XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi görür

Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi görür

Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi görür
Bu gün, 12:23

 
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərindən bir neçə ay sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri 27 üzv dövləti birləşdirən Avropa İttifaqı ilə münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfərlər Brüsselin Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi gördüyünü bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevlə görüş zamanı Ursula Fon der Lyayenin Azərbaycanı strateji tərəfdaş adlandırması xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın regionun lider dövləti olduğunu, Cənubi Qafqazda sülh gündəliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq Prezident İlham Əliyevin liderliyini xüsusi qeyd etdi. Bu yanaşma Azərbaycanın regional proseslərdə artan nüfuzunun və beynəlxalq səviyyədə qazandığı etimadın təsdiqi kimi qiymətləndirilə bilər.
Bu gün Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji və logistik mərkəz kimi qəbul edir. Çox həssas geosiyasi məkanda yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyini inkişaf etmiş nəqliyyat infrastrukturu ilə birləşdirərək regional sabitliyin və iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Bu, ölkənin strateji baxışının və uzunmüddətli inkişaf siyasətinin nəticəsidir.
Enerji sahəsində əməkdaşlıq tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropa Rusiyadan qaz tədarükündə yaranan problemlərlə üzləşdiyi dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış etdi. Həmin vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına qaz ixracını 65 faiz artırması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Təsadüfi deyil ki, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür.
Azərbaycanla Aİ arasındakı tərəfdaşlıq yalnız ənənəvi enerji ilə məhdudlaşmır. Azərbaycan və Avropa İttifaqı yaşıl enerji sahəsində də əməkdaşlığı genişləndirirlər. Ölkəmizin zəngin bərpaolunan enerji potensialı və Mərkəzi Asiya ölkələrinin resurslarının inteqrasiyası ilə Avropaya uzanan yeni yaşıl enerji dəhlizinin formalaşdırılması strateji əhəmiyyət daşıyır. Ursula Fon der Lyayenin enerji ilə yanaşı enerji konnektivliyi üzrə tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü də əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
 Avropa İttifaqı regionda dayanıqlı sülhün bərqərar olunmasına da dəstək verir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin gücləndirilməsi məqsədilə sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketinin təklif edilməsi və iki ölkənin icmaları arasında sülhün iqtisadi faydalarına əsaslanan əməkdaşlıq gündəliyinin təşviqi bunun bariz nümunəsidir.
Hazırda isə Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə qurduğu balanslaşdırılmış xarici siyasət öz nəticələrini verir. ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji əməkdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan münasibətlər Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun mühüm nəticələri kimi qiymətləndirilə bilər. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, ölkənin regional və qlobal proseslərdə rolunu daha da möhkəmləndirir.
 
Tufan Məmmədov – iqtisadçı ekspert
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.