SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kasıbların mənim binamda nə işi var?! - "Rifah Plaza" şirkətinin rəhbəri

Kasıbların mənim binamda nə işi var?! - "Rifah Plaza" şirkətinin rəhbəri

Tarix:

5-05-2017, 09:27

/ 145 474 dəfə oxundu.
Kasıbların mənim binamda nə işi var?! - "Rifah Plaza" şirkətinin rəhbəri

"Mənim evim söküləndən sonra axşam "Rifah Plaza" tikinti şirkətinin rəhbəri və "Uniklinika"nın rəhbəri içkili vəziyyətdə dayanıb bizə baxıb gülürdülər"
Bakının Süleyman Rüstəm, 193 ünvanında sakinlərlə "Rifah Plaza" şirkəti arasında mübahisələr davam edir. Belə ki, şirkət sakinlərə kompensasiya vermədən evlərindən çıxmağı tələb edir. Sakinlər isə evlərindən çıxmamaqda israrlıdır. Hazırda ərazidə 4 ailə şirkətlə mübarizə aparır. Sakinlərin sözlərinə görə, şirkət rəhbəri əraziyə gələrkən deyib ki, "binanın bünövrəsi qazılar, o zaman kompensasiya haqqında düşünərəm. Kasıbların mənim binamda nə işi var?! Mənim binamda kasıblar olmayacaq".
Sakinlər isə şirkət rəhbərinin bu təklifi ilə razı deyillər. Sözügedən ərazinin sakini Sədaqət Hüseynova bildirib ki, onun evi hələ qüvvəyə minməmiş məhkəmə qərarı ilə sökülüb: "Bizə dedilər məhkəmə qərarı var, söküntü davam edəcək. Məhkəməyə gedib maraqlandıq, qərardadda deyilir ki, qərar bir aydan sonra qüvvəyə minəcək. Bizim Apellyasiya şikayəti ilə müraciət etmək üçün bir ay vaxtımız var. Amma onlar qərardadı alan kimi qanunsuz olaraq söküntü işlərinə başladılar. Mənim evim söküləndən sonra axşam "Rifah Plaza" tikinti şirkətinin rəhbəri Şamil Xubyarov və "Uniklinika"nın rəhbəri Əli Həsənov içkili vəziyyətdə dayanıb bizə baxıb gülürdülər". Sakinlər bildirir ki, onlar məhkəməyə və Nazirlər Kabinetinə şikayət etdikdən sonra şirkət səlahiyyətliləri və söküntüdə iştirak edənlər məhkəməyə çağırılıb. Xatırladaq ki, "Rifah Plaza" Tikinti şirkəti və Süleyman Rüstəm 193-ünvanında yaşayan sakinlər arasında mübahisələr ötən ilin dekabr ayında başlanıb. Qeyd olunan ünvanda əvvəl 16 ailə yaşasa da, sakinlərin sözlərinə görə, bəziləri hədə-qorxu ilə evlərindən uzaqlaşdırılıb. Mübarizəni davam etdirən 6 ailədən biri ötən gün evindən zorla çıxarılıb və onun evi sökülüb. Biri isə bu gün şirkətlə razılaşaraq müqaviləni imzalayıb və evindən çıxıb. Hazırda ərazidə 4 ailə yaşayır. Onların bütün kommunal xətləri kəsilib. Şirkət sakinlərə kompensasiya vəd etmir, bir neçə ayın kirayə haqqını verərək evlərindən çıxarır.

sputnik

Şərhlər

XƏBƏR LENTİ