SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əbülfəs Qarayev 1 ildir yoxdur... problemlərsə QALIR! - NƏ ETMƏLİ?

Əbülfəs Qarayev 1 ildir yoxdur... problemlərsə QALIR! - NƏ ETMƏLİ?

Tarix:

27-03-2021, 13:01

/ 366 dəfə oxundu.
Əbülfəs Qarayev 1 ildir yoxdur... problemlərsə QALIR! - NƏ ETMƏLİ?

Dünyanın təəccübləndirməkdə davam edirik: Orjinal iş üslubumuzla, qəribə yanaşmalarımızla. Ümumiyyətlə bizim prinsiplərimizin anoloqu yoxdur. Elə bütün sahələrdə. Hansını deyim ki!

Bir zamanlar ölkəmizi gah idman, gah da ki, turizm ölkəsi kimi dünyaya tanıtmaq istədik. Bu istiqamətdə özümüzə məxsus addımlar attıq. Məsələn, sıradan bir idman tədbirinə 1, 5 milyard dollar pul “xərclədik”, əcnəbiləri, idmançıları külli miqdarda pul gücünə gətirib “milliləşdirdik” və ilaxır və sair…

Amma idman ölkəsi ola bilmədik. Arada qazanan məmurlar, itirən isə sadə xalq və dövlət büdcəsi oldu. Bununla paralel istədik ki, həm də turism ölkəsi olaq. Bu məqsədlə təkcə bir video-çarx hazırlanması və nümayişi üçün Əbülfəz Qarayevin idarəsi 350 milyon manat pul “xərclədi”. Bundan əlavə, tarixi abidələrimizi söküb yerində 5 ulduzlu otel tikdik, meşələri qırıb mehmanxanalar inşa etdik, Xəzərin sinəsinə dağ çəkdik. Amma yenə də turizm ölkəsi ola bilmədik. Ona görə yox ki, bizim güclü idmançılarımız və yaxud turizm potensialımız yoxdur. Təbii ki, var. Özü də başqa xalqlarda olduğundan 5 dəfə çox.

Amma bizdə digər xalqlarda olan tək bir şey yoxdur. Vətəndaş yanğısı. Bu yanğı olmadısa, qalanlarını apar qaytar. Çünki bütün cəhdlər gəlib korporativ maraqlara bağlanacaq. Bizdə də belə oldu. Milyardlarla manat vəsait xərcləndi. Amma heç nə qazana bilmədik. Vaxt vardı ki, Fazil Məmmədov 4, Kəmaləddin Heydərov və Rövnəq Abdullayev isə hərəsi 2-3 idman federasiyasının prezidenti idi. Amma hər hansı bir uğura imza ata bilmədilər. Ara yerdə milyardlar dağıdılıb getdi. Və bir də arxasız və imkansız idmançılarımız əyalətlərdə itib-batdı. İndi heç kim nə Fazil Məmmədovdan, nə Kəmaləddin Heydərovdan, nə də ki, Rövnəq Abdullayevdən dağıdılan milyardların hesabını soruşmur. Çünki onlardan hesab soruşacaq qurumlar da o çirkin proseslərdə bu və ya digər şəkildə iştirakçı olub. Hələ milyard manatlarla büdcə vəsaiti hesabına tikilən idman obyektlərini demirəm.

Son 15 ildə demək olar ki, hər bir rayon mərkəzində olimpiya idman kompleksi inşa edilib. Lakin istifadəyə verilən komplekslərin ilk gündən qapıları bağlı qalıb. Çünki olimpiya idman kompleksləri rayon mərkəzlərindən xeyli aralıda inşa edilib. Rayon yerlərində ictimai nəqliyyat yaxşı inkişaf etmədiyi üçün həmin komplekslərə gediş-gəliş çox çətindir. Yalnız şəxsi avtomobili olan şəxslər uşaqlarını həmin komplekslərə apara bilir. Uzağa getməyək. Abşeron olimpiya idman kompleksini göz önünə gətirək.

Xırdalan şəhərindən ən azı 10 kilometr məsafədədir. Ona görə də qapıları hər zaman bağlı qalır. Bir dəfə Balakəndəki Olimpiya idman kompleksinin direktoru ilə söhbət edirdim. Dedi ki, “bizim ərazidən Balakənin mərkəzinə 7-8 kilometrlik məsafə var. Bu tərəflərə isə avtomarşrut yoxdur. Ancaq şəxsi maşını olanlar bura gəlir. Taksi isə 5 manata gəlir. Həftədə 2 dəfə məşqə gələn uşağın valideyni gərək 10 manatından keçə. Bu imkansa rayon yerində hər adamda yoxdur. Ona görə də heç imkanlarımızdan 10 faiz istifadə edə bilmirik”.

Bax, bizim hər işimiz belədir. Bir bayatıda da deyildiyi kimi: “Tikmədim ki, özüm qalam. Tikdim ki, izim qala”. Nə tikiriksə, iqtisadi əsaslandırma aparmadan tikirik. Çünki bizi tikdiyimiz obyektin iqtisadi-ictimai faydası yox, şəxsi qazancımız düşündürür.

Hələ bu harasıdır ki, turizm sektorunda vəziyyət daha acınacaqlıdır. Son 15 ildə Əbülfəz Qarayevdən turizmi sektorunun inkişafı adı ilə mənimsədiyi milyardları göyə sovurdu. Yedi, dağıtdı və indi də gedib oturub yüz milyonluq villasında. O villasında ki, fransızlar onu heyrətlə dünyanın ən gözəl muzeyi adlandırırlar.

Bax, bizim bütün yanaşmalarımız bu cürdür. Evimizi dövlət, uşaqlarımızı xalq bilirik. Əbülfəz Qarayev də bu xalqın övladıdır. Ona görə o başqa cür düşünə bilməz. Nə olsun ki, bir-iki xarici dil bilir və dünyanın ayaq basmadığı guşəsi qalmayıb. Gəzməklə, görməklə təfəkkür formalaşmır. Təfəkkür genetik şeydir. O qanla keçir. Bizdə isə tarixən ictimai mülkiyyətə düşmən münasibəti olub. Və bu gün də davam edir. Ona görə də Əbülfəz Qarayev də digər məmurlarımız da başqa cür ola bilməz. Onlar da tipik azərbaycanlıdır. Və məmurlarımızın da baxış bucağı heç də bizimkilərdən fərqlənmir. Ona görə də son 15 ildə Azərbaycanın turizm və idman sektoru nəinki irəli getdi, əksinə məhv oldu. Bir ildir ki, Əbülfəz Qarayev yoxdur, mədəniyyətimizdə hansi pozitiv dəyişiklik olub? Qətiyyətlə deyə bilərəm ki, heç nə. Və heç nə də dəyişməyəcək. Uzaq başı nədəsə kosmetik dəyişiklik olacaq. Amma mahiyyətcə, heç nə dəyişməyəcək. Çünki bura Azərbaycandır.

KONKRET.az

Şərhlər

XƏBƏR LENTİ