SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Lökbatanda bir küçənin hər il təmir olunması nələrdən xəbər verir

Lökbatanda bir küçənin hər il təmir olunması nələrdən xəbər verir

Tarix:

25-06-2021, 16:07

/ 576 dəfə oxundu.
Lökbatanda bir küçənin hər il təmir olunması nələrdən xəbər verir

Qaradağ rayonunun Lökbatan qəsəbəsində hazırda yolların təmiri işləri aparılır. Redaksiyamıza məlumat verən sakinlərin sözlərinə görə qəsəbənin mərkəzi küçə adlanırılan əsas küçəsində ötən il yüksək səviyyədə çəkilmiş yol indi yenidən asfaltlaşdırılır.Həm də ötənilkindən fərqli olaraq bərbad bir vəziyyətdə. Amma sakinlərin sözlərinə görə qəsəbənin 9 mərtəbə deyilən ərazisindəki küçə və yollar baxımsızlıqdan çox pis bir vəziyyətə gəlib çıxıb. Qəsəbədə abadlaşdırma,təmir tikinti işlərinə birbaşa nəzarət edən Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ötən il yolların təmirinə müəyyən qədər vəsait ayrılıb və qeyd etdiyimiz kimi təmir işləri podratçı tərəfindən yüksək səviyyədə həyata keçirilib. Rayonun Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bu il də yolların təmir edilməsinə dövlət vəsaiti ayırıb.Güman etmək olar ki,bu dəfə vəsait qəsəbənin digər bərbad yollarının təmirinə yönəldiləcək. Lakin,xeyr.
Abadlaşdırma işləri də həmçinin.Aktualinfo.org ötən il qəsəbənin İntiqam Nəbiyev küçəsində,1, 21 və 45 saylı binaların həyətlərində sakinlərin asudə vaxtlarını keçirmələri üçün abadlıq işlərinin aparılmadığı barədə məqalə yaymışdı. Bu il qəsəbədə abadlıq işlərinin aparılmasına yenə külli miqdarda dövlət vəsaiti ayrılıb. Lakin abadlıq işləri sözügedən küçədə deyil, mərkəzi küçədə aparılır. Axı mərkəzi küçələrdə ötən il abadlaşma,təmir işləri aparılmışdı. Yenidən bu küçələrin təmirinə zərurət var idimi? Belə çıxır ki,ötən il təmir işləri keyfiyyətli aparılmadığından yollar yenə bərbad hala düşüb. Amma elə deyil. Ötən il təmir olunan yollarda və abadlaşdırılan məhəllələrdə indi kosmetik işlər aparılır. Nəticədə isə hər il eyni küçə və ərazini abadlaşdırmaq adı altında dövlətin külli miqdarda vəsaiti  təyinatından kənarlaşdırılır. Gəlin indi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən satınalmalar yolu ilə təmir və abadlaşdırma işlərinə ayrılan vəsaitlərə diqqət yetirək.
Birlik keçən il, abadlıq işlərinin yerinə yetirilməsi üzrə 711 025.82 manat məbləğində satınalma müaviləsini 03.06.2020-ci il tarixdə “NOR CONSTRUCTİON”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.
Mənzil fondunun əsaslı təmiri üzrə 157 180.13 manat məbləğində satınalma müaviləsi 03.06.2020-ci il tarixdə “NOR CONSTRUCTİON”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki,bu da ümumi olaraq 868 205 manat təşkil edir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NOR CONSTRUCTİON”  Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.05.2015-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 4, DALAN 1, qanuni təmsilçisi kimi isə Əliyev Əbilfərz Cəfər oğlu qeyd olunub.
Sözügedən bu MMC də 2015-ci ildə yaradılmasına baxmayaraq Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişindən başqa heç bir tenderdə iştirak etməmişdir. MMC-nin hal-hazırda  38 016.92 manat vergi borcu var ki,bu da ayrılmış vəsaitin kənarlaşdırılmasından başqa bir şey deyildir.
Abadlaşdırma işləri üzrə mal materialın alınması üzrə 74 632.78 manat məbləğində satınalma müaviləsi 03.06.2020-ci il tarixdə “TƏMİR-TƏCHİZAT-4 ”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması üzrə 83 099.38 manat məbləğində satınalma müaviləsi 03.06.2020-ci il tarixdə “TƏMİR-TƏCHİZAT-4 ”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Yolların əsaslı təmiri üzrə 893 034.21  manat məbləğində satınalma müaviləsi 03.06.2020-ci il tarixdə “TƏMİR-TƏCHİZAT-4 ”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 1 050 766 manat təşkil edir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 27.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 13, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu  olduğu göstərilir.
Göründüyü kimi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ötən il abadlaşdırma işlərinə ümumi olaraq 1 918 971 manat vəsait ayırıb.Amma tenderin şərtlər toplusunda abadlıq işlərin hansı məhəllərdə,yolların hansı küçələrdə təmir olunacağı göstərilməyib.Bu isə o deməkdir ki,hər il eyni bir yol təmir edilir,eyni bir neçə məhəllə və küçələr abadlışdırılır. Ayrılan vəsaitlərin böyük hissəsi isə bəlli olmayan istiqamətlərə gedir.
Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən bu il isə yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 845 710.91 manat məbləğində satınalma müaviləsini 08.06.2021-ci il tarixdə “EMV GROUP”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.06.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 000 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ YAŞAYIŞ MASSİVİ, ev 54, 11-ci küçəsi, dalan 4, qanuni təmsilçisi kimi isə Məmmədov Xalid Nəriman oğlu qeyd olunub. Müqavilənin bağlandığı günə MMC-nin 2822.04 manat vergi borcu olub.
Dezinseksiya və deratizasiya işlərinin görülməsinin kotirovka sorğusu üsulu ilə satın alınması üzrə 44 100 manat məbləğində satınalma müaviləsi 26.05.2021-ci il tarixdə “SANİTAS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SANİTAS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.09.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ  QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, SEYMUR ORUCOV PR., ev 1,  qanuni təmsilçisi kimi isə Məmmədova Samirə Əjdər qızı  qeyd olunub. Müqavilənin bağlandığı günə MMC-nin 1146.15 manat vergi borcu olub.
Qeyd edək ki,Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Namizəd İsmayılov sözügedən vəzifəyə rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun xeyir-duası ilə iki il olar təyin olunub. Son iki ildə qəsəbədə aparılan abadlıq və təmir-tikinti işlərinin gedişatında da görsəndiyi kimi Namizəd İsmayılov fəaliyyətə heç də pis başlamayıb. Lökbatanın abadlaşdırılması işlərinə ayrılan dövlət vəsaitləini hər il eyni küçə və məhəllələrə xərcləməklə işini bitmiş hesab edir. Elə bilir qəsəbənin bərbad vəziyyətdə olan kənar küçə və məhəllərinin vəziyyətini  heç kim görmür. Amma yeri gələndə Namizəd İsmayılovon özü də bir iş icraçısıdır. Bu işlərin başında elə rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun durduğuna kimin şübhəsi ola bilər ki…
 
Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ