SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Banklar qazini niyə “qara siyahı”ya salıb – 44 günlük zəfərin 6 aylıq cəzası

Banklar qazini niyə “qara siyahı”ya salıb – 44 günlük zəfərin 6 aylıq cəzası

Tarix:

25-06-2021, 19:19

/ 557 dəfə oxundu.
Banklar qazini niyə “qara siyahı”ya salıb – 44 günlük zəfərin 6 aylıq cəzası

Elşən Fərzi oğlu Umarov Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük İkinci Qarabağ savaşında ön cəbhədə vuruşmuş zabitdir. O, Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasında iştirak edib. Polkovnik-leytenant Umarov hazırda Qubadlıda Vətənə xidmətini davam etdirir.

44 günlük müharibədə döyüşdüyü üçün kredit borcunu gecikdirən Elşən Umarovun AYNA-ya dediyinə görə, bu səbəbdən hazırda problemlərlə qarşılaşır: “2012-ci ildə “Unibank”ın Yasamal filialından 35 min manat kredit götürmüşəm. 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında müharibədə olduğuma görə ödəniş edə bilməmişəm. Amma may ayında bütün ödənişlərimi etmişəm. 44 günlük müharibədə iştirak etməyim, döyüşdə 3 dəfə yaralanmağımla bağlı Mərkəzi Bankın sədrinə ərizəm də var. Xahiş də etmişəm ki, adımı gecikmədən çıxarsınlar. Amma deyirlər ki, 6 ay ödəniş edin, baxarıq”.

“3 ayda 90 gün var, amma bank mənə deyir, 181 gün gecikməniz var. İndi mənə digər banklardan kredit də vermirlər. “Kapital Bank”dan “Birkart”ım var idi. Onu da ləğv elədilər. Halbuki ödənişləri həmişə lazımi qaydada etmişəm. Kartın vaxtı bitdiyi üçün dəyişdirməyə getdiyimdə həmin o gecikmə səbəbinə görə dəyişmədilər. “Kapital Bank” da gecikməyə görə mənə bildirir ki, “6 ay ödəniş etdikdən sonra sizə 500 manatlıq kart verə bilərik”. Mənə 10 minlik kart verən bank indi mənə deyir ki, 6 ay ödəniş etdikdən sonra 500 manatlıq kart verə bilərik. İndi bütün bank sistemində yollarımı kəsiblər. Mənim yeganə istəyim budur ki, adımı gecikməsi olan müştərilər siyahısından çıxarsınlar”, - deyə Umarov söyləyib.

Məsələ ilə bağlı “Unibank”dan AYNA-nın sorğusuna cavab olaraq bildirildi ki, artıq Elşən Umarovun gecikmələrinin Vətən müharibəsi ilə bağlı olduğu mərkəzi sistemdə öz əksini tapıb: ““Unibank” səfərbərliklə bağlı gecikməyə düşmüş vətəndaşların siyahısını digər bütün banklar kimi Azərbaycan Kredit Bürosuna təqdim etməkdə davam edir. Həmin siyahılarda polkovnik-leytenant Elşən Umarovun da adı var. Bildirək ki, Azərbaycan Kredit Bürosunun Mərkəzləşmiş Kredit Reyestrində müştərinin gecikmələrinin Vətən müharibəsi ilə bağlı olduğu qeydi artıq mövcuddur”.

“Yəni müştərinin gecikmə səbəbi artıq mərkəzi sistemdə qeyd olunduğundan, istədiyi banka kredit müraciəti edə bilər. Həmin banklar bu müraciətə öz qaydalarına uyğun olaraq baxa bilər. Onu da qeyd edək ki, “Unibank” qazimizin probleminin həlli ilə bağlı ona mümkün variantları da təqdim etmişdi. Bu variantlar içərisində kreditin ayrılması, gecikmələrin Vətən müharibəsi ilə bağlı olması haqda arayışın təqdim edilməsi də olub”, - deyə sözügedən bankdan məlumat verdilər.

Qeyd edək ki, Elşən Umarovla təkrar əlaqə saxaldıq və bununla bağlı ona bankdan məlumat verib-vermədiklərini dəqiqləşdirməyə çalışdıq. Qazi bildirdi ki, “Unibank”la sonuncu dəfə əlaqə saxladığında ona da gecikmə səbəbinin sistemə Vətən müharibəsində iştiraka görə olduğu barədə məlumat daxil etdiklərini desələr də, 23 iyunda “Kapital Banka” “Birkart”la bağlı növbəti dəfə müraciətində yeni eyni proplemlə qarşılaşıb.

Bunu da dəqiqləşirmək və problemin səbəbini müəyyənləşdirmək üçün “Kapital Bank”a sorğu göndərdik. Lakin bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov dediyinə görə, müştəri məlumatlarının konfidensiallığına baxımından bu barədə ictimaiyyətə məlumat verə bilmirlər: “Müştərinin müraciətini araşdırmaq üçün Mərkəzi Kredit Reyestrinə baxmaq lazımdır. Mərkəzi Kredit Reysterində müştəriyə aid şəxsi məlumatlar var və həmin məlumatlara müştərinin icazəsi olduqdan sonra baxmaq mümkün olur. Müştəri məlumatlarının konfidensiallığına görə biz həmin müştərinin şəxsi məlumatlarını ictimaiyyətə açıqlamaq istəməzdik. Müştəri “Kapital Bank”a müraciət etdikdən sonra Mərkəzi Kredit Reyterinə birgə baxış keçirib onu maraqlandıran suallara cavab verə bilərik”.

Məsələ ilə bağlı Mərkəzi Bankdan isə AYNA-nın sorğusuna cavab olaraq qeyd olundu ki, Elşən Umarovun məsələsi nəzarətdədir: “Qazimizin problemi ilə bağlı məsələ araşdırılır. Özü ilə də əlaqə saxlanılaraq nə kömək lazımdırsa, ediləcək”.

Gözləyək, görək…
//AYNA.AZ//

Şərhlər

XƏBƏR LENTİ