SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azəravtoyol“ tənqid edildi: “Yola verməklə məşğuldurlar“

“Azəravtoyol“ tənqid edildi: “Yola verməklə məşğuldurlar“

Tarix:

1-02-2017, 20:51

/ 1 509 dəfə oxundu.
“Azəravtoyol“ tənqid edildi: “Yola verməklə məşğuldurlar“

Hava şəraitinin pisləşməsi, qarın yağması Bakı şəhərində nəqliyyatın hərəkətini demək olar ki, iflic edib. Vəziyyətin bu həddə çatmasının sürücülərin təcrübəsizliyi, aidiyyiatı qurumların məsuliyyətsizliyi ilə əlaqədar olduğu bildirilir. Bəs görəsən sadalananlar real səbəblərdirmi?

İctimai fəallar və ekspertlər məsələ ilə bağlı mövqeyini bildirib:

Tanınmış jurnalist Azər Həsrət bildirir ki, yaşadığı ərazidə səlahiyyətli qurumlar heç bir qabaqlayıcı tədbir görməyiblər: "Qarlı havanı nəzərə alıb evdən bayıra çıxmamışam və evdə oturub işləməyə üstünlük verirəm. Pəncərədən ətrafı müşahidə etmək imkanım var. Səhər tezdən ətrafdakı görüntüylə bağlı bir foto da çəkib sosial şəbəkdə paylaşmışam. Hazırda Şıxlınski küçəsindəyəm, müşahidə edirəm. Bu küçədə hər hansı təmizləmə, duzlama, qumlama işi aparılmır. Özü də bura enişli-yoxuşlu yoldur. İndi Allah tərəfi əriyən əriyib, əriməyən də yerindədir. İnternet üzərindən də ümumi vəziyyəti öyrənməyə çalışıram. Öyrəndim ki, Bakı-Sumqayıt yolu da bərbad durumdadır. Belə anlaşılır ki, biz təbiət hadisəsi olan qarla bağlı hazırlıq görməmişik. Ən azından Şıxlinski küçəsində heç bir təmizləmə müşahidə edilmir".

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə mütəxəssis Elməddin Muradlı deyir ki, aidiyyatı qurumlar sadəcə əsas bir neçə prospekt və küçəni təmizləyirlər: "Aidiyyatı orqanlar həmişəki kimi öz "adət-ənənələrinə" sadiq qalırlar. Əsas bir neçə prospekt və küçəni təmizləyirlər. Qalan küçələr sanki Azərbaycana, Bakıya aid deyil. Yola verməklə məşğuldurlar. Xüsusən Yasamal rayonunda digər ərazilərlə müqayisədə ağır texnikanın hərəkəti 15-20 faiz hiss olunur. Məsələn, Parlament prospektində Bakı Şəhər İcra Hakimiyyətinin ağır texnikaları dayanıb. Həmin texnikalar qum və duzla doludur. Yüz əlli metr yuxarıda Mikayıl Müşfiq dairəsindən Mətbuat prospekti başlayır. Görün o prospektdə hərəkət emtək mümkündürmü? Əlbəttı yox! Şərifzadə küçəsində bir balaca qum görsəniz sevinərsiniz".

E.Muradlı bildirib ki, təkcə yollar deyil, səkilər də bərbad vəziyyətdədir: "Səkilərimiz bərbad vəziyyətdədir və ora ilə hərəkət edən piyadaların həyatı təhlükədədir. Yuxarıdan buz parçaları tökülür, aşağı da sürüşkən. Əgər hər bir obyektin, evin sahibi özü öz evinin qarşısın təmizləyəcəkdisə, MİS, icra hakimiyyəti, bələdiyyə kimə lazımdır? Yağıntı sakitləşən kimi hərə əlinə bir bel alıb öz evinin, obyektinin qarşısını təmizləyir. Ən biabırçı hal odur ki, bizdə şəhərsalma sıfır səviyyəsindədir. Obyekt sahibi gətirib obyektin qarşısına sürüşkən kafel-metlax vurur. Qışda da ayaq qoyan kimi yerə dəyirsən. Buna rəy verən yox, irad bildirən yox. Bilmirlər ki, kafeli ayaqyoluna, hamama vurarlar. Yerə hansı ağılla kafel vurursan?"

Ekspert qeyd edir ki, avtobus sürücülərinin qeyri-peşəkarlığı nəticəsində sıxlıq yaranır, dönmə əməliyyatlarını düzgün aparmırlar. E.Muradlı deyir ki, xüsusən təcrübəsiz sürücülər qışa hazırlıqsız avtomobillə yola çıxmamalıdırlar: "Hamı bir təkər alır, yay-qış sürür, əksəriyyətin qış təkərləri yoxdur. Bu sadəcə daşıyıcı şirkətlərin özbaşınlaığıdır. Onların aidiyyatı orqanlar qarşısında məsuliyyəti yoxdur. Başa düşmürlər ki, mən ictimai nəqliyyat sahəsində çalışıram, şəxsi taksi deyiləm ki, istədiyim vaxt xəttən çıxam. Güman edirəm ki, şirkətərin belə hərəkətini cəzasız qoysalar, bir də təkrarlanacaq. Bunun üçün bir mexanizmi olmalıdır. Şərtlər olmalıdır ki, bu tələblərə əməl edəndən sonra xəttə çıxa bilərsən. Bu gün bilmirik özbaşınalıq edib xətdən çıxan daşıyıcı şirkətlərin dövlət qurumu qarşısında öhdəliyi necədir. Hava şəraiti ilə əlaqədar rəsmi olaraq işi dayandırmaq göstərişi verilməyibsə, işi niyə dayandırırsan? Gündüz xəttə çıxanlar da saat 18:00-dan sonra yoxa çıxırlar. Qabaqlayıcı tədbirlər isə indi yox, yayda görülməli idi".

"Digesta" hüquq firmasını direktoru, ekspert Ərşad Hüseynov bildirdi ki, qurumlar lazımi texnika ilə təchiz edilməyiblər: "Burada bir incə məqam var. Görünür, Bakı Şəhər İcra Hakimiyyətinin və "Azəravtoyol"un belə texnikası yoxdur. Məsələn, Rusiyada, digər ölkələrdə qartəmizləyən texnika qarı sadəcə yoldan kürümür. Qarı aparıb kənar yerə tökürlər. Bizdə qarı yolun qırağına kürüyüblər, hərəkət hissəsi məhdudlaşıb. Belə şəraitdə maşın sürmək risklidir. Dünən gördüm ki, fəhlələr adi bellərlə qarı yük avtomobilinə atırlar".

Ekspert bildirib ki, qurumlar şəhəri iki hissəyə ayırıblar: "Qurumlar öz aləmlərində şəhəri iki hissəyə ayırıblar - əsas arterial əhəmiyyət daşıyan magistral küçələr və məhəlli yollar. Magistral küçələrdə işləyirlər, digərlərində yox. Əslində, onlar məhəlli yollar deyil, sadəcə, az instensivlik var. Adətən körpülər və külək çox vuran yerlər daha tez donur. Həmin nöqtələrə xüsusi diqqət ayrılmalıdır. Yol hərəkəti təkcə maşınlar üçün deyil, piyadalar da nəzərdən qaçmamalıdır. Bakıda bir dənə səki təmizlənmir. Hazırda Bakı şəhərində olan nəqliyyat parkının 10-15 faizi yola çıxıb. Sürücülər sağ olsunlar ki, nəzərə alıblar".

Şərhlər

XƏBƏR LENTİ