XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Azərbaycan – İtaliya münasibətləri möhkəm əsaslar üzərində qurulub

Azərbaycan – İtaliya münasibətləri möhkəm əsaslar üzərində qurulub

Azərbaycan – İtaliya münasibətləri möhkəm əsaslar üzərində qurulub
6-05-2026, 11:11

 
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorludur. Müstəqilliyimizin bərpasından keçən 30 ildən çox müddət ərzində respublikamız həm Avropa İttifaqının üzvləri olan ölkələrlə, həm də geniş İslam dünyasını təmsil edən dövlətlərlə sıx münasibətlər qurub. Bu münasibətləri uzunömürlü edən əsas səbəblər Azərbaycanın xarici siyasətində izlənən məntiqi ardıcıllıq, münasibətlərin ədalət prinsipinə əsaslanması və hər zaman qarşılıqlı maraqların nəzərə alınmasıdır. dan çıxış etməsidir. Dövlət beynəlxalq münasibətlərində yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da qlobal arenada Azərbaycanın nüfuzunu davamlı olaraq yüksəldir.
Dünyanın 7-ci böyük iqtisadiyyatına sahib olan İtaliyanın Azərbaycanla əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi də Azərbaycanın artan nüfuzunun əyani göstəricisi sayıla bilər. İtaliya Azərbaycanın Avropadakı ən böyük siyasi-iqtisadi və ticari tərəfdaşıdır.
İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin ölkəmizə rəsmi səfəri bu münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün mühüm hadisədir. Səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar bir daha göstərir ki, Roma və Bakı arasında əməkdaşlıq ikitərəfli müstəvidə və Avropa miqyasında strateji xarakter daşıyır. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.
Azərbaycanla İtaliya arasında uzun illərdən bəri davam edən yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında çoxvektorlu münasibətlərin təməlində dayanan əsas amildir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb və qarşılıqlı münasibətlər də bu bəyanatda əksini tapan müddəalar əsasında inkişaf etdirilir. Hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin müntəzəm səfərləri əlaqələrin dinamikasına öz müsbət təsirini göstərir. 1997-ci ilin sentyabrında Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Həmin səfər zamanı iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Həmin dövrdən başlayaraq qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etmiş və sonrakı illərdə də bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. 
Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycandan xam neft və neft məhsullarının ixracında İtaliya ölkəmizin ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. 
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycanla ticarət təşkil edir. Hazırda Azərbaycanda 130-a yaxın İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. 
İki dövlət arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Görüşlər zamanı bu barədə də danışılıb. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər müzakirə edilib.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır.  Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Ölkələrimiz arasındakı tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinə, Cənubi Qafqazda sabitliyə və beynəlxalq iqtisadi inteqrasiyaya əhəmiyyətli töhfələr verir. Vaxtilə enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar sahə, sənaye və texnologiya sahələrində də güclənərək daha dayanıqlı xarakter alır. Azərbaycan-İtaliya əlaqələrinin inkişafında və möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri var. İtaliya Baş nazirinin ölkəmizə səfəri, dövlət başçılarının görüşlərində qarşıya qoyulan, icrası nəzərdə tutulan məsələlər iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Beləliklə, iki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.