XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Qiymət artımları pensiya artımlarını çoxdan "yeyib"... - deputatlar narahatdır, hökumətdən isə səs çıxmır

Qiymət artımları pensiya artımlarını çoxdan "yeyib"... - deputatlar narahatdır, hökumətdən isə səs çıxmır

Qiymət artımları pensiya artımlarını çoxdan "yeyib"... - deputatlar narahatdır, hökumətdən isə səs çıxmır
18-03-2021, 09:29

"Bazarlarda, marketlərdə qiymətlər od tutub, yanır. Hər şey bahalaşıb. Əgər ötən il bayram bazarlığına təxminən 150 manat lazım olurdusa, indi 200 manat kifayət eləmir. Bircə ətin qiymətində 1-2 manat azalma var. Yağ, süd, yumurta, qarabaşaq, mərci, düyü, şəkər tozu, qənd, makaron, vermişel, konfet, içkilər və digər mallar azı 25-30 faiz bahalaşıb. Mənim kimi təqaüdlə dolanan insanlar nə etsinlər?..”


Bu sözləri “Press Klub”un əməkdaşı ilə söhbətində Bakı şəhərinin Səbail rayon sakini Mehralı İsgəndərov deyir. O bildirir ki, kənd təsərrüfatı məhsullarının qiyməti də yüksəlib: “Xiyar 3-4 manatdır, pomidor əvvəlcə ucuzlaşmışdı, amma indi yenidən 2,5 – 3 manata qalxıb. Kartof, soğan, 70 qəpik-1 manatdır. Qalan məhsullar da eləcə. Bircə göyərtinin qiyməti dəyişməyib”.

Meyvələrə gəlincə, Bakı sakini deyir ki, sonucu dəfə nə zaman meyvə alıb, yediyini unudub: “Almanın ən ucuzu 2 manatdır, armud isə 3 manatdan aşağı deyil. Arada portağalın qiymətində endirimlər olur, amma onlar da yeyiləsi deyil, keyfiyyətsizdir. Mandarin, limon da yaman bahalaşıb. Bir sözlə, kasıbların gəliri ancaq yarıac-yarıtox həyat sürməyə yetir…”

Doğrudan da bahalaşma göz önündədir və bunu hər kəs hiss edir. Bu məsələ Milli Məclisdə hökumətin hesabatı zamanı da əsas müzakirə mövzularından biri olub. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ərzaq və qeyri-ərzaq bazarında qiymət artımı müşahidə olunur:

“Qiymətlər durmadan artır. Görülən çox mühüm işlərə baxmayaq, bunun qarşısı alınmır. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq”.

Deputat Əli Məsimli də Novruz bayramı öncəsi müşahidə olunan bahalaşmadan narahatlığını ifadə edib. O xatırladıb ki, yanvarın 5-də benzinin qiyməti cəmi 10 qəpik artdı, amma monopolistlər və onların ətrafındakılar bundan istifadə edərək demək olar ki, bütün mal və məhsulların, xususən də geniş xalq istehlakı mallarının qiymətini xeyli qaldırdılar. “Bu cür kəskin qiymət artımı əhalinin ciddi narazılığı ilə qarşılandığından, ondan sonra az qala hər gün qiymətlərdə 10-15 qəpiklik artımlar olur. Monopolistlər artımı hiss etdirmədən, tədricən, amma demək olar ki, hər gün həyata keçirirlər. Bu, kiçik rəqəm kimi görünsə də, əsas mal və məhsullar üzrə üst-üstə yığılır və ailə büdcəsinə ciddi təsir göstərir. Mən istərdim ki, Azərbaycan xalqının bütün təbəqələrinin Novruz bayramında süfrə açmaq imkanı olsun. Dünyada bayramlar zamanı qiymətlər kəskin şəkildə aşağı düşür. Ancaq bu zaman mal satanlar uduzmurlar, əksinə, dövriyyədən udurlar, dövriyyəni dəfələrlə artırmaqla daha çox qazanırlar”, – deyə Ə.Məsimli vurğulayıb.

Qeyd edək ki, ilin əvvəlindən ölkədə yanacağın və suyun qiyməti kəskin artıb. Tarif Şurası dizeli 60 qəpikdən 80 qəpiyə, Aİ-92 otkanlı benzini isə 90 qəpikdən 1 manata qaldırıb. Əhaliyə verilən su 100 faiz bahalaşdırılıb. Abonetlər istehlak etdikləri suyun hər kubmetrinə görə 1 manat ödməlidirlər. Əsas istehlak mallarından olan siqaret və spirtli içkilərin qiymətində də növbəti 10 faizlik artım baş verib.

Prezidentin sərəncamı ilə fevral ayının 1-dən etibaran əmək pensiyaları indeksasiya edilərək təxminən 11 faiz artırılıb. Bu da orta aylıq pensiyada təxminən 25-35 manat aralığında artım deməkdir. Amma pul vətəndaşın cibinə girmədən bazarlarda əlavə qiymət artımlarına sərf olunur.

Dövlət Statistika Komitəsi də qiymət artımı barədə məlumatı təsdiqləyir. Amma onların məlumatına görə, istehlak qiymətləri indeksi 3,7% artıb. Yəni ümumi olaraq qiymətlər guya bu həcmdə, ərzaq məhsulları isə bir qədər çox – 5,2% faiz bahalaşıb.

İqtisadçı Toğrul Maşallı bildirir ki, Statistika Komitəsinin açıqladığı rəqəmlər inandırıcı deyil:

“Əlbəttə, insanlar bu rəqəmlərə inana bilməzdilər. Sonuncu dəfə nəyinsə qiymətinin 5% qalxdığını yada salmaq çətindir. Təsəvvür edin ki, yumurta 15 qəpik yox, 15,75 qəpiyə satılır, ya da çörək 50 qəpik yerinə 52,5 qəpiyə və s. Əlbəttə ki, bu, orta göstəricidir, hansısa ərzağın qiyməti 50% artıb, digəri isə heç artmayıb. Amma orta göstəriciyə ən azı hesablama üsulu təsir edir”.

İqtisadçının sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən hər ay müəyyən olunan qiymət indeksinə bir çox məhsul və xidmətlər daxildir. Yəni bu məhsul və xidmətlərin qiyməti hər ay toplu olaraq hesablanır və müvafiq fərq də artım kimi göstərilir:

“Misal üçün, bu siyahıya “masaj xidməti” də daxildir. Bildiyiniz kimi, 2020-ci ildə Azərbaycanda karantin səbəbindən masaj xidməti və idman zalları demək olar ki, 9 ay fəaliyyət göstərməyiblər. Müvafiq olaraq bu xidmətlərdən istifadə edən də olmayıb. Buna baxmayaraq, Dövlət Statistika Komitəsinin hər ay dərc etdiyi qiymətlər toplusunda bu xidmət də yer alıb. Hətta göstərilib ki, oktyabr ayına kimi bu xidmətin dəyəri sabit idi, amma oktyabrda birdən-birə artdı. Eyni məsələ 2021-ci ilə də aiddir. Yanvar və fevralda xidmətin qiyməti bir qədər artıb. Xidmət göstərilmədiyi halda, qiymət necə arta bilər? Bəlkə Statistika Komitəsi artıq qeyri-formal iqtisadiyyatı da uçota alır?..”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.