SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İşi müşkülə düşmüş Qarabağ Qazisi ilə bağlı Təhsil nazirinə MÜRACİƏT - "BUNU NECƏ İZAH EDİRSİNİZ?"

İşi müşkülə düşmüş Qarabağ Qazisi ilə bağlı Təhsil nazirinə MÜRACİƏT - "BUNU NECƏ İZAH EDİRSİNİZ?"

Tarix:

23-06-2021, 11:18

/ 428 dəfə oxundu.
İşi müşkülə düşmüş Qarabağ Qazisi ilə bağlı Təhsil nazirinə MÜRACİƏT - "BUNU NECƏ İZAH EDİRSİNİZ?"

Təhsil Naziri Emin Əmrullayevə!

Cənab nazir əgər Təhsil Nazirliyində xaricdə təhsilini yarımçıq qoyub müharibəyə qatılaraq ağır yaralanmış və ölkə Prezidenti İ.Əliyevin sərəncamı ilə“Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edililmiş bir qəhrəman gəncin taleyinə bu qədər biganə münasibət varsa, bunu necə izah edirsiniz? Söhbət Varşavanın Vistula Universitetinin tələbəsi Turqut Arzu oğlu Səmədbəylidən gedir. Xaricdə təhsilini yarımçıq qoyub, vətən uğrunda vuruşmağa qatılmış bir gənci biz başımız üzərində gəzdirməliykən, onun taleyi ilə bağlı ölkənin ən aparıcı hüquq müdafiəçilərinin təhsil naziri Emin Əmrullayevə ünvanlanmış müraciət baxılmırsa, buna nə ad verəsən! Ayılın cənab məmurlar! Ölkəmizdə vətəndaş məmunluğu yaratmaq üçün dövlət ciddi islahatlar aparır sizsə həyatını sizə qurban vermiş bir gəncin taleyinə bu qədər biganə qala bilirsiniz!

İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti



Azərbaycan Respublikasının Təhsil naziri
cənab Emin Əmrullayevə

Hüquqmüdafiə Təşkilatlarının Monitorinq Qrupundan


MÜRACİƏT


Hörmətli Emin müəllim,

Varşavanın Vistula Universitetinin tələbəsi Turqut Arzu oğlu Səmədbəyli tərəfindən bizə daxil olan ərizə əsasında Sizə müraciət edirik. Turqut Səmədbəyli 2012-ci ildə İELTS proqramı üzrə yuxarıda göstərilən Universitetə qəbul olunub. 2016-cı ildə aprel döyüşləri başlayarkən o, təhsilini donduraraq döyüşdə iştirak etmək üçün Azərbaycana qayıdır, lakin döyüşlər tez bitdiyindən Orduya cəlb edilmir.

2017-ci ilin iyulunda T.Səmədbəyli ərizə ilə Binəqədi hərbi komissarlığına müraciət edərək hərbi xidmətə yollanır və 2018-ci ilin oktyabrında xidmətini başa vurub. 2019-cu ildə Varşavaya qayıdaraq Turqut Səmədbəyli təhsilini davam etdirir. Hazırda son kurs tələbəsidir.

2020-ci il sentyabrın 27-də Qarabağ uğrunda Vətən Müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə yollanır və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək ağır yaralanır. Döyüşlərdə fəal iştirakına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Hörmətli Emin müəllim,

Turqut Səmədbəylinin Vətən Müharibəsi zamanı göstərdiyi şücaəti, döyüşlər zamanı aldığı ağır bədən xəsarətlərini və onların fəsadlarını (xəstəlik epikrizi əlavə edilir), ailəsi tərəfindən daimi diqqətə ehtiyacı olduğunu nəzərə alaraq onun Varşavanın Vistula Universitetinin sonuncu kursundan Bakı Dövlət Universitetinin müvafiq fakültəsinə köçürülməsinə yardımçı olmanızı Sizdən xahiş edirik.

Hörmətlə,

Novella Cəfərova - D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri

Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri

Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin rəhbəri

Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri

Əvəz Həsənov - Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru

Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri


Qoşma:
1.Tədris-cərraliyyə klinikası tərəfindən verilən xəstəlik epikrizi;
2. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının arayışları;
3.Binəqədi hərbi Komissarlığı tərəfindən verilən arayış;
4. Varşava Vistula Universitetinin qiymət cədvəlləri
//moderator.az//

Şərhlər

XƏBƏR LENTİ