SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Almaniyada “Rusiya xofu”, yoxsa… - TƏHLİL

Almaniyada “Rusiya xofu”, yoxsa… - TƏHLİL

Tarix:

12-03-2024, 11:26

/ 130 dəfə oxundu.
Almaniyada “Rusiya xofu”, yoxsa… - TƏHLİL

Olaf Şolz Ukraynaya Moskvanı vura biləcək “Taurus” raketlərini verməkdən nə üçün imtina etdi?

Dünən dərc edilən sorğuya görə, almanların demək olar ki, 60%-i Ukraynaya bu raketlərin tədarükünə qarşıdır. Bu, fevral ayı ilə müqayisədə 49% çoxdur…

“Almaniya kansleri Olaf Şolz Ukrayna ilə bağlı ziddiyyətli mövqeyi ilə bütün Avropada çaşqınlıq və anlaşılmazlıq toxumu səpdi, lakin onun çılğınlığının öz metodu var”. Bu barədə “Politico” nəşrinin məqaləsində qeyd olunur.

Xatırladaq ki, Şolz Kiyevə qanadlı raketlər verməkdən imtina edib. Üstəlik, buna baxmayaraq, Rusiyanın qisas alacağı riskini əsas gətirərək, avropalı müttəfiqlərini Ukraynaya daha çox hərbi yardım göstərmədiklərinə görə qınayıb. “Ancaq Almaniya kanslerinin ziddiyət kimi görünə bilən addımı, əslində, düşünülmüş strategiyadır. Belə ki, Ukraynanın özünü Rusiyaya qarşı müdafiə edə biləcəyini anladıqdan sonra, Şolz bu strategiyanı irəli sürüb. Burada məqsəd Vaşinqtonla tandemdə hərəkət etmək, Ukraynanı sağ qalmaq üçün kifayət qədər silah və texnika, o cümlədən zenit batareyaları və tanklar ilə təmin etmək, eyni zamanda, “ona qələbə üçün zəruri olan texnikanı verməkdən imtina etməklə” vaxt qazanmaqdır. O, bu yanaşmasını gizlətməyib”, - deyə müəllif yazır.

Qeyd edək ki, Olaf Şolz hələ də Ukraynanın qarşıdurmadan qalib çıxmasını istədiyini söyləməkdən imtina edir və yalnız “Rusiya qalib gəlməməlidir və Ukrayna uduzmamalıdır” deyir. Bu, semantika kimi görünə bilər, lakin bir çox ukraynalılar üçün Avropa dövlətinin liderinin onların qələbəsinə dəstəyini eşitmək mühüm psixoloji təkan olmaqla yanaşı, Moskvaya açıq siqnal olardı.

Lakin Şolzun ​​Ukraynanın qalib gəlməsini istədiyini söyləməkdən imtina etməsinin səbəbi ölkəni bu məqsədə çatmaq üçün lazım olan silahlarla təmin etməməsi ilə eynidir. Söhbət, hələ də mövcud olan Rusiya xofundan gedir. Şolz hesab edir ki, Ukraynanı Kerç körpüsünü məhv edə və bəlkə də Moskvaya zərbə endirə biləcək "Taurus" qanadlı raketləri kimi silahlarla təmin etmək prezident Vladimir Putini o dərəcədə qəzəbləndirər ki, o, Almaniyadan qisas almağı düşünər. Hansı ki, “Leopard” tanklarının göndərilməsi ilə bağlı Almaniyada aparılan müzakirələr də buna oxşar idi. Və burada Şolz daha geniş münaqişəyə səbəb ola biləcək addımlardan dərin narahatlığını ifadə etdi. Yalnız Vaşinqton az sayda “Abrams” tankı göndərməyə razı olduqdan sonra o, “təslim oldu”. Lakin o vaxta qədər Rusiyanın cəbhə xəttini minalamaq üçün kifayət qədər zamanı var idi ki, bununla da Ukrayna təşəbbüsü ələ ala bilmədi.

Lakin indi Olaf Şolz ölkəsinin “müharibədə rol oynamasına” səbəb olmasın deyə, “Taurus” raketlərini göndərməkdən qəti şəkildə imtina edir. Bu mövqeyində kansler tək deyil. Dünən dərc edilən sorğuya görə, almanların demək olar ki, 60%-i Ukraynaya bu raketlərin tədarükünə qarşıdır. Bu, fevral ayı ilə müqayisədə 49% çoxdur. Almaniya Ukraynaya indiyədək təxminən 17,7 milyard avro həcmində hərbi yardım ayırıb. Berlin bu yardımına görə ABŞ-dan sonra ikinci, ÜDM-in faizinə görə 11-ci yerdədir. Bu onu deməyə əsas verir ki, almanların daha çox iş görmək üçün maliyyə imkanları var, lakin onlar bunu etmək istəmirlər. Bu tendensiyaları və Almaniyanın Rusiyanı təhrik etmək qorxusunu anlamaq üçün 20-ci əsr Almaniyasının tarixinə nəzər salmaq lazımdır. Hansı ki, ölkə Rusiyaya qarşı iki müharibə apardı və fəlakətli nəticələr verdi.

Görünür, İkinci Dünya Müharibəsində Rusiyanın nasistlərə vurduğu zərbə və itkilər bu ölkənin ictimai psixikasına həkk olunub. İndi Rusiyanın işğalı nəticəsində travma almamış bir alman ailəsi tapmaq çətindir – bunlar müharibədə ölən ata və ya baba, ya da Qırmızı Orduya əsir düşən doğmalar ola bilər.

Əlbəttə, Almaniyanın Rusiya ilə münasibətləri təkcə qorxu ilə müəyyən edilmir. Əksinə, Şərqi Almaniyada böyümüş bir çox alman üçün Moskva hələ də düşməndən daha çox dost kimi qəbul edilir.

Ölkə əhalisinin 80%-dən çoxunun yaşadığı keçmiş Qərbi Almaniyada Rusiyaya münasibət o qədər müsbət olmasa da, Rusiya ilə münasibətlərin sirrinin dialoqda olduğuna dair hələ də geniş yayılmış fikir var. Bir çox almanlar 1970-ci illərdə müharibədən sonrakı ilk sosial-demokrat kansler Villi Brandt tərəfindən hazırlanmış Yeni Şərq Siyasəti (Ostpolitik) adlanan Qərbi Almaniyanın cəlb etmə strategiyasını Soyuq Müharibənin sona çatmasına gətirib çıxardığına görə qiymətləndirirlər. O dövrün uşağı olan Şolz, “Ostpolitik”in alman psixikasına təsirini əksəriyyətdən daha yaxşı başa düşür. Ona görə də onun parlamentdə deyil, Almaniyanın əsas xəbər nəşrlərinin baş redaktorları ilə görüşündə elan etdiyi “Taurus” raketlərinin tədarükündən imtinasına təklikdə verilmiş qərar kimi yox, onun daha geniş siyasi strategiyasının tərkib hissəsi kimi baxmaq lazımdır. Şolzun Ukraynanın ardınca getmək istəməməsi onu göstərir ki, onun əsas məqsədi Kiyevin sülh danışıqlarına və mümkün qədər tez razılıq verməsidir. Bu baxımdan, ABŞ Konqresində respublikaçıların Ukraynaya növbəti yardım paketini təşviq etməkdən imtina etməsi almanların “əlinə oynayır”.

Strateji qeyri-müəyyənlik Şolzun ən son istədiyi şeydir. Buna görə də o, Putinə və bütün dünyaya Ukraynanı dəstəkləmək üçün nəsə etməyəcəyini və niyə bunu etməyəcəyini açıq şəkildə mesaj göndərir. Bu məsələdə Almaniya zabitlərinin Ukraynaya “Taurus” raketlərinin göndərilməsi siyasətini və logistikasını müzakirə edən səs yazısının yayılması da kanslerə kömək etdi. Zabitlər Şolzun ​​mövqeyindən narazılıqlarını ifadə etsələr də, səs yazısı onun, xüsusən də seçki kampaniyasının yaxınlaşması ilə “yerindən tərpənmək” ehtimalının az olduğunu göstərir.

Beləliklə, Almaniyanın hədəfləri aydındır. Bu hədəf nə qədər barışdan yana görsənsə də, ortada “Rusiya xofu”ndan daha çox hakim komandanın siyasi maraqlarının olduğu da kimsəyə sirr deyil. Görünür, bu gün əhalinin rəyi ilə hesablaşmaq tərəzidə “daha ağır vurduğundan”, ən azı riskli və səs-küylü qərarların verilməsi məsləhət hesab olunmur.

Gələcəkdə nə baş verəcək? Hər halda, seçkilərdən sonra bu gün verilən qərarlarda bir sıra dəyişikliklərin ediləcəyi istisna deyil.
Ülviyyə ŞÜKÜROVA
hurriyyet.az

Şərhlər

XƏBƏR LENTİ