XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Aviabiletlərin qiyməti niyə artıb? - PROBLEM

Aviabiletlərin qiyməti niyə artıb? - PROBLEM

Aviabiletlərin qiyməti niyə artıb? - PROBLEM
18-03-2021, 09:31

Son vaxtlar vətəndaşlar aviabiletlərin qiymətindəki artımdan gileylənirlər. Məsələn, azərbaycanlılar üçün ən populyar istiqamət olan İstanbula 350 manatlıq biletlərin 800 manata qaldırıldığı bildirilir və bu qədər yüksək qiymət artımının nə ilə bağlı olduğu sualı qoyulur. Xüsusən pandemiya dönəmində əhalinin gəlirlərinin azaldığı bir dövrdə bu artım anlaşılmazdır.

Bəs, aviabiletlərin qiymətindəki ciddi artımın səbəbləri nələrdir?

Sorğumuza cavab olaraq “Azərbaycan Hava Yoları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski İstanbul üçün nəzərdə tutulan aviabiletlərin qiymətində artıq vəziyyətin dəyişdiyini söylədi: “Aviaşirkətlərdə vahid qiymət olmur. Təyyarə oturacaqları dolduqca, qiymətlər yüksəlir”. (Vəziyyətin necə, hansı şəkildə dəyişdiyinə dair izah verilmədi.)

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Samir Dübəndi “Press Klub”a vəziyyəti şərh edərkən uzun müddətdir aviauçuşların dayandığını xatırlatdı:

“Altı, yeddi ay sərhədlər bağlı olarkən avianəqliyyat da öz fəaliyyətini dayandırmışdı. Təbii ki, burada böyük itkilərdən söz açmaq olar. Keçən il Ümumdünya Turizm Təşkilatının açıqladığı rəqəmlərə istinadən qeyd edim ki, turizm sənayesinin dünya üzrə 1,2 trilyon dollar itki ilə, eyni zamanda turizm sahəsində çalışan 120 milyon insanın iş yerlərini itirmək təhlükəsi ilə üzləşməsi ehtimal edilirdi. Bu, keçən ilə aid olan rəqəmlərdir. Ondan sonra hələ ki yeni rəqəmlər açıqlanmayıb. Pandemiyadan zərər çəkmiş iqtisadi sektorlar sırasında turizm və o cümlədən də avinəqliyyat xidmətləri xüsusi yer tutur. Avianəqliyyat bir çox turizm mübadiləsi proseslərində istifadə olunur. Bu, daha rahat və zamana qənaət deməkdir. Pandemiya dövründə reyslər tamamilə dayanmışdı, daha sonra isə ara-sıra az sayda ölkələr qarşılıqlı anlaşma əsasında bəzi reysləri keçmiş qaydada deyil, hazırkı vəziyyətə uyğun olaraq, az sayda sərnişin daşımaqla bərpa edə biliblər”.

S.Dübəndi qiymət artımlarının bir neçə amil səbəbdən yarandığını vurğuladı:

“Hər bir nəqliyyatda olduğu kimi, avianəqliyyatlarda da pandemiya ilə əlaqədar bir sıra məhdudiyyətlər və insanların səhhətini qorumaq məqsədilə bir sıra qaydalar tətbiq olunur. Misal üçün, aviaşirkətlər təyyarələrə tam qüvvəsi ilə sərnişin götürə bilmirlər. Onlar biletlərin tam satışını həyata keçirə bilmirlər. Çünki oturacaqlar arasında məsafələr saxlanılmalıdır. Bu da təxminən 50-60 faiz təşkil edir. Buraya yanacaq və digər cari xərclər də daxildir. Çünki həmin xərclər azalmır. Xərclərdə cüzi azalmalar edilir. Məsələn, salonda yeməklər az verilir. Bu isə qiymətə çox az təsir edən amildir. Əsas amil təyyarənin tam qüvvəsi ilə sərnişin götürə bilməməsidir. Bu da qiymətlərə kifayət qədər təsir göstərir”.

Ekspertin sözlərinə görə, avianəqliyyatdan istifadə edən insanların sayı da azalıb:

“Çünki ölkələr arasında turizm mübadiləsi çox azdır. Daha çox işgüzar səfərlər üstünlük təşkil edir. Ümumiyyətlə, reyslərə müraciət edənlərin sayı elə də çox deyil. Koronavirusa görə test olunmalıdır, testin son 48 saat ərzində baş tutmasına dair arayış təqdim olunmalıdır. Pandemiya ilə bağlı aeroportların fəaliyyətində də dəyişikliklər var. Bunlar hamısı qiymətlərə öz təsirini göstərir”.

Bilet qiymətlərinin nə zaman enəcəyinə gəlincə, S. Dübəndi turizm mübadiləsi tam bərpa olunanda qiymətlərin də normallaşacağını bildirdi:

“Bütün turizm icması, turizmə bağlı olan dövlət qurumları, özəl şirkətlər, ictimai qurumlar, biznes nümayəndələri – hamımız turizmin tezliklə bərpa olunmasına çalışmalıyıq. Son 20-25 il ərzində bir çox sahələrdə olduğu kimi, turizm sektorunda da krizlər yaşanıb. Amma tezliklə də bərpa olunub. Bununla da turizm sübut edib ki, bir qədər dayanıqlı, davamlı iqtisadi fəaliyyət hesab oluna bilər. Bu krizislərdən sonra daha böyük böhran – pandemiya yaşandı. Bu gün isə artıq bəzi yumşalmaların olduğunu görürük. Məhdud sayda bəzi ölkələrə reyslər bərpa edilib, çox az sayda olsa da, turist mübadiləsi başlayıb. Turizmin tezliklə bərpası üçün həm daxili, həm də xarici turizmə diqqət yetirib, bir sıra tədbirlər görülməlidir ki, turizm öz davamlı inkişafına başlasın. Dövlət siyasətində turizm prioritet iqtisadi sahələr sırasına daxil olunub. Bir sözlə, aviaşirkətlərin işi tam bərpa edilməyənə qədər qiymətlərdə artım hələ müşahidə olunacaq, ölkələr arasında uçuşlar öncəki illərdən daha baha başa gələcək”.

Turizm üzrə ekspert Pənah Əlisoy isə artıma bir neçə amilin səbəb olduğunu bildirdi:

“Birincisi, bilet qiymətlərinin artımı müşahidə olunan ölkələrədə buna səbəb dolların bahalaşması ola bilər. İkincisi, dünyada baş verən pandemiya da buna öz təsirini göstərib. Bir il ərzində demək olar ki, bütün aviaşirkətlər uçuşlarını dayandırıb. Bu da həmin şirkətlər üçün xeyli maddi itki deməkdir”.

Əlisoy qeyd etdi ki, Azərbaycanda aviabiletlər dünya bazarına nisbətdə çox bahadır:

“Bu da həmin qurumun qiymət siyasətidir. Şirkət öz qiymətini qoyur və heç kim ona təsir edə bilmir. Dövlət qurumları belə məsələlərə həssas yanaşmalıdır. Pandemiya ən böyük zərbəni turizm sektoruna vurub. Dövlət qurumları həqiqətən də turizmin qısa zamanda yenidən dirçəlməsini və ölkə büdcəsinə xeyir gətirməsini istəyirlərsə, biletlərin qiymətlərini əlçatan etməlidirlər. Ölkəyə turistləri yalnız bu halda cəlb etmək mümkün olar. Qonşu ölkələrin turizm stategiyasını araşdırmaq, rəqabətə girmək, lazım gələrsə, bir müddətlik qiymət dempinqinə gedib, digər resurslarımızla dəstək olaraq, turizmi yenidən dirçəltməliyik”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.