XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Postneft dövründə müdhiş reforma: İKİ NEFT UNİVERSİTETİ BİRLƏŞDİRİLİR

Postneft dövründə müdhiş reforma: İKİ NEFT UNİVERSİTETİ BİRLƏŞDİRİLİR

Postneft dövründə müdhiş reforma: İKİ NEFT UNİVERSİTETİ BİRLƏŞDİRİLİR
24-05-2017, 11:55

Postneft dövrünün başlanması hələ 2015-ci ildən struktur islahatlarının həyata keçirilməsini şərtləndirmişdi.
Hökumət izafi xərclər yaradan qurumların ləğvi və ya birləşdirilməsi, bir-birini təkrarlayan idarələrin vahid mərkəzdə fəaliyyət göstərməsi qənaətinə keçid etməliydi.
Ayrı-ayrı iqtisadçıların, deputatların, hökumət rəsmilərinin də vaxtaşırı çıxışlarında struktur reformalarının labüdlüyü dilə gətirilirdi.
Hətta referendum ərəfəsində prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da neft erasının bitdiyini, qeyri-neft sektorunun inkişafının prioritet olduğunu bəyan etmişdi.
Ardınca YAP-ın millət vəkili Siyavuş Novruzov da struktur islahatlarının qaçılmaz olduğunu vurğulamışdı. Bu günlərdə isə Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov hökumətin kəskin ixtisarlar planının anonsunu vermişdi.
Ə.Əhmədovun ismarışlarından sezilirdi ki, İslamiadadan sonra yeni strukturlar daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Yəni, bəzi nazirlik və dövlət komitələrinin ləğvi, birləşdirilməsi və yenidən təşkili nəzərdə tutulur.
Əslində bu siyasət "Azərenerji” ASC-nin "Azərişıq” ASC-yə birləşdirilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi ilə də müşayiət olunurdu.
Mayın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidmətinin birləşdirilməsi struktur islahatlarının yeni dalğasının başladığını deməyə əsas verir.
Məlumata görə, struktural dəyişikliklərin təhsil sektoruna keçid etməsi də gözlənilir.
Bu proses çərçivəsində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib.
Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.
Həmçinin, prezidenti İlham Əliyevin sərəncamına əsasən, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universiteti birləşdirilərək, onların əsasında ADA Universiteti yaradılıb.
Bundan başqa, adı rüşvətdə hər zaman hallanmış "Təfəkkür” universitetinin lisenziyası ləğv olundu. Təhsil sistemində deputat Zahid Orucun da dediyi kimi karton istehsal edən universitetlərin birləşdirilməsi davam etməlidir.
Əldə etdiyimiz məlumatlara görə, prosesin davamı olaraq uzun illərdir neft mütəxəssisləri yetişdirən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU, keçmiş ADNA - müəllif) eyni ixtisasları tədris edən Bakı Ali Neft Məktəbi ilə birləşdiriləcəyi gözlənilir.
Səbəb kimi ADNA-nın müasir təhsil standartlarının tələblərinə cavab vermədiyi, müasir texnologiyaları tətbiq etməməsi göstərilir. BANM-ın təsis olunması və keyfiyyətli tədris porqramının təşkil edilməsi korifey bir ali məktəbin ləğv olunaraq ona birləşdirilməsini zəruri edib.
Burada məqsəd ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan bir elmi müəssisənin formalaşdırılmasıdır.
Eyni zamanda postneft dövrünün başlanması bu sahə üzrə kadrlar yetişdirən iki ali məktəbin təmərküzləşməsini, vahid bir sistem altında işləməsini əhəmiyyətli edir. Bu təhsil ocaqlarının profili və fakültələri belə bir təklifin gerçəkləşməsinin mümkün olduğunu göstərir.
Hətta ötən il ADNSU-da bu təhsil müəssisəsində fəaliyyət göstərən kafedraların sayı azaldılaraq sayı 28-ə (7 fakültə üzrə) çatdırılıb.
Bu əmrə qədər universitetdə ümumilikdə 48 kafedra olduğu, hər fakültə üzrə 7-8 kafedra fəaliyyət göstərdiyi halda, hazırda universitetdə hər fakültə üzrə cəmi 4 kafedra fəaliyyət göstərir.
Lakin bəzi iddialara görə, siyasi kluarlarda sözügedən ali məktəblərin birləşdirilməsi ilə bağlı yeknəsəq mövqe yoxdur.
Bəzi dairələr bu islahatı birmənalı qarşılamır. ADNSU-nun SOCAR-ın nəzdində olan BNAM-ın tərkibində fəaliyyət göstərilməsinə qarşı çıxan tərəflər var.
Onlar belə bir addımı universitetin müstəqil qalması və BNAM-ın kölgəsinə qalmaması, tarixi olan bir təhsil ocağının silinməməsi ilə izah edirlər.
Hazırda bu təhsil müəssisələrinin birləşdirilməsi ilə bağlı yuxarı eşelonda qızğın müzakirələr getdiyi xəbər verilir.
Əsas fikir ondan ibarətdir ki, ali məktəblər birləşdirilsə də, idarəedicilər ADNSU-nun rəhbərliyi olsun, əsas heyət bu universitetin bazası əsasında formalaşsın. Ən əsası isə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Təhsil Nazirinin keçmiş müavini Elmar Qasımov rəhbərlikdən uzaqlaşdırılsın.
Bu danışıqların və məsləhətləşmələrin nə ilə nəticələnəcəyi haqda müfəssəl məlumatlar verilmir. Lakin prosesin gedişindən görünür ki, belə bir struktur islahatının olacağı qaçılmazdır...

BakuPost.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.