SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentin mühüm çağırışlar və mesajlarla zəngin çıxışı

Prezidentin mühüm çağırışlar və mesajlarla zəngin çıxışı

Tarix:

22-07-2024, 09:31

/ 184 dəfə oxundu.
Prezidentin mühüm çağırışlar və mesajlarla zəngin çıxışı

 
İqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi tanınan Şuşa bu gün yenidən dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Belə ki, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi.  50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. 
İkinci Şuşa Qlobal Media Forumunu regionda və Azərbaycanda baş verən hadisələri dəqiqliklə, əsaslı şəkildə beynəlxalq ictimaiyyətə təqdim edir. Dövlət başçısı İlham Əliyevin ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında da əsas çağırışlarından biri bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırısın. 
Hər zaman vurğulandığı kimi,  beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından da xüsusi əhəmiyyət kəsb edir. İkinci Şuşa Qlobal Media Forumunda bugünümüzün çağırışlarına uyğun olaraq  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”mövzusu ətrafında müzakirələr aparıldı, dövlət başçısı İlham Əliyev çıxışında mühüm məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu reallıqların məhz Qarabağın tacı Şuşadan beynəlxalq ictimaiyyətə çatdırılması özündə mühüm məqamları ehtiva edir. 30 il torpaq həsrəti ilə yaşayan və heç zaman ümidini itirməyən  xalqımız azad Şuşamızın diplomatik mərkəzə çevrilərək həqiqətlərimizin təbliğinə şahidlik etməsindən qürurludur. 
Ölkə Prezidenti İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal və  44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarından, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsindən bəhs etməsin. Çıxışında torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən bəhs edən dövlətimizin başçısı bildirdi ki, “əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi,  emosiyalarımı kənara qoymalı idim. Yəni,  bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu”.
Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd etdi ki, “əlbəttə, insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi”.
Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, mesajlarla zəngindir. Dövlətimizin başçısı sözügedən Forumdakı çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda  reallıqlara qərəzli yanaşmalara da  yönəltdi. Qeyd etdi ki, “natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq. Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik”.
 Hazırkı dövrün çağırışları sırasında xüsusi yer alan türk dünyasının birliyinin gücləndirilməsi məsələsi Forumda da dövlətimizin başçısının diqqət göstərdiyi mövzulardan oldu. Azərbaycan Prezidenti bildirdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair  baxışlarım tamamilə aydındır. Təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə.
44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarından bəhs edərkən qardaş Türkiyə ilə yanaşı, Pakistanın da siyasi və mənəvi dəstəyinin xalqımızda doğurduğu hisslər daim önə çəkilir, bu dəstəklərin ölkəmizə böyük güc verdiyi xüsusi vurğulanır. Tarixi Zəfərimizdən sonrakı dövrdə Azərbaycan-Türliyə və Azərbaycan-Pakistan münasibətlərində yeniliklər, müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da möhkəmləndiyi diqqətdən kənrda qalmır. Azərbaycanla Türkiya arasında media sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması, Ortaq Media Platformasının yaradılması da bunun  bariz nümunəsidir. Bu baxımdan dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da bu məsələlərə diqqət yönəldi. Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib. Bu mühüm məqamı da vurğuladı ki, media sahəsində səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik.
Forumda Azərbaycanın reallıqları sırasında  iqtisadi uğurlara  xüsusi diqqət göstərilib. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edilib. 2021-ci ildə ölkəmiz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər Azərbaycan Avropaya ixracı 16 milyard kubmetrə çatdıracaqdır. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli faktorudur. Dövlətimizin başçısı bildirdi ki, “atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”.
Forumda tədbir iştirakçılarına  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən  dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki,  Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun.
50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum media sahədə də qurulan körpülərin daha da möhkəmləndirilməsinin bir çağırış olduğunu nümayiş etdirir. Bu, istər regionda, istər dünyada, istərsə də ayrı-ayrı ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların əldə edilməsinə, obyektiv, qərəzssiz işıqlandırılmasına öz müsbət təsirini göstərəcək. Üç saatdan artıq davam edən müzakirələrdə  dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, ən vacibi məlumatın həqiqətə söykənməsidir. Bu, birtərəfli, qərəzli olmamalıdır.
 
 
Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ