Azərbaycan-Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Qlobal geosiyasi reallıqların sürətlə dəyişdiyi bir dövrdə Avropa İttifaqı enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasətini sistemli şəkildə davam etdirir. Bu strategiyada Azərbaycanın rolu ildən-ilə daha da artır. Əgər bir neçə il əvvəl əməkdaşlığın əsas istiqaməti təbii qaz ixracı idisə, bu gün tərəfdaşlıq daha geniş və uzunmüddətli strateji məzmun alıb.
Azərbaycan Avropa İttifaqının yalnız etibarlı enerji təchizatçısı deyil, həm də qitənin yeni enerji və iqtisadi təhlükəsizlik sisteminin formalaşmasında əsas strateji tərəfdaşlardan biri hesab olunur. Aİ-Azərbaycan əməkdaşlığı artıq enerji sektorunun hüdudlarını aşaraq bərpaolunan enerji, yaşıl elektrik enerjisi və gələcəyin enerji mənbəyi hesab olunan yaşıl hidrogen ixracı layihələrini əhatə edir. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafı, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələri və digər strateji istiqamətlər də bu əməkdaşlığın tərkib hissəsinə çevrilib.
Son illər Avropa ilə Mərkəzi Asiya və Çin arasında alternativ ticarət marşrutu kimi formalaşan Orta Dəhliz mövcud geosiyasi şəraitdə getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, son 10-15 ildə ölkədə yaradılmış müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və logistika sahəsinə qoyulan digər iri investisiyalar ölkəmizi bu marşrutun əsas həlqəsinə çevirib. Bu gün Azərbaycan artıq Avrasiyanın ən mühüm tranzit və logistika qovşaqlarından birinə çevrilməkdədir.
Bu, təkcə tranzit gəlirlərinin artması demək deyil. Eyni zamanda, xarici investisiyaların genişlənməsi, beynəlxalq ticarətin inkişafı və Azərbaycanın qlobal təchizat zəncirlərində mövqeyinin daha da güclənməsi deməkdir.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi. Bu tarixi Zəfər, eyni zamanda, Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı, regionu beynəlxalq enerji, nəqliyyat və ticarət marşrutlarının kəsişdiyi strateji məkan kimi daha da ön plana çıxardı.
Zəfərimizin Cənubi Qafqaza gətirdiyi iqtisadi əhəmiyyət xüsusilə vurğulanmalıdır. Çünki dayanıqlı sülhün təmin olunması yeni nəqliyyat kommunikasiyalarının açılmasına, regional ticarətin genişlənməsinə, iri infrastruktur layihələrinin həyata keçirilməsinə və milyardlarla investisiyanın cəlb edilməsinə geniş imkanlar yaradıb.
Nəticədə regionun investisiya cəlbediciliyi artıb, beynəlxalq iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb və Cənubi Qafqaz qlobal enerji, logistika və ticarət marşrutlarının strateji mərkəzlərindən biri kimi dünya siyasi-iqtisadi gündəmində daha mühüm yer tutmağa başlayıb.
Bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafını özünün uzunmüddətli iqtisadi və geosiyasi strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir. Azərbaycan Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində, alternativ nəqliyyat marşrutlarının inkişafında, rəqəmsal əlaqəliliyin gücləndirilməsində və yaşıl iqtisadiyyatın təşviqində əsas tərəfdaşlardan biridir. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində də mühüm tərəfdaş kimi çıxış edir.
Avropa Komissiyasının prezidentinin Bakıya səfəri Avropa İttifaqının strateji əhəmiyyətə malik Cənubi Qafqaz regionunda uzunmüddətli iştirakını və mövqeyini daha da gücləndirmək niyyətinin aydın göstəricisidir. Bu isə həm də Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Artıq söhbət yalnız enerji əməkdaşlığından deyil, genişmiqyaslı strateji tərəfdaşlıqdan gedir.
Metin Hüseynov - siyasi sərhçi, politoloq

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Hacıqabuldakı yanğın söndürülüb
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir