SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Niyazi Bayramovun fəaliyyəti yüksək qiymətləndirildi

Niyazi Bayramovun fəaliyyəti yüksək qiymətləndirildi

Tarix:

18-03-2024, 10:17

/ 405 dəfə oxundu.
Niyazi Bayramovun fəaliyyəti yüksək qiymətləndirildi

Məlum olduğu kimi, 2023-cü ilin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev ili”  adlandırılmasından sonra bir çox tədbirlər həyata keçirilməyə başladı. Müxtəlif sahələrdə çalışan şəxslər, müxtəlif qurumlar “Heydər Əliyev ili”nə öz töhfələrini vermək üçün layihələr hazırladılar, təkliflər irəli sürdülər. Həmin əhəmiyyətli addımlardan biri də ümummilli liderimiz Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar olaraq Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi oldu.
 


 

 
 
Bu medalla ümummilli liderimiz Heydər Əliyev irsinin tədqiqində və təbliğində, dövlət quruculuğunda, respublikamızın sosial-iqtisadi, elmi-texniki, mədəni inkişafında, dövlət idarəçiliyində, dövlət qulluğunda, ictimai-siyasi və s. kimi sahələrdə səmərəli fəaliyyətinə görə xüsusi xidməti olan şəxslərin təltif olunması nəzərdə tutuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  da  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək  müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və  ictimai-siyasi fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsinin çox qürurverici olduğunu qeyd edərək, göstərilən diqqətə və yüksək təltifə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə sonsuz minnətdarlığını ifadə edib və bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq, dövlətçiliyimizin inkişafı və xalqımızın daha xoşbəxt gələcəyi naminə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgəri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini və  göstərilən etimadı doğruldacağını bildirib.
 
 

 
 
Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq şəhər rəhbərliyi tərəfindən Gəncədə görülən işlər haqqında bir ziyalı kimi öz fikirlərimi bildirmək istəyirəm.
    Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ardıcıl davam etdirilməsi, ölkənin bugünkü və gələcək inkişafını təmin edən dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi Azərbaycanı regionun ən güclü dövlətinə çevirmiş, onun beynəlxalq nüfuzunu xeyli gücləndirmişdir.
 

 
Müstəqillik tarixinə quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır, ölkədə gedən böyük abadlıq və quruculuq işləri insanları sevindirir, bütövlükdə əhalinin irəli sürdüyü məsələlər öz həllini daha tez tapır. 
        Yaşadığım Gəncə şəhərində gözlərimiz qarşısında aparılan geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri, eləcə də vətəndaşlara, habelə xüsusi kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğı  bir ziyalı kimi məni çox sevindirir. 
Gəncə şəhəri möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində günü-gündən inkişaf edir. Şəhərin səhiyyə, təhsil və mədəni həyatında yeniliklərə nail olunur, yeni infrastruktur layihələri icra edilir. Gəncədə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, müasir küçə işıqlandırılması sisteminin qurulması, şəhərin park və xiyabanlarında olan fəvvarələrin  əsaslı təmiri,  çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi və s. istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlər təkcə şəhər mərkəzini yox, ətraf küçə və yaşayış massivlərini də əhatə edir.
 
 

 
 
 
Gəncədə İdman Sarayının, “Gəncə KOB evi”nin, Ekoloji Park Kompleksinin, "Azərbazalt" MMC-nin sifarişi ilə həyata keçirilən orqanik gübrə istehsalı zavodunun və “AzerGold” QSC-nin törəmə cəmiyyəti kimi “AzerBlast” MMC adı altında fəaliyyət göstərəcək sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşaları, eləcə də “Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi  sürətlə davam etdirilir. Layihə başa çatan ərazilərdə paralel şəkildə küçələrin asfaltlanması işləri də sürətlə həyata keçirilir. Gəncədə sovet dövrlərində belə asfalt olmayan ara küçələrə yüksək keyfiyyətdə asfalt örtüyü çəkilmişdir. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Şəhərin müxtəlif yerlərində "Abad məhəllələr" salınır, yaşayış binaları ətrafında sakinlərin istirahəti üçün şərait yaradılır, idman qurğuları, uşaqlar üçün əyləncə yerləri düzəldilir.
 

 
Ümumiyyətlə, Gəncədə yol infrastrukturunun yenilənməsində  xeyli iş görülmüşdür. 52 küçədə genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilmiş, o cümlədən 29 küçəyə asfalt örtüyü salınmış, bort daşlar döşənmiş, 25 küçədə asfalt örtüyü tam təmir olunmuşdur. Həmçinin şəhərin Heydər Əliyev, Atatürk və Nizami Gəncəvi prospektlərində, 1-ci mikrorayon ərazisində və "Gülüstan" yaşayış massivində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri görülmüşdür. Məhəllələrə asfalt örtüyü salınmış, tamet daşlar döşənmiş, yeni bardürlər düzülmüş, işıq dayaqları quraşdırılmışdır.
 
  Son bir ildə  şəhər ərazisində 10400 kvadratmetr yeni yaşıllıq zolağı salınmışdır. Şəhərin müxtəlif ərazilərində 7 minə yaxın Kiparis, Eldar şamı, Limontuya və Kedr ağacları, 150 minədək müxtəlif növ çiçək, 30 mindən çox qızılgül kolu əkilmişdir. Yaşıllaşdırma işləri bu gün də davam edir. Təkcə cari ilin  yanvar və fevral aylarında şəhərin müxtəlif ərazilərində, o cümlədən magistral yolların kənarlarında ümumilikdə 500-dən çox Eldar şamı və çinar ağacı əkilmişdir. Yaşıllıq zonalarına əkilən gül-çiçək kolları isə yazın gəlişi ərəfəsində şəhərə xüsusi gözəllik verir.
 

 
 
  Gəncədə yazqabağı həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinə şəhərdəki fəvvarələrin yenidən qurulması da əlavə edilmişdir. Müasir tələblərə cavab verməyən bütün fəvvarələrin əsaslı təmiri aparılır, "Xan bağı"nda olan 2 fəvvarə tam sökülərək yerində müasir standartlara cavab verən yenisi tikilir. Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunur. Bundan başqa, Gəncənin mərkəzi meydanındakı Fikrət Əmirov adına Gəncə Dövlət  Filarmoniyasının qarşısındakı  fəvvarələr də yenidən qurulur. 
Gəncənin həmişə qələbəlik olan Cavadxan küçəsində də genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılır. Burada yerləşən evlərin fasadları, novdanları yuyularaq təmizlənir, daş döşəmələrin təmirə ehtiyacı olan hissələri yeniləri ilə əvəz olunur, işıq dayaqlarındakı köhnə plafonlar LED lampaları ilə əvəzlənir, yeraltı keçidlərdə təmizlik işləri görülür, buta formalı oturacaqlar boyanır, ətrafındakı güldanlara mövsümi güllər əkilir. Bunlardan başqa, şəhərdəki istiqamətverici lövhələr də dəyişdirilir. Son bir neçə gündə  100-dən artıq  belə istiqamətverici lövhə yenisi ilə əvəz olunmuşdur.
Gəncəlilərin müqəddəs məkan saydıqları Heydər Əliyev Park-Kompleksi də bu günlər yeni görkəm alır. Parkda fəaliyyət göstərən muzey və onun ətrafında əkilən gül və çiçəklərə xüsusi qayğı göstərilir, xiyaban boyu müxtəlif dekorasiyalar insanların gözünü oxşayır. Prezident İlham Əliyevin möcüzə adlandırdığı bu park-kompleksi daim diqqət mərkəzində saxlanılır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometr olan və zəngin bitki aləminə malik Azərbaycanın ən böyük parkı gəncəlilərin Ulu Öndərə sonsuz məhəbbətinin timsalına çevrilib.  
Bir sözlə, indi şəhərin hansı ərazisinə getsən, təmizliyin, yaşıllığın, yeniliyin şahidi olmaq mümkündür. 
Bir daha qeyd etmək yerinə düşər ki, Gəncə şəhərində həyata keçirilən bütün layihələr dövlət başçısının Nizami yurduna göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə şəhərinə səfərləri də bu diqqətin və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğının, ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, ölkə rəhbərinin səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, onu həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın” fikirlərində də öz əksini tapır. 
Gəncədə  bu amili əldə deviz  tutan şəhər  rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsinin arxasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Ümumiyyətlə, ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhərində birmənalı şəkildə icra edilir.
Şəhərin müxtəlif hissələrində sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəklərinə əsasən, problemlərə yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar və s. onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov  ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrə ləyaqətlə əməl edərək Gəncə şəhərində vətəndaşların qəbul edilməsinə, onların problemlərinin yerindəcə həll olunmasına böyük əhəmiyyət verir. Hətta, bayram və istirahət günlərində belə Gəncənin müxtəlif hissələrində gəzintiyə çıxan şəhər rəhbəri sakinlərlə görüşür, onlarla səmimi söhbət edir, sakinləri narahat edən məsələlərlə maraqlanır. Bütün bu müsbət keyfiyyətlərinə görə Niyazi Bayramov şəhər sakinlərinin böyük hörmətini qazanmışdır.
Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının  problemləri  ölkə başçısının xüsusi nəzarətindədir. Gəncə şəhərində də şəhid ailələri, qazilər və müharibə veteranları xüsusi diqqət və qayğı ilə əhatə olunmuşdur. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür. 
Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan münasibəti, onlara göstərdiyi qayğı hər bir dövlət məmuru üçün örnəkdir” - deyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu amilin bundan sonra da hər bir işdə əsas götürüləcəyini sakinlərlə görüşlərində dəfələrlə vurğulayıb.
"Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır"- deyən Niyazi Bayramov idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını dəfələrlə vurğulamışdır. 

 
Ümumiyyətlə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sadəcə həssas kateqoriyadan olan şəxslərə deyil, uşaqlara, gənclərə, yaşlılara, bir sözlə bütün şəhər sakinlərinə çox diqqətlə yanaşır. O, mütəmadi olaraq şəhər sakinləri ilə görüşlər keçirir, Gəncə Uşaq Evinin sakinlərini ziyarət edir, şəhərin müxtəlif yerlərində, park və xiyabanlarda sadə vətəndaşlarla görüşüb onları narahat edən məsələlərlə maraqlanır.
Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. “Açıq mikrofon” şəraitində keçən görüşlərdə sakinləri narahat edən məsələlərin qanuna müvafiq qaydada həllinə çalışılır.

 
 
Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edirlər. Bütün bunlar onu göstərir ki, xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.
 
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri doktoru

Şərhlər

XƏBƏR LENTİ