XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Kənd təsərrüfatı məhsulu istehsalçılarının xərci artacaq" - Görünəni budur...

"Kənd təsərrüfatı məhsulu istehsalçılarının xərci artacaq" - Görünəni budur...

"Kənd təsərrüfatı məhsulu istehsalçılarının xərci artacaq" - Görünəni budur...
27-03-2021, 13:04

Nazirlər Kabineti "Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları" və "Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, ailə kəndli təsərrüfatının başçısı ilə yanaşı, üzvlərinin də şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir. Prosedurun nəticəsi olaraq da təsərrüfat üzvlərinə elektron vəsiqə veriləcək.

Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvü Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, yeni qaydaların tətbiqi ailə kəndli təsərrüfatı üzvlərinin stajlarının hesablanmasına və xüsusi formaların təqdim olunmasına imkan verəcək: “Stajların hesablanması bir tərəfdən onların əmək fəaliyyətinin rəsmiləşdirilməsi baxımından çox vacibdir Eyni zamanda bu, təsərrüfat üzvlərinin pensiyaya çıxan zaman onların stajına uyğun olaraq pensiya məbləğlərinin müəyyənləşdirilməsi və onların xüsusilə əmək pensiyası almaq və bir sıra hallarda yüksək əmək pensiyası almaq imkanlarının yaradılması deməkdir. Nəzərə alaq ki, qanunvericiliyə əsasən, 25 il əmək stajı olan vətəndaşlarımız əmək pensiyası almaq hüququna malikdir”.

Deputatın sözlərinə görə, eləcə də uçotların aparılması həmin məlumatların elektronlaşması və elektron şəbəkəyə inteqrasiyasına imkan yaradacaq: “Bu da ailə kəndli təsərrüfatının üzvlərinin dövlət dəstəyindən daha geniş istifadə etməsinə şərait yaradacaq. Subsidiyalar daxil olmaqla bir sıra dövlət dəstəyinin təkmilləşdirilməsi, elektronlaşdırılması məhz bu kontektsdən fermerlərin, eləcə də ailə təsərrüfat üzvlərinin bu imkanlardan daha geniş istifadəsinə imkan yaradacaq. Bu da təbii ki, ailə təsərrüfat subyektlərinin fəaliyyətinin genişləndirilməsi və onların daha çox vəsait cəlb etməklə daha çox məhsul istehsal və gəlir əldə etməsinə imkan yaradacaq”.

“Uçot sisteminin təkmilləşdirilməsi sayəsində ailə kəndli təsərrüfatı üzvləri gəlirlərinə uyğun vergi də verəcəklər. Nəticədə də dövlət büdcəsinə daxil olan vergi və sosial ödənişlər artacaq”, - deyə Bayramov vurğulayıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AYNA-ya şərhində edərkən kənd təsərrüfatının çox mürəkkəb bir sahə olduğunu bildirib: “Hökumətin belə bir qərar qəbul etməsinin arxasında hansı məqsədin olduğunu bilmək üçün həmin sənədlə ciddi tanış olmaq gərəkdir. Hazırda kənd təsərrüfatı istehsalçıları vergi ödəyicisi deyillər. Yəqin ki, bu sənəd qəbul edildikdən sonra onlar vergi ödəməyə məcbur ediləcəklər”.

“Burada həm də söhbət Dövlət Sosial Müdafiə Fonduna ödəniləcək məbləğlərdən gedir. Bu da o deməkdir ki, bizim kənd təsərrüfatı məhsulu istehsalçılarının xərci artacaq. Burda yalnız vergi ödəməkdən söhbət getmir. Onlar həm də bizneslərini qeydiyyata almalıdırlar. Və qeydiyyata aldıqdan sonra onlar uçotlarını aparmalıdırlar. Bununla da mütləq şəkildə xərclərini göstərməlidirlər. Bu da işi bir qədər mürəkkəbləşdirəcək. Çünki bütün bunlar üçün həmin sahədə çalışanların kifayət qədər bilgisi yoxdur. Hər birinin mühasib xidmətinə ehtiyacı olacaq. Düzdür, bir neçə ailə kəndli təsərrüfatı birləşib bir mühasib xidmətindən yararlana bilər. Ancaq yenə də onların xərci az olmayacaq. Bu səbəblərdən müəyyən problemlər yaranacaq”, - deyə ekspert qeyd edib.

Məhərrəmli hesab edir ki, bu dəyişikliyə çox az sayda ailə kəndli təsərrüfatları müsbət yanaşacaq: “Onların uçotun aparılmasında, qeydiyyatın alınmasında ciddi problemləri var. Və gələcəkdə onlara ödəniləcək vəsaitin məbləği sual altındadır. Gördüyümüz kimi, hər il ayrılan pensiya məbləğləri müəyyən qədər inflyasiya uğrayır və həmin vəsaitin alıcılıq qabiliyyəti azalır. İndiki halda onlar çalışacaqlar ki, özlərinin müəyyən etdiyi qədər vəsaiti, vergi ödəməmək və əldə müəyyən qədər vəsait toplamaqla sonda, yaşları pensiyaya çatan mərhələdə həmin vəsaitdən istifadə etsinlər”.

Müsahibimizin fikrincə, bu dəyişikliyi həyata keçirmək Azərbaycanda pensiya səviyyəsinin yüksək olduğu zaman mümkün ola bilər: “Digər ölkələrdə olduğu kimi əmək pensiyasının məbləği yüksək olduğu zaman bu dəyişikliyi həyata keçirmək olar. Bu gün onlara hər halda minimum pensiya həddi müəyyən ediləcək. Çünki onlarda istehsal aşağı səviyyədədir, gəlirləri azdır. Bu da dolanışıq üçün kifayət deyil”.

“Əgər pensiya məbləğləri indiki halda iki dəfə artırılarsa, onlar üçün stimul yaranacaq. Bu zaman onlar bizneslərini qeydiyyata almağa çalışacaqlar. Vergilərini vaxtı-vaxtında ödəyəcəklər ki, zamanı gəldikdə də yüksək məbləğdə pensiya ala bilsinlər. Ancaq indiki pensiyanın səviyyəsi onları bir o qədər də bu sahəyə cəlb etmir, maraqlandırmır və stimul vermir. Və düşünmürəm ki, onlar özlərinə əlavə problem yaratmaq istəsinlər”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.