XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Hökumət dəyişiklik etdi: Bu dövlət qurumlarına vaxt verildi - Siyahı

Hökumət dəyişiklik etdi: Bu dövlət qurumlarına vaxt verildi - Siyahı

Hökumət dəyişiklik etdi: Bu dövlət qurumlarına vaxt verildi - Siyahı
24-05-2017, 11:50

Azərbaycanda mühüm balıqçılıq obyektlərinin siyahısı müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nda əksini tapıb.

Siyahıya Xəzər dənizi, onun körfəzləri, dənizə axan çaylar, onların qolları və mənsəbləri, Kür çayı və onun qolları, Araz çayı və onun qolları, Mingəçevir su anbarı, Şəmkir su anbarı, Yenikənd su anbarı, Varvara su anbarı, Sarısu gölü və Candargöl daxil edilib.

Bundan əlavə, mühüm balıqçılıq su obyektlərində sudan istifadənin məhdudlaşdırılması qaydası müəyyənləşdirilib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nda əksini tapıb.
Mühüm balıqçılıq su obyektlərində qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir:

- balıqların kürütökmə yerlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı olmadan bənd çəkmək və dağılmış bəndləri bərpa etmək;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinın, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin razılığı ilə sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, mühüm balıqçılıq su obyektlərində qalaqlar yaratmaq və ya su axınının qarşısını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;

- balıqçılıq su obyektlərini sənaye emalı məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi, təmizlənməmiş və zərər-sizləşdirilməmiş çirkab sularının axıdılması, həmin sututarların sahillərində və subasar yerlərində tullantıları toplamaq;

- dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balıqların kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq;

- suyun götürülməsi məqsədi ilə balıqqoruyucu vasitələrlə təchiz olunmayan hidrotexniki və digər qurğuları istismar etmək.

Mühüm balıqçılıq su obyektlərində qiymətli növ balıqların kürütökmə yerlərinə sərbəst və təhlükəsiz miqrasiyasını təmin etmək üçün hər ilin mart ayının 1-dən may ayının 30-dək və sentyabr ayının 1-dən noyabr ayının 30-dək olan müddətlərdə, sel, daşqın, sürüşmə və digər təbii fəlakət halları istisna olmaqla, su sərfi rejiminin dəyişdirilməsinə yol verilmir. Sel, daşqın, sürüşmə və digər təbii fəlakət halları ehtimalı olan dövrlərdə, habelə mövsümlə bağlı su təsərrüfatı obyektlərinin normal fəaliyyətinin təmini zərurəti ilə əlaqədar göstərilən müddətlər istisna olmaqla, mühüm balıqçılıq su obyektlərində Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla sudan istifadə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırılma tədbirləri çərçivəsində həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhdudlaşdırılma tədbirlərini hazırlayır və onların razılaşdırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə təqdim edir.Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciətini aldığı vaxtdan ən geci 5 (beş) iş günü müddətində mühüm balıqçılıq su obyektlərində sudan istifadənin məhdudlaşdırılma tədbirlərinə dair rəylərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidirlər. Bu müddətdə rəy təqdim olunmadıqda, məhdudlaşdırılma tədbirləri razılaşdırılmış hesab edilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.