Ana dilimizin qorunması dövlətimizin siyasətinin mühüm istiqamətlərdən biridir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqı və dövləti qarşısında olan misilsiz xidmətləri sırasında respublikaya rəhbərlik etdiyi hər iki tarixi dövrdə ana dilimizin qorunması və inkişaf etdirilməsi məqsədilə atdığı addımlar, gördüyü işlər müstəsna əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik”. Hələ sovet dönəmində Ümummilli Lider xalqın öz müstəqilliyinə nail olması üçün vacib amillərdən biri olan milli ideologiyanın formalaşdırılması üzərində çalışarkən, bu məsələdə ana dilinin həlledici rolunu düzgün qiymətləndirir və onun qorunması üçün məqsədyönlü addımlar atırdı. Məhz özünün gərgin səyləri nəticəsində Ulu Öndər keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev dühasının zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq müəyyən edilən siyasi kurs doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.
Ulu Öndər Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub və bu sahədə qısa müddət ərzində misilsiz nəticələr əldə edib. Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə, o cümlədən Azərbaycan dilinin qorunub-saxlanmasına, inkişafına və nəhayət, dövlət dili statusu almasına nail olub. Məhz Heydər Əliyevin misilsiz səyləri nəticəsində ana dilimizin bu ali statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunvericilik aktlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Ümummilli Lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri oldu. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib. Azərbaycanın böyük yazıçıları öz əsərlərini demək olar ki, yalnız ana dilində yazıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ana dilinin böyük təəssübkeşi olan Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1995-ci il oktyabrın 31-dən noyabrın 11-dək dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və dövlət dili olaraq Azərbaycan dili yekdilliklə qəbul edildi. Beləliklə, 1995-ci il noyabrın 12-də qəbul olunan yeni Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan dili dövlət dili elan edildi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, 2003-cü il yanvarın 2-də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin inkişafı istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu. Bu Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlət dili siyasətini müasir dövrün tələblərinə uyğun formatda inkişaf etdirərək uğurla davam etdirir. Dövlətimizin başçısı tərəfindən bu xüsusda imzalanmış sərəncam və fərmanların geniş əhatə dairəsi ana dilimizin zənginləşməsinə və tətbiq dairəsinin daha da genişlənməsinə əvəzsiz töhfələr verir.
Çıxışlarının birində Prezident İlham Əliyev demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Dövlətimizin başçısı tərəfindən 2018-ci il noyabrın 1-də imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da ölkəmizdə ana dilimizə dövlət qayğısının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"