SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan və Konqo arasındakı əlaqələrdə yeni səhifə

Azərbaycan və Konqo arasındakı əlaqələrdə yeni səhifə

Tarix:

5-04-2024, 13:21

/ 678 dəfə oxundu.
Azərbaycan və Konqo arasındakı əlaqələrdə yeni səhifə

Aprelin 4-də ölkəmizə ilk dəfə rəsmi səfərə gələn Konqo Prezidenti  Denu Sassu-Nqesson ilə Prezident İlham Əliyevin keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında  iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar xüsusi olaraq diqqətə çatdırıldı.
Səfər çərçivəsində 4 mühüm sənəd imzalandı ki, bunlardan biri prezidentlərin iştirakı ilə imzalanan «Azərbaycan Respublikası  və Konqo Respublikası arasında  əməkdaşlıq haqqında Bəyannamə»dir. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, bu səfər tarixi səfərdir, sadəcə, ona görə yox ki, bu, ilk səfərdir. Məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq: «Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.»
Qeyd edildi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, kənd təsərrüfatı, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Reallıq budur ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Təbii ki, hər bir sahədə inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafında əhəmiyyətli rola malikdir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi şöhrət qazanır. Son zamanlar qarşılıqlı səfərlər zamanı əsas diqqət göstərilən məsələlərdən biri məhz COP29 tədbiridir. Cənab İlham Əliyev Konqo Prezidentini tədbirdə iştiraka dəvət edərək bir daha vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır. Burada Konqo ilə ikitərəfli  və çoxtərəfli formatda əməkdaşlıq etmək  məqsədəmüvafiq ola bilər.
Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı. Belə ki, Prezident İlham Əliyev qeyd etdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın quruma sədrliyi dövründə yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması təşkilatın hər bir üzvünün marağındadır: «Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq. Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.»
Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının təqdimatıdır. Azərbaycanın çoxşaxəli xarici siyasətinin  dəyişməz prioritetləri yeni tərəfdaşlar, dostlar qazanmasında öz sözünü deyir. Ölkəmizə səfər edən bu və ya digər ölkələrin dövlət başçıları Azərbaycanın uğurlarından heyrətləndiklərini və onların əldə olunmasında Prezident İlham Əliyevin liderliyini yüksək dəyərləndirirlər. Konqo Prezidenti Denu Sassu- Nqesson «Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq» söyləyərək onu da əlavə etdi ki, bu səfər ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Konqo Respublikasının rəhbəri diqqətə çatdırıb ki,  Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi: «Biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun.» 
 Konqo Prezidenti Denu Sassu- Nqesson Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə bildirdi ki, bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik.
Hər bir səfər, eyni zamanda, Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğunu açıqlayır. Ölkəmizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti hər bir sahədə, xüsusilə xarici siyasətdə davamlı uğurlar qazanmasını şərtləndirir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları daim bir araya gətirən Azərbaycanın tarixi Zəfərindən sonra sözünün imzası qədər  dəyərli olması hər bir azərbaycanlını qürurlandırır. 

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Şərhlər

XƏBƏR LENTİ