XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Deputatlarımız tətildən qayıtdı - Onlar harada dincəlib?

Deputatlarımız tətildən qayıtdı - Onlar harada dincəlib?

Deputatlarımız tətildən qayıtdı - Onlar harada dincəlib?
30-08-2017, 13:39

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatıb. Qanunverici orqanın üzvləri 45 gün məzuniyyətdə olublar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.

Milli Məclisin sədri 4500, komitə sədrləri 3600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar.

Məzuniyyətdən qayıdan deputatların harada dincəldikləri ilə maraqlandıq.

Aydın Mirzəzadə deyib ki, istirahət üçün ölkənin dilbər guşələrini seçib: "İstirahətimi yalnız Azərbaycanda keçirmişəm...”

Aqil Abbas isə Həm ölkədə, həm də ölkə xaricində istirahət etdiyini deyib: "Məzuniyyət dövrünün bir hissəsini Bakıda keçirmişəm. Həmçinin, Azərbaycanın gözəl yerləri olan Şamaxı və Qəbələ rayonlarında dincəlmişəm. Bundan başqa, Qara dəniz sahillərində, Trabzonda istirahət etdim”.

Araz Əlizadə maliyyə baxımından sərfəli olması üçün Batumini seçib: "Mən Gürcüstanın Batumi şəhərində istirahət etdim. Çünki Gürcüstandakı istirahət mərkəzləri Azərbaycandakı istirahət mərkəzlərindən bir neçə dəfə ucuzdur”.

Yevda Abramov da məzuniyyətini Azərbaycanda keçirənlərdən olub: "Məzuniyyət müddətində Azərbaycandan kənara çıxmamışam. İstirahəti ancaq Quba və Qusar keçirmişəm”.

Vahid Əhmədov əsas vaxtını Bakıda keçirdiyini deyib: "Məzuniyyətdə olanda arada Qubada olmuşam. Az müddət xaricdə də oldum, ancaq əsas vaxtımı Bakıda keçirmişəm. Artıq Qurban bayramına da az qalıb. Çox güman bayram günlərində də Qubaya gedəcəm”.

Çingiz Qənizadə isə məzuniyyətini tez bitirib: 45 gün müddətində yalnız Bakıda və Şamaxıda olmuşam. Vaxtından əvvəl, artıq 4-5 gün olar ki, işə başlamışam. Hətta avqust ayından etibarən həftənin 2-3 günü elə işlərimlə məşğul idim. İndi də vətəndaşların müraciətlərinə baxıram”.

Əməkdaşımız digər millət vəkilləri ilə də əlaqə saxlamağa çalışsa da, telefon zənglərinə cavab verən olmayıb.

Onu da bildirək ki, qanunvericiliyə uyğun olaraq, Milli Məclis komitələrinin iclasları sentyabrın 15-də başlayacaq.

BakuPost.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.