Cəbrayılovanın yaşadığı mənzil artıq tam yararsız hala salınıb. JEK işçisinin evini ilk olaraq sökməklə digər sakinlərdə arxayınlıq yaratmaq niyyəti var. Halbuki, Yasamal İcra hakimiyyətində də bilirlər ki, həyətdə olan 3 finski evin 15-dən artıq mənzilinin mülkiyyətə dair səndləri ya saxtadır, yaxud da reyestrdən keçirilməyib. Sənədləşmə işlərini JEK-in kargüzarı M.Cəbrayılovanın əli ilə “qaydasına qoyan” tikinti şirkətinə nəyin bahasına olur-olsun həyətdəki evləri tezliklə sökmək, ərazini bərbad hala salmaq, həyətdəki yeganə su anbarını dağıtmaq tapşırılıb.
İcra hakimiyyətinin memarı Eyvaz Bağırov, şöbə müdiri Şahin Məmmədov və digərləri “Elit City” MMC-nin direktoru Rəfayellə birlikdə hər gün bu planı reallaşdırmağa yaxınlaşırlar. Sakinlərə xəbərdarlıq edilib ki, Səməd İslamov başçı təyin olunmazsa, onda söküntü işləri dayandırılacaq, yeni bina da tikilməyəcək. Yasamal rayonuna kənardan başçı gələrsə, İ.Mehdiyevin qanunsuz əməllərinin qarşısının alınacağını S.İslamov da, onun sadiq komandası da yaxşı bilir. Hətta, qanunsuzluğun miqyası o qədər böyükdür ki, bu özbaşınalıqlar hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edə bilər.

olaylar.az

Şərhlər

XƏBƏR LENTİ